Məhkəmə qərarları › İş №e-2(010)-2525/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2525/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2525/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı V.İ.P Leasing MMC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı V.İ.P Leasing MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı V.İ.P Leasing MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair tərəflərin münasibətini dinləyib, mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin sənədlərindən müəyyən olunur ki, iddia tələbləri hüquqi şəxs olan Vip Leasing MMC ilə fərdi sahibkar olan Cavabdeh1 arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə öhdəliklərin icrasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 24.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2.-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 44.2.-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; İstinad olunan prossesual hüquq normalarının tələblərindən aydın olur ki, qanunverici mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasını, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyinin aşkar olunduğu halda isə işin aidiyyəti məhkəməyə göndərilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin tələblərinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ İddiaçı V.İ.P Leasing MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair e-2(010)-2525/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan,qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar