Məhkəmə qərarları › İş №e-2(010)-26/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-26/2024

14.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-26/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə İddiaçı AR Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi

1. İddiaçı AR Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Suraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.4- cü km-də, 39 T 0415490;4471997 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və yardımçı tikilinin (sanitar qovşağı) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi xahiş etmişdir.

İddia tələbinin dəlliləri

2. SOCAR-ın İddiaçı istismarında olan Suraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.4-cü km-də, 39 T 0415490;4471997 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və yardımçı tikili (sanitar qovşağı) faktları aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında dindirilən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda yerli baxış zamanı aparılan ölçmə işlərinə etirazının olmadığını bildirdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını və yardımçı tikilinin sökülməsinə etirazının olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, həmin yardımçı tikili köhnədir və onlar həmin fərdi yaşayış evini alan zaman tikili də orada olmuşdur. Tikiliyə dair hər hansı rəsmi sənədi yoxdur.

İş materialları

5. xx.xx.2022-ci il tarixli “Akt”dan görünür ki, xx.xx.2022-ci il tarixdə 3 saylı qarovulun 1-ci iş növbəsində saat 17.40-da 1-2 saylı postların ərazisində (Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi) Suraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.4-cü km-də, 39 T 0415490;4471997 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 40 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində köhnədən inşa edilmiş natamam sanitar qovşağının üzərində yeni hörgü işlərinin aparılması və dam örtüyünün vurularaq tamamlanması aşkar edildi. Faktla bağlı sözügedən ünvana ərazi üzrə icra nümayəndəsi dəvət olunaraq mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu ev sahibinə izah edilmiş və dam örtüyü onun özü tərəfindən sökülmüşdür. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmaması üçün həmin şəxsə yazılı xəbərdarlıq təqdim edilmişdir.

6. xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq”dan görünür ki, Cavabdeh bildirilmişdir ki, (Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi) Suraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.4-cü km-də magistral neft kəmərinin mühafizə zonasıdır. Qanunvericiliyə görə dövlət əhəmiyyətli belə torpaqları qanunsuz zəbt edərək üzərində tikinti işləri aparmaq və ya digər analoji fəaliyyətləri həyata keçirmək qanunvericiliyə ziddir.

7. xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə mübahisə obyekti olan əraziyə yerli baxış keçirilən zaman (X1) ölçmə işləri aparılarkən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikilinin (sanitar qovşağının) çöl hasarından neft kəmərinə qədər məsafə 37.50 metr, yardımçı tikilinin eni 4.25 metr olmaqla, yardımçı tikilidən (sanitar qovşağından) neft kəmərinə qədər məsafə 41.75 metrdir. Fərdi yaşayış evinin hasarından neft kəmərinə qədər məsafə 51 metr təşkil edir.

İşin faktiki halları.

8. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf İddiaçı istismarında olan Suraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.4-cü km-də, 39 T 0415490;4471997 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılmasını iddia edir və bu səbəbdən onun mühafizə zonasına düşən tikililərin cavabdehin hesabına sökülməsini tələb edir. İddiaçının tələbinin hüquqi əsasını neft kəmərlərinin mühafizə zonasını müəyyən edən sahəvi qanunvericilik aktları təşkil edir. Əraziyə yerli baxış təşkil edilmiş və mübahisəli tikililərlə kəmərin arasındakı məsafənin ölçülməsi həyata keçirilərkən müəyyən edilmişdir ki, fərdi yaşayış evinin hasarından neft kəmərinə qədər məsafə 51 metrdir, yardımçı tikilidən (sanitar qovşağından) neft kəmərinə qədər məsafə 41.75 metrdir. Cavabdeh iddia tələbini qəbul etmir. Cavabdehin etirazının əsasını o təşkil edir ki, yardımçı tikili köhnə tikilidir, o sadəcə həmin tikilidə yaxşılaşdırma işləri aparmışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

10. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

13. AR Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45 №-li əmri ilə təsdiq edilmiş, AR Ədliyyə Nazirliyində isə 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” Həmin Qaydaların 6.3-cü bəndinə əsasən, Boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, boru kəmərlərin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxlər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a)hər hansı tikinti və quraşdırma işləri, b)bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c)boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, tərəflərin iştirakı ilə 28 fevral 2024-cü il tarixdə mübahisəli tikililərin yerləşdiyi əraziyə baxış keçirilmiş və baxış zamanı mübahisəli tikililərdən neft kəmərinə olan məsafə ölçülmüşdür. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikilinin (sanitar qovşağının) çöl hasarından neft kəmərinə qədər məsafə 37.50 metr, yardımçı tikilinin eni 4.25 metr olmaqla, yardımçı tikilidən (sanitar qovşağından) neft kəmərinə qədər məsafə 41.75 metrdir. Fərdi yaşayış evinin hasarından neft kəmərinə qədər məsafə 51 metr təşkil edir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericlik aktından (AR Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45 №-li əmri ilə təsdiq edilmiş, AR Ədliyyə Nazirliyində isə 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”) göründüyü kimi, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Belə olan halda məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktında istinadən qeyd edir ki, göründüyü kimi, hazırki iş üzrə mübahisələndirilən tikililərdən yardımçı tikili (sanitar qovşağı) iddiaçının istismarında olan neft kəmərlərinin mühafizəsi zonasında yerləşir. Belə ki, yardımçı tikilinin (sanitar qovşağının) çöl hasarından neft kəmərinə qədər məsafə 37.50 metr, yardımçı tikilinin eni 4.25 metr olmaqla, yardımçı tikilidən (sanitar qovşağından) neft kəmərinə qədər məsafə 41.75 metrdir. Başqa sözlə, yardımçı tikili (sanitar qovşağı) neft kəmərindən 41.75 metr aralıda yerləşir, hansı ki, sahəvi qanunvericilik aktının tələbinə əsasən neft kəmərinin mühafizə zonası 50 metr təşkil edir. Digər tikili olan fərdi yaşayış evi isə neft kəmərlərinin mühafizəsi üçün nəzərdə tutulan zonaya düşmür, yəni fərdi yaşayış evinin hasarından neft kəmərinə qədər məsafə 51 metr təşkil edir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Suraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.4-cü km-də, 39 T 0415490;4471997 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 41.75 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikili (sanitar qovşağı) və onun hasarı Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin yardımçı tikilinin (sanitar qovşağının) sökülməsi hissəsinə münasibətdə cavabdehin etirazı ilə razılaşmır. Belə ki, sökülməsi qət edilən tikilinin köhnə tikili olması halı sübut edilmir, sübut edilsəydi də belə, tikilinin köhnə tikili olması faktı özü-özlüyündə iddia tələbinin rədd edilməsi üçün əsas yaratmayacaqdı.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Suraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.4-cü km-də, 39 T 0415490;4471997 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 41.75 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikili (sanitar qovşağı) və onun hasarı Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalı və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı SOCAR-ın İddiaçı istismarında olan Suraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.4-cü km-də, 39 T 0415490;4471997 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 41.75 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikili (sanitar qovşağı) və onun hasarı Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar