Məhkəmə qərarları › İş №e-2(010)-2621/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2621/2025

28.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2621/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Artıq hesablanmış 182 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla cəmi 212 manat vəsaitin elektrik enerjisi istehlakı ilə əlaqədar elektron sistem üzrə iddiaçının balansına əlavə edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdeh tərəfindən quraşdırılmış sayğac təhlükəsizlik və texniki qaydalara uyğun aparılmadığı üçün cavabdehin hesabına yenidən quraşdırılması, sayğacın qutusunun cavabdeh tərəfindən yenisi ilə əvəz edilməsi. İddia tələbinin dəlilləri Cavabdeh sayğacın yanma səbəbi barəsində həmin qurum tərəfindən tərtib edilmiş AKT-ın məzmununa zidd olaraq iddiaçını günahlandırmış, eyni zamanda Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6 və 7.11-ci bəndlərinin tələbləri ilə razılaşmayaraq yeni sayğacın onların hesabına quraşdırılmalı olduğunu qəbul etməmişdir. İddiaçı ədalətli mövqe sərgiləyərək, sayğacın sıradan çıxdığı zamandan yenisi quraşdırılanadək olan müddət ərzində (xx.xx.2023 - xx.xx.2024) elektrik sərfiyyatının hesablanması üçün qarşı tərəfə müraciət etmişdir. Lakin, qarşı tərəf məktuba cavab verməmişdir. Ədalətli hesab üçün sonrakı illərin eyni dövründə elektrik sərfiyyatının əsas götürülməsini məqsədə müvafiq hesab edir. Ona görə ki, həmin müddət ərzində sayğac olmadığı üçün başqa metod təklif edə bilmir. Sonradan ailə tərkibi dəyişməmiş, evə yeni ciddi fərq yaradacaq hər hansı elektrik cihazı quraşdırılmamışdır. Sayğac yenidən quraşdırılarkən bir sıra nöqsanlara yol verilmişdir. Hazırda naqilin uzunluğu yetərincə olmadığı üçün işıq dirəyindən sayğaca gələn naqil təlimata zidd olaraq, sayğac qutusunun altından yox, üzərindən quraşdırılmışdır. Bunun nəticəsində qapağı bağlanmır. Külək vurub qırmasın deyə qapağı çıxardaraq evdə saxlamışdır. Yanğın zamanı zədələnmiş qutu hələ də dəyişdirilməmişdir. Buna görə yeni sayğacla yanaşı yeni qutunun da təmin edilməsini qanuni hesab edir. Tərəflərin izahatları İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları 325458 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent kodu **********10007 olan istehlakçı İddiaçı fərdi yaşayış evinin elektrik sayğacına abonentin müraciətinə əsasən baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacı naməlum səbəbdən tamamilə yanmışdır. Abonentə sayğacdan kənar elektrik enerjisi verildi. Mənzilə axan yük amper maşa ilə ölçüldü. Tələb: Yeni sayğac quraşdırılsın. Abunə haqqında məlumatdan görünür ki, Suraxanı, Hövsan qəsəbəsi, Bağça zavovu kənd, ev 0041, mənzil 0007 İddiaçı **********10007 abonentin xx.xx.2019-cu ildən xx.xx.2025-ci ilədək göstəricilər üzrə ödənişləri həyata keçirmişdir. 684794 saylı məişət istehlakçılarında sayğacıların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, sayğac №325458 akta əsasən quraşdırıldı. Çıxan sayğac tam yanmışdır. Axan yük ölçüldü. İşin faktiki halları "xxxx" ASC və İddiaçı arasında Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" ASC abonent İddiaçı məxsus əmlakı elektrik enerjisi ilə təchiz etmişdir. Bundan sonra abonentin ünvanına "xxxx" ASC tərəfindən **********10007 nömrəli abonent kodu verilmiş, elektrik sayğacı quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində abonent İddiaçı müraciəti əsasında baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac tamamilə yanmışdır, mənzilə elektrik enerjisi sayğacdan kənar verilmiş və akt tərtib edilmişdir. İddiaçı həmin mənzildə yaşayır. Hazırda iddiaçı sayğac olmayan zaman hesablamış borcun və yeni sayğac quraşdırılan zaman yeni sayğac üçün ondan tələb edilən borcun əsassız olduğunu hesab edən iddiaçı məhkəmədən müvafiq borcun silinməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

"Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı 1.2 Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2 Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir 7.11 Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2 Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4 Əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.35. Enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” AR Qanunu Maddə 11. İstehlak olunan enerjinin hesablanması 11.1. Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti su istehlakçılarını ağıllı sayğaclarla təchiz edir. 11.2. Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir.

Məhkəmənin mövqeyi "xxxx" ASC və İddiaçı arasında Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" ASC abonent İddiaçı məxsus əmlakı elektrik enerjisi ilə təchiz etmişdir. Bundan sonra abonentin ünvanına "xxxx" ASC tərəfindən **********10007 nömrəli abonent kodu verilmiş, elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixində cavabdeh abonent İddiaçı yaşayış evinə quraşdırılan sayğac yanmış, yaşayış evinə elektrik enerjisi sayğacdan kənar verilmiş və bununla bağlı akt tərtib edilmişdir. İddiaçı həmin yaşayış evində yaşayır. Hazırda iddiaçı sayğac olmayan zaman elektrik enerjisindən istifadə ilə bağlı hesablanmış borcun və eləcə də yeni sayğacın quraşdırılması üçün ondan tələb edilən borcun silinməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən elektrik sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də sayğacın dəyişdirilməsi üçün nəzərdə tutulmuş 84,64 manat məbləğində pul vəsaitinin iddiaçıdan tələb edilməsi əsassızdır. Sayğac olmadığı dövrlərdə istifadə etdiyi elektrik enerjisinə görə hesablanmış borca münasibətdə isə məhkəmə müəyyən edir ki, bu məbləğ həmin dövrlər üçün elektrik enerjisindən istifadə üçün ağılabatan məbləğdədir. İddiaçı sayğac olmadığı həmin dövrlərdə elektrik enerjisindən istifadə etmədiyini, yaxud da tələb olunandan az istifadə etdiyini sübuta yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən quraşdırılmış sayğac təhlükəsizlik və texniki qaydalara uyğun aparılmadığı üçün cavabdehin hesabına yenidən quraşdırılması, sayğacın qutusunun cavabdeh tərəfindən yenisi ilə əvəz edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbinin bu hissəsini məhkəmədə sübuta yetirə bilmədiyindən, eyni zamanda iddia tələbində əsaslandıra bilmədiyindən iddia tələbi bu hissədə əsassızdır, ona görə də təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq və iş materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına (abonent kodu **********10007) hesablanmış 84,64 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına (abonent kodu **********10007) hesablanmış 84,64 (səksən dörd manat altmış dörd qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar