Məhkəmə qərarları › İş №e-2(010)-2676/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2676/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2676/2023 23.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4065 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə 410.67 manat gecikdirilmiş əsas, 331.25 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 330.63 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1802.36 manat olmaqla, ümumilikdə 2874.91 manat borc və ödənilmiş 48.75 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4065 saylı “daxili lizinq müqaviləsi”nə əsasən 2021ci il buraxılışlı, “Khazar LX” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizin müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373.4 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən şirkətə “Daxili lizinq müqaviləsi” üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 870 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 1802.36 manat təşkil edir. Eyni zamanda, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4065 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə ümumilikdə 1072.55 manat gecikmə borcu yaranmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən işə iştirakları olmadan baxılaraq, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

5. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4065 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 14750 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində, illik 23% həcmdə mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur.

7. xx.xx.2021-ci il tarixli, MAS-4065 nömrəli daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə əldə olunan əmlak: alqı-satqı qiyməti 14750 manat olan “Khazar LX” minik markalı, NVABA1HHFMF801696 ban nömrəli, ağ rəngli avtomobil.

8. xx.xx.2021-ci il tarixli, MAS-4065 nömrəli daxili lizinq müqaviləsinə 2 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX” minik markalı, NVABA1HHFMF801696 ban nömrəli, ağ rəngli avtomobil Satıcı "xxxx" MMC tərəfindən Alıcı İddiaçı MMC və Lizinq alan Cavabdeh təhvil verilmişdir.

9. xx.xx.2021-ci il tarixli, MAS-4065 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər arasında daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli təsdiq edilmiş, cəmi 14750 manat məbləğində olan ödənişin xx.xx.2021 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 373.4 manat (ilk ay 3100 manat, sonuncu ay 373.57 manat) məbləğində ödənilməsi müəyyən edilmişdir.

10. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus olan “Khazar LX” markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilin təhvil-təslimi aparılmış, içərisində heç bir pul və digər qiymətli əşyalar olmadığı, qabaq bufer zbor və sağ faranın olmadığı, kapot və sağ qanadın rənglənməli olduğu qeyd edilmişdir.

11. İddiaçı MMC Servis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Khazar LX” markalı, ** PN *** dövlət nömrə nişanlı minik avtomobilinə ümumi xidmət haqqı 620 manat, ehtiyat hissələrinin ümumi dəyəri 1002 manat, ƏDV 180.36 manat hesablanmaqla, cəmi 1802.36 manat zərər dəymişdir.

12. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4065 saylı “Daxili lizinq müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə 410.67 manat əsas, 331.25 manat mükafat, 330.63 manat cərimə borcu olmaqla, cəmi 1072.55 manat məbləğində borcu yaranmışdır.

13. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə yaranmış borc və vurulmuş zərər barədə məlumat verilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İşin faktiki halları.

14. İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4065 nömrəli daxili lizinq müqaviləsinə əsasən Lizinq verən Lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (alqı-satqı qiyməti 14750 manat olan “Khazar LX” minik markalı, NVABA1HHFMF801696 ban nömrəli, ağ rəngli avtomobil) muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, lizinq alan müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öhdəsinə götürmüş, ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən (14750 manat) çıxıldıqdan sonra yerdə qalan məbləğin 48 ay müddətində, illik 23% həcmdə mükafat məbləği hesablanmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən (xx.xx.2021 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 373.4 manat (ilk ay 3100 manat, sonuncu ay 373.57 manat) müəyyən edilmişdir.

15. İddiaçı MMC Cavabdeh saz vəziyyətdə təhvil verilmiş avtomobilin qüsurlu vəziyyətdə saxlanca qaytarıldığını, lizinq obyektinə 1802.36 manat məbləğində zərər dəydiyini iddia edərək həmin zərər məbləğini, eləcə də avtomobilin qaytarıldığı günə olan gecikdirilmiş əsas borc, mükafat və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri. 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10. Lizinq ödənişləri. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği. 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.4. lizinq verənin mükafatının məbləği.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi üzrə lizinq alan kimi üzərinə öhdəliklər götürmüş, bunun əvəzində lizinq obyekti olan avtomobil lizinq verən İddiaçı MMC tərəfindən onun sahibliyinə və istifadəsinə verilmişdir. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, lizinq ödənişlərini vaxtlı-vaxtında ödəməmişdir. Belə olan halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış lizinq müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçı lizinq müqaviləsi üzrə gecikmə vaxtı üçün (lizinq obyektinin iddiaçıya təhvil verildiyi xx.xx.2023cü il tarixədək) əsas borcu (410.67 manat) və mükafat məbləğini (331.25 manat) cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

19. Məhkəmə iddia tələbi ilə əsas borc və mükafat məbləğinə münasibətdə tam razılaşsa da, dəbbə pulunun məbləğinə münasibətdə qismən razılaşmır.

20. Belə ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiаçı cаvаbdehdən 330.63 manat məbləğində cərimə tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, bu məbləğdə cərimə hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyil və tənаsübsüz surətdə yüksək məbləğdir. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Bu səbəbdən cаvаbdehin öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа onun mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrı аzаldılаrаq 20 manat məbləğində müəyyən edilməlidir.

21. İddia tələbinin növbəti hissəsi lizinq obyekti olan avtomobilə dəymiş zərərlə bağlıdır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında olan təhviltəslim aktından görünür ki, müvafiq avtomobil cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmiş, aktda avtomobilin tam həcmdə, tələb olunan keyfiyyətlə verildiyi xüsusi qeyd edilmiş, təhvil alan Cavabdeh da bu aktı imzalamışdır. Belə olan halda avtomobilin cavabdehə təhvil verilərkən qüsurlu vəziyyətdə olması istisna edilir.

22. Həmçinin o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

23. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh təhvil verilmiş lizinq obyekti (avtomobil) xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən təhvil alınmış, təhvil aktında avtomobildə qabaq bufer, zbor, sağ faranın olmadığı, kapot və sağ qanadın rənglənməli olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş qüsur aktından görünür ki, “Khazar LX” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1802.36 manat dəyərində təmir-bərpa işləri aparılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC həmin pulu Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

24. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinin: 4.4.10-cu bəndində deyilir ki: “Lizinq alan lizinq obyektinin qəbul aktı imzalandığı andan sonra lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşıyır və lizinq obyektinin itirilməsinin və ya zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görür”; 5.1-ci bəndində deyilir ki: “Təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zaman buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır”; 6.1-ci bəndində deyilir ki: “Tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “daxili lizinq” müqaviləsi imzalandıqdan 1 (bir) il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən “daxili lizinq” müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır”.

25. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsində lizinq obyekti lizinq alana təhvil verildikdən sonra lizinq obyektinə dəymiş istənilən növ zərərə görə lizinq alanın məsuliyyət daşıdığı müəyyən edilmişdir. Üstəlik, bu zaman zərərin lizinq alanın, yaxud üçüncü şəxslərin təqsirli hərəkətləri nəticəsində dəymiş olmasının heç bir əhəmiyyəti yoxdur. Əgər lizinq obyekti lizinq alana təhvil verilibsə, həmin obyektə dəyən istənilən zərərə görə məsuliyyəti lizinq alan daşıyır. Lizinq alanın bu öhdəliyi həm də qanundan irəli gəlir. Belə ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. (§ 16, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 748-7.1)

26. Məhkəmə qeyd edir ki, lizinq obyekti lizinq alan tərəfindən sığortalanmışdırsa, yaxud lizinq obyektinə üçüncü şəxs(lər)in təqsirli hərəkətləri nəticəsində zərər dəymişdirsə, lizinq alan zərərin ödənilməsini müvafiq olaraq sığortaçıdan, yaxud təqsirli hərəkətləri ilə lizinq obyektinə birbaşa zərər vurmuş şəxslərdən tələb edə bilər. Lakin istənilən halda lizinq obyektinə dəymiş zərərə görə həmin obyektin mülkiyyətçisi – lizinq verən qarşısında məsuliyyət daşıyan yalnız lizinq alandır. Bununla belə lizinq alanın lizinq obyektinə dəymiş zərərə görə lizinq verənə ödədiyi vəsaiti sonradan təqsirli üçüncü şəxslərdən tələb etməsi istisna edilmir. Lakin təkrar qeyd edilməlidir ki, bu sonrakı məsələdir və lizinq alanı lizinq obyektinin mülkiyyətçisi olan lizinq verən qarşısındakı məsuliyyətindən azad etmir.

27. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil verərkən avtomobildə aşkar olunmuş qüsurlara görə lizinq verən İddiaçı MMC qarşısında məsuliyyət daşıyır. Odur ki, iddiaçı avtomobilə dəymiş 1802.36 manat məbləğində zərəri cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48.75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

29. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə (2564.28 manat) mütənasib olan ödənilmiş 45.64 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4065 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 410.67 manat əsas borc, 331.25 manat mükafat məbləği, 20 manat dəbbə pulu, 1802.36 manat lizinq obyektinə dəymiş zərər olmaqla, ümumilikdə 2564.28 manat və 45.64 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

31. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4065 nömrəli “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 410.67 manat əsas borc, 331.25 manat mükafat məbləği, 20 manat dəbbə pulu, 1802.36 manat lizinq obyektinə dəymiş zərər olmaqla, ümumilikdə 2564.28 manat (iki min beş yüz altmış dörd manat iyirmi səkkiz qəpik) və 45.64 manat (qırx beş manat altmış dörd qəpik) dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar