Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2752/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X2 iclas katibliyi İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən **-KH-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il olan, “Opel Astra” markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh2 ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əqd əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə geri qaytarılması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 300 manatın, mediatora ödənilmiş 61 manatın, dövlət rüsumu kimi ödənilmiş 50 manatın və etibarnamə verilməsi üçün ödənilmiş 17.50 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh2 oğlu xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikah dövründə tərəflərin münasibətləri normal olmuşdur və birgə nikahdan 2 uşaqları doğulmuşdur. İddiaçı Cavabdeh2 oğlu tərəfindən ona məxsus nəqliyyat vasitəsini sevgilisi digər Cavabdeh1 adına keçirməklə özgəninkiləşdirdiyinə görə münasibətləri pozulmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı **-KH-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı olan, “Opel Astra” markalı avtomobil alaraq öz adına rəsmiləşdirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh2 nəqliyyat vasitəsinə dair sərəncam verilməsi barədə etibarnamə vermiş, lakin verdiyi etibarnamənin avtomobilin idarə edilməsi ilə bağlı verildiyini ehtimal etmiş, sərəncamverici səlahiyyətlərin olmasını ehtimal etməmiş, bunun hüquqi nəticələri ona izah edilməmişdir. Cavabdeh2 isə etibarnamə vermiş şəxsin iradəsindən kənara çıxaraq ona məlumat vermədən, iddiaçıdan xəbərsiz şəkildə onun razılığını almadan, həmçinin onun iradəsi əleyhinə **-KH-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il olan, “Opel Astra” markalı avtomobili sevgilisi Cavabdeh1 xeyrinə özgəninkiləşdirmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə Şəki RQİ və TBŞ-də **-KH-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il olan, “Opel Astra” markalı nəqliyyat vasitəsi Cavabdeh1 adına rəsmiləşdirilərək nəqliyyat vasitəsinə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. **-KH-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il olan, “Opel Astra” markalı avtomobil Cavabdeh1 adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verildiyi gün, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına nəqliyyat vasitəsinin idarə edilməsi səlahiyyəti ilə etibarnamə verilmişdir. Beləliklə də, iddiaçı ona məxsus olan avtomobilin digər şəxsin xeyrinə özgəninkiləşdirilməsindən xəbəri olmamışdır. Lakin, iddiaçı ona məxsus avtomobilin özgəninkiləşdirilməsindən xəbər tutan kimi dərhal Cavabdeh2 xx.xx.2024-cü il tarixdə verdiyi nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnaməyə xitam vermişdir. Göründüyü kimi, iddiaçıya məxsus əmlak ilə bağlı onun xəbəri və razılığı olmadan, onun iradəsi əleyhinə öz hüquqlarından sui-istifadə edən Cavabdeh2 tərəfindən öz sevgili münasibətlərində olduğu Cavabdeh1 adına xx.xx.2024-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında formal olaraq özgəninkiləşdirilmiş, faktiki olaraq isə öz istifadəsində qalmışdır.
İddia tələbinə etiraz.
3. Cavabdeh1 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinə etirazın əsaslandırıldığı hallar.
4. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, həmin avtomobili notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında almışdır və həmin müqaviləni İddiaçı səlahiyyətli nümayəndəsi qismində digər cavabdeh X6 imzalamışdır. Həmin müqavilə imzalanan zaman X1 şəxs olmuşdur. Belə ki, İddiaçı avtomobilə sərəncam verilməsinə dair X4 notairat qaydasında təsdiq edilmiş etibarnamə vermişdir. O, həmin alğı-satqı münasibətlərində vicdanlı alıcıdır. İddiaçının iddia ərizəsində göstərdiyi kimi müqavilənin görünüş üçün bağlanması isə əqdin uydurma olması anlamına gəlir və bu etibarsızlıq halı Mülki Məcəllənin 340.1-ci maddəsi ilə tənzimlənir. Həmin normanın məzmunundan görünür ki, uydurma əqd həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Ona görə də, iddiaçı müqaviləni uydurma əqd kimi əhəmiyyəsiz saydıqda gəldiyi nəticəni işdəki sübutlarla qeyd edilən faktiki hallara uyğun əsaslandırmalıdır. Halbuki, iddiaçı tərəfindən avtomobilin alğısatqı müqaviləsinin tərəfləri olan onunla digər cavabdeh arasında əqdi bağlanarkən hüquqi nəticə əmələ gətirmək arzusunda olmadıqları, həmin müqaviləni üçüncü şəxsləri aldatmaq və sanki alğı-satqı münasibəti varmış kimi görünmək məqsədilə bağladıqları nəticəsinə gəlmək üçün mötəbər və kifayətedici sübutlara istinad etməmişdir. Göründüyü kimi, nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində vicdanlılıq ümumi bir prezumpsiya olduğu üçün əşyanı əldə edən üçüncü şəxsin vicdanlı olmamasını sübuta yetirmək yükü onu iddia edənin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə **-KH-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il olan, “Opel Astra” markalı nəqliyyat vasitəsinin iddiaçının razılığı alınmadan satılmasını iddiaçı bildirdiyi üçün həmin müqavilə üzrə əşyanı əldə edən onun vicdanlı olmadığını sübuta yetirmək iddiaçıya aiddir. Habelə, onun rəsmi reyestr məlumatlarına və notariat qaydasında təsdiq edilmiş etibarnaməyə güvənərək əşyanı əldə etməsi halında vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı qaydalar nəzərdən keçirilməlidir. Məlum olduğu kimi avtomobil rəsmi reyestrdə qeydə alınan daşınar əşyadır. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara isə daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dolayısı ilə avtomobillərin alğı-satqısı zamanı alıcı əşyanı əldə edərkən daşınmazlarda olduğu kimi rəsmi reyestr məlumatlarına etibar edir. Reyestrdə əşyanın satıcının adına qeydə alınması və hər hansı yüklülüyünün olmaması öz əksini tapırsa, həmin məlumatlara güvənərək əşya üzərində hüquq qazanan şəxs vicdanlı sayılır. İddia ərizəsində qeyd edilən onun tərəfindən digər cavabdehin adına avtomobili idarə etmək səlahiyyəti verilməsinə gəldikdə isə avtomobilin alğı-satqısından sonra X6 ona təklif etmişdir ki, avtomobili taksi fəaliyyəti göstərmək üçün istifadə etsin və bunun müqabilində hər ay ona 400 manat ödəniş etsin. Lakin, cavabdeh vəd etdiyi ödənişi etmədiyi üçün o, cavabdehə verdiyi etibarnaməni 2025-ci ilin fevral ayının 26-da ləğv etdirmiş və avtomobilin ondan alınmasını tələb etdikdə, ona qarşı məhkəmədə hazırkı iddia qaldırılmışdır.
Tərəflərin izahatları.
5. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, maşın həqiqətən Cavabdeh2 oğlundadır və hazırda da evlərinin həyətində maşını saxlamışdır. Cavabdeh2 oğlunun Cavabdeh1 ilə münasibətlərinin olduğu İddiaçı və digər ailə üzvləri tərəfindən bilindikdə Albuşova X7 İashar İslam oğluna təklif etmişdir ki, maşını onun adına keçirsin, çünki yoldaşı onu evdən qovacaq. Həmçinin bildirmişdir ki, baş etibarnamə ilə maşını onun adına keçirdikdən sonra yenidən Cavabdeh2 oğlunun adına keçirəcək, kimə istəsə sata biləcəkdir. Cavabdeh2 oğlu da bu fikirlə razılaşmışdır. Maşını Cavabdeh1 adına keçirəndən sonra sonuncu baş etibarnamə verməkdən imtina edərək demişdir ki, maşını öz adına keçirməkdə məqsədi o olmuşdur ki, Yaşar onun yanında qalsın, qazancını ona xərcləsin, boşanıb onunla evlənsin. Yəni, maşını təzyiq üsulu kimi arada saxlamışdır. Bundan sonra isə adi etibarnamə ilə cavabdehə yalnız istifadə üçün vermişdir. Sonra Cavabdeh2 oğlu səs yazısını qeydə alıb ki, nəsə hadisə baş verəndə əlində sübut olsun. Avtomobil və avtomobilə aid olan sənədlər hazırda elə Yaşar müəllimin özündədir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirdi ki, cavabdehə 6 ildir ki, maddi dəstək göstərir, bütün qazancı ona gedib. Cavabdeh onun maşınına heç bir pul verməyib. Maşın hazırda ondadır və həmişə də onda olub. Cavabdeh ilə aralarında söz-söhbət baş vermiş, buna görə cavabdeh etibarnaməni ləğv etmişdir. Etibarnamənin ləğv edilməsi maşının satışından 2 ay sonraya təsadüf edir. Cavabdehlə daimi yaşamamış, gedib-gəlmişdir.
7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
İş materialları.
8. Gürcüstan Respublikası VRA-nın Kaxeti xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********0 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin (təkrar) Azərbaycan Respublikasının dövlət dilinə tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Yaşar Rüstəmov arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 13 nömrə ilə qeyd edilmişdir.
9. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.
10. ƏN – İX seriyalı, 514789 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı nəqliyyat vasitəsi üzərində müəyyən səlahiyyətlər (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək Cavabdeh2 etibar edilmişdir.
11. ƏN – Vİİ seriyalı, 298586 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh1 tərəfindən **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı nəqliyyat vasitəsi üzərində müəyyən səlahiyyətlər (nəqliyyat vasitəsini idarə etmək) Cavabdeh2 etibar edilmişdir.
12. X3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 (Satıcı) və Cavabdeh1 (Alıcı) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” özünə məxsus olan **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı nəqliyyat vasitəsini 7800 manata satır, “Alıcı” isə həmin məbləği “Satıcı”ya ödəyir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 016-754 nömrəli cavab məktubundan görünür ki, AR DİN-nin mərkəzi informasiya sisteminə əsasən **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixə ünvan 2i ünvanında qeydiyyatda olan Cavabdeh1 adına alğı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanı saxlanılmaqla qeydiyyata alınmışdır.
14. xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 300 manat məbləğində pul vəsaiti Bakı şəhəri 19 saylı Vəkil Bürosunun kart hesabına mədaxil edilmişdir.
İşin faktiki halları.
15. **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı nəqliyyat vasitəsi ilkin olaraq İddiaçı adına xx.xx.2023-cü il tarixdə rəsmi reyestrdə qeydə alınmışdır. Həmin nəqliyyat vasitəsini idarə etmək hüququ notarial qaydada təsdiq edilmiş etibarnamələr əsasında xx.xx.2023 – xx.xx.2023-cü il, xx.xx.2023 – xx.xx.2024-cü il, xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində ardıcıl olaraq Cavabdeh2 etibar edilmişdir. Daha sonra həmin nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüququ xx.xx.2024 – xx.xx.2025-ci il tarixlərini əhatə edən dövr ərzində Cavabdeh2 etibar edilmişdir.
16. İş üzrə cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən, **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı nəqliyyat vasitəsi 7800 manata məbləğinə Cavabdeh1 satılmışdır.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz şəkildə baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
21. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı və Cavabdeh2 xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahı dövründə **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı nəqliyyat vasitəsi İddiaçı adına rəsmi reyestrdə qeydə alınmış və ər-arvadın ümumi birgə mülkiyyətinin tərkib hissəsinə çevrilmişdir. Həmin nəqliyyat vasitəsini idarə etmək hüququ notarial qaydada təsdiq edilmiş etibarnamələr əsasında xx.xx.2023xx.xx.2023-cü il, xx.xx.2023 - xx.xx.2024-cü il, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində ardıcıl olaraq Cavabdeh2 etibar edilmişdir. Daha sonra həmin nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüququ xx.xx.2024- xx.xx.2025-ci il tarixlərini əhatə edən dövr ərzində Cavabdeh2 etibar edilmişdir. İş üzrə cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən, **- KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı nəqliyyat vasitəsi 7800 manata məbləğinə Cavabdeh1 satılmışdır.
22. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər, əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən nəqliyyat vasitəsinin alğı-satqısına dair müqavilənin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Hazırda iddiaçı qeyd edilən şərtlərdən iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtin pozulduğunu iddia edərək müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
23. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılması zamanı yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
24. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
25. Məhkəmə qeyd edir ki, mülki dövriyyə şəraitində əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız hesab edilən əqdlərə də təsadüf edilir. Bu qəbildən olan əqdlər yalnız səlahiyyətli şəxslərin sonradan bəyənmə halı üçün etibarlı hala gəlir. Nəzərə alınmalıdır ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (AR Ailə Məcəlləsi 33.1). Bununla belə, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə müvafiq olaraq ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göründüyü kimi, qanunverici əmlaka sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alındığı barədə qanuni prezumpsiyanı yalnız reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara aid edir. Maddənin əks mənasına görə daşınmaz əşyalara və reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə belə bir prezumpsiya mövcud deyil. Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür (“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarı).
26. Yuxarıda istinad edilən və vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malik olan qərarda ifadə edilən hüquqi mövqelərdən də göründüyü kimi, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olan ümumi daşınar əmlakı üzərində tərəflərdən biri sərəncam əqdini həyata keçirirsə, digərinin buna dair razılığı istisna olunur. Mübahisə halında isə bu cür razılığın olduğunu sübutetmə yükü qanunla razılığın olduğu əsası ilə çıxış edən tərəfin üzərinə qoyulur. Hazırkı iş üzrə Cavabdeh2 həmin razılığın olmadığına etiraz etmək əvəzinə iddiaçının istinad etdiyi fakt və halları öz izahatı ilə etiraf etmiş, digər cavabdehlə aralarında yaranmış “səmimi” münasibətlərə görə nəqliyyat vasitəsinə dair sərəncam verdiyini bildirmişdir.
27. Bununla belə, iddiaçının mübahisə predmetini təşkil edən nəqliyyat vasitəsinə dair Cavabdeh2 mütəmadi və davamlı olaraq nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin etibar edilməsi onu deməyə əsas verir ki, sonuncu dəfə həmin nəqliyyat vasitəsi üzərində sərəncam səlahiyyətinin etibar etməyə dair etibarnamənin verilməsi onun həqiqi iradəsini əks etdirməmiş və iradə ifadəsi təhrif olunmaqla vahid məqsədə yönəlməmişdir. Mütəmadi olaraq idarə etmək hüququnun etibar edilməsi, son nəticədə sərəncam hüququnun etibar edilməsini məhdudlaşdırmasa da, iddiaçının bu barədə məlumatlı olmasından dərhal sonra həmin etibarnaməni ləğv etdirməsi iradə ifadəsinin təfsiri baxımından mühüm əhəmiyyətə malikdir.
28. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi yalnız bir halda – (əldə edən əqd iştirakçısının vicdanlı olmadığı halda) razılığın alınmadığı əsası ilə əqdin etibarsız sayılmasını mümkün hesab edir.
29. Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür.
30. Əldə edən əqd iştirakçısının, yəni hazırkı iş üzrə Cavabdeh1 vicdanlı əldə edən olub-olmaması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Həmçinin, məhkəmə prosesi gedişində Cavabdeh1 ilə telefon əlaqəsi saxlanılmış, sonuncunun şəxsiyyəti müəyyən edilərək iddiaya dair münasibəti öyrənilmişdir. Cavabdeh1 digər Cavabdeh2 əvvəllər şəxsən tanımadığını, mübahisə predmeti təşkil edən avtomobili 9850 manat məbləğinə aldığını və həmin cavabdehə də icarəyə verdiyini bildirmişdir. Lakin, nəqliyyat vasitəsinin alğı-satqı qiymətinin 7800 manat olmasını, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair mümkün və mötəbər sübutların təqdim edilməməsini nəzərə alan məhkəmə, cavabdehin qeyd edilən mülahizələrini həqiqətə uyğun hesab etmir.
31. Həmçinin, hazırkı iş üzrə cavabdehlər arasında yazışma məlumatları müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş, həmin məlumatların tədqiqi nəticəsində nəqliyyat vasitəsinin Cavabdeh2 daimi istifadəsində olması, digər Cavabdeh1 sonuncunu mütəmadi olaraq nəqliyyat vasitəsini geri qaytarması və nəqliyyat vasitəsinin istfadə edilməsinə dair etibarnamənin ləğv edilməsi ilə hədələməsi, aralarında şəxsi münasibətlərin davamlılığı və iddiaçının sərəncam əqdinə dair razılığının olmaması, bununla da mübahisəli nəqliyyat vasitəsinin alğı-satqısı ilə bağlı Cavabdeh1 vicdanlı əldə edən olmasının istisna edilməsi təsdiq edilmişdir.
32. Son olaraq məhkəmə qeyd edir ki, müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
33. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli, **-KH- *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh2 ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin əqd əsasında Cavabdeh1 adına aparılmış reyestr qeydi ləğv edilməli və nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə geri qaytarılmalıdır.
Məhkəmə xərcləri.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
35. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir.
36. Eyni zamanda İddiaçı tərəfindən məhkəməyə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
37. Həmçinin, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkilə 300 manat məbləğində xidmət haqqı ödənilmişdir.
38. Belə olan halda ödənilmiş 50 manat məbləğində dövlət rüsumu, 60 manat məbləğində mediasiya xərci və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 300 manat məbləğində xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya və ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, **-KH-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh2 ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin əqd əsasında Cavabdeh1 adına aparılmış reyestr qeydi ləğv edilməli və nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə geri qaytarılmalıdır.
40. Göstərilənlərə əsаsən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. “Opel Astra” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsinin alğı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh1 adına aparılmış reyestr qeydi ləğv edilsin. “Opel Astra” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu, 60 (altmış) manat məbləğində mediasiya xərci və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 300 (üç yüz) manat məbləğində xidmət haqqı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.