Məhkəmə qərarları › İş №e-2(010)-2801/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2801/2024

28.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2801/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, iddiaçı Sadıqov İbrahım Ağadayı oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçı Sadıqov İbrahım Ağadayı oğlunun cavabdeh Bakı Şəhəri 24 saylı Notariat ofisinə qarşı (X7 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və miras əmlakın bölünməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna əsasən göndərilmiş məktubdan görünür ki, Bakı şəhəri 37 saylı notariat ofisində xx.xx.2008-ci il tarixdə 2V-1/15 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işi olmuşdur.

2. xx.xx.2008-ci il tarixdə 2V-1/15 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əlavə olunmuş: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 30/17435 qeydəalma nömrəsi ilə 06 nömrəli kitabın 833-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1-in mülkiyyətçisi X4 olmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 254539 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2007-ci ildə vəfat etmişdir. xx.xx.2002-ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 ünvan 1 ünvanında ona məxsus ½ hissəni qızı X3 vəsiyyət etmişdir. xx.xx.2008-ci il tarixli, AN-İ seriyalı ******* №-li vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, 10 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2002-ci il tarixdə təsdiq edilən və 2V-1/60 saylı reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi – qızı - Bakı şəhəri, M.Muxtarov küçəsi, ev 137-də yaşayan X7 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərb.Resp.Bakı şəhəri İH,Tİ və MHQİ-nin tərəfindən verilmiş 06 №li reyestr kitabının, 833-cü səhifədə, 30/17435 №li qeydlə, xx.xx.2000-ci il tarixli «Qeydiyyat vəsiqəsinə» və Az.R, DƏDRX-nin xx.xx.2008-ci il tarixli, 11/30416 №li forma 1 üzrə arayışa əsasən, ünvan 1-də yerləşən, y/s 87,5 kv.m.köm.sah.27,5 kv.m.ü/s 115 kv.metr olan 6 (altı) otaqdan ibarət paylı mülkdən mərhum Sadıqova H.C. qızına məxsus ½ (ikidə bir) hissəsinin 5/6 (altıda beş) hissəsindən (yəni ümumi əmlakın 5/12 (on ikidə beş) hissəsindən ibarətdir. Qalan ½ hissənin 1/6 (yəni ümumi əmlakın 1/12 (on ikidə bir) hissə mərhumun adında açıq saxlanılır. Qeyd: Ümumi əmlakın ½ (ikidə bir) hissəsi yəni 6/12 (on ikidə altı) hissəsi digər mülkiyyətçi X8 adında olduğu kimi qalır.

İşin faktiki halları

3. X2 xx.xx.2007-ci ildə vəfat etməsi və ünvan 1-də yerləşən, y/s 87,5 kv.m.köm.sah.27,5 kv.m.ü/s 115 kv.metr olan 6 (altı) otaqdan ibarət paylı mülkün əvvəlki mülkiyyətçisinin X4 olması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

4. İddiaçı Sadıqov İbrahım Ağadayı oğlu cavabdeh Bakı Şəhəri 24 saylı Notariat ofisinə qarşı (X14 və X7 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 37 saylı Notariat kontorunun dövlət notariat ofisi (Bakı şəhər 24 saylı Notariat ofisi) Süleymanov Q.A. tərəfindən verilmiş 11.12. 2008-ci il İ tarixli, 2-V-l/l 15 № qeyd edilən vərəsəlik şəhadətnaməsinin, AR. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən HDQH DƏDR-də qeyd nömrəsi **********, reyestr nömrəsi **********95-10301 olan, xx.xx.2009-cu il tarixli, seriya nömrəsi ******* olan çıxarışın ləğv olunması, xx.xx.2007-ci ildə vəfat etmiş anası X2 miras əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəs., V. Bədəlov küçəsi, 18 saylı fərdi yaşayış evinin vərəsələr arasında ədalətli bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Sadıqov İbrahım Ağadayı oğlu ərizə təqdim edərək, X14 vəfat etdiyi üçün onun üçüncü şəxslərin siyasından çıxarılmasını xahiş etmiş və X14 məhkəmə tərəfindən üçüncü şəxslərin siyasından çıxarılmışdır.

5. X7 xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, iddia müddətinin ötməsi ilə əlaqədar iddianın təmin olunmamasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, anası X5 xx.xx.2007-ci ildə dünyasını dəyişmişdir və onun həmin vaxtdan mülkiyyətində olmuş əmlaka vərəsəlik açılmışdır. İddia ərizəsində cavabdeh kimi cəlb etdiyi İddiaçı və mərhum bacısının həyat yoldaşı Şahid2 anasının dünyasını dəyişdiyi zaman yas məclisində iştirak etmişlər, yəni anasının ölməsi barədə və onun əmlakına vərəsəlik açılması barədə məlumatları olmuşdur. Buna baxmayaraq, vərəsələrin heç biri analarının mülkiyyətində olmuş ünvan 2 ünvanda olmuş yaşayış evinin 6/12 hissəsindən 5/12 hissəsinin onun adına vəsiyyətnamənin mövcudluğunu, əmlakın 1/12 hissəsinin isə mərhum analarının adına açıq qalması barədə məlumatları olmasına baxmayaraq, vərəsə kimi qeydiyyata alınmaları və mirasdan pay tələb etmələri barədə heç bir təşəbbüs irəli sürməmişlər. Göründüyü kimi vərələlər mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti buraxmışlar.

Tərəflərin izahatları

6. İddiaçı Sadıqov İbrahım Ağadayı oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı onun atasıdır və o, həmin miras əmlakdan pay almalıdır. Onun atası 2001-ci ildən Rusiya Federasiyasına getmiş, lakin 2007-ci ildə qayıtmışdır. Lakin mübahisəli evin sahəsi yaşamaq üçün əlverişli olmadığından o orda-burda qalmışdır. Həmin evdə onun atası yaşamasa da, onun anası və o özü yaşamışdır. Lakin 2007-ci ilin avqust ayından onlar həmin evdən çıxıb getmişlər.

7. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, anası X5 xx.xx.2007-ci ildə dünyasını dəyişmişdir və onun həmin vaxtdan mülkiyyətində olmuş əmlaka vərəsəlik açılmışdır. İddia ərizəsində cavabdeh kimi cəlb etdiyi İddiaçı və mərhum bacısının həyat yoldaşı Şahid2 anasının dünyasını dəyişdiyi zaman yas məclisində iştirak etmişlər, yəni anasının ölməsi barədə və onun əmlakına vərəsəlik açılması barədə məlumatları olmuşdur. Buna baxmayaraq, vərəsələrin heç biri analarının mülkiyyətində olmuş ünvan 2 ünvanda olmuş yaşayış evinin 6/12 hissəsindən 5/12 hissəsinin onun adına vəsiyyətnamənin mövcudluğunu, əmlakın 1/12 hissəsinin isə mərhum analarının adına açıq qalması barədə məlumatları olmasına baxmayaraq, vərəsə kimi qeydiyyata alınmaları və mirasdan pay tələb etmələri barədə heç bir təşəbbüs irəli sürməmişlər. Göründüyü kimi vərələlər mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti buraxmışlar. 8.Üçüncü şəxs X7 etibarnamə üzrə nümayəndəsi(vəkili) Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1162. Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın həcminin müəyyənləşdirilməsi Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1273. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtı Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

10. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.

11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

13. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır.

2. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.

4. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

15. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

16. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmənin mövqeyi

17. Məhkəmə işin faktiki hallarını, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

18. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 30/17435 qeydəalma nömrəsi ilə 06 nömrəli kitabın 833-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1-in mülkiyyətçisi X4 olmuşdur və o, xx.xx.2007-ci ildə vəfat etmişdir. X4 xx.xx.2002-ci il tarixli vəsiyyətnamə verərək ünvan 1 ünvanında ona məxsus ½ hissəni qızı X3 vəsiyyət etmişdir. xx.xx.2008-ci il tarixli, AN-İ seriyalı ******* №-li vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, 10 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2002-ci il tarixdə təsdiq edilən və 2V-1/60 saylı reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi – qızı - Bakı şəhəri, M.Muxtarov küçəsi, ev 137-də yaşayan X7 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərb.Resp.Bakı şəhəri İH,Tİ və MHQİ-nin tərəfindən verilmiş 06 №li reyestr kitabının, 833-cü səhifədə, 30/17435 №li qeydlə, xx.xx.2000-ci il tarixli «Qeydiyyat vəsiqəsinə» və Az.R, DƏDRX-nin xx.xx.2008-ci il tarixli, 11/30416 №li forma 1 üzrə arayışa əsasən, ünvan 1-də yerləşən, y/s 87,5 kv.m. köm.sah. 27,5 kv.m. ü/s 115 kv.metr olan 6 (altı) otaqdan ibarət paylı mülkdən mərhum Sadıqova H.C. qızına məxsus ½ (ikidə bir) hissəsinin 5/6 (altıda beş) hissəsindən (yəni ümumi əmlakın 5/12 (on ikidə beş) hissəsindən ibarətdir. Qalan ½ hissənin 1/6 (yəni ümumi əmlakın 1/12 (on ikidə bir) hissə mərhumun adında açıq saxlanılmışdır. X1 övladları X9 ərizə təqdim edərək miras əmlakdan ona çatası payı qəbul etmək niyyətində olmadığını bildirmişdir. Digər vərəsə X6 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Digər vərəsə isə İddiaçı miras əmlakdan ona çatası payı qəbul etmək niyyətində olub-olmadığını bildirməmişdir.

19. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyriformal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyriformal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s.

20. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mirasda məcburi pay sahibi vərəsəliyin qanun üzrə vərəsəliyin toxunulmaz hissəsi olması qanunvericiliyin miras əmlakın böldüşdürülməsi ilə bağlı normalarının məcburi pay hüququ olan şəxslərə münasibətdə də tətbiq edilməsinə əsas verir. Məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan bu və ya digər əmlakın onlara verilməsi, yaxud əmlakın bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə, belə razılıq olmadıqda isə miras əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq bölüşdürülməsi üçün məhkəməyə müraciət edə bilərlər. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.

21. Beləliklə məhkəmə hesab edir ki, miras qoyanın vərəsələrindən biri miras qoyandan öncə ölmüş, digər vərəsə isə notarial qaydada ərizə təqdim edərək öz məcburi payından imtina etmişdir. Hazırkı halda iddiaçı miras əmlakın onunla üçüncü şəxs arasında bölüşdürülməsini deyil, miras əmlakdan yalnız özünə düşən məcburi payı tələb edə bilər. Belə ki, miras əmlak miras qoyan tərəfindən öz qızına vəsiyyətnamə əsasında vəsiyyət edilmiş və həmin vəsiyyətnamə əsasında tərəfə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki Məcəllənin tələbinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina etdiyi halda, bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur və onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Mirasda məcburi pay məhz miras qoyanın vəsiyyət sərəncamlarının məhdudlaşdırılmasına yönələn qanun üzrə vərəsəliyin toxunulmaz bir hissəsi kimi müəyyən olunmuşdur və məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, miras əmlakda açıq qalan hissəyə iddiaçının məcburi pay hüququ tanınmalıdır.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.

Məhkəmənin gəldiyi nəticə

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı – miras əmlak ünvan 1-də yerləşən, y/s 87,5 kv.m. köm.sah. 27,5 kv.m. ü/s 115 kv.metr olan 6 (altı) otaqdan ibarət paylı mülkdən mərhum Sadıqova H.C. qızının adında açıq qalan ½ (ikidə bir) hissənin 1/6 hissəsinə (yəni ümumi əmlakın 1/12(on ikidə bir) hissəsinə məcburi pay hüququ tanınmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı – miras əmlak ünvan 1-də yerləşən, y/s 87,5 kv.m. köm.sah. 27,5 kv.m. ü/s 115 kv.metr olan 6 (altı) otaqdan ibarət paylı mülkdən mərhum Sadıqova H.C. qızının adında açıq qalan ½ (ikidə bir) hissənin 1/6 hissəsinə (yəni ümumi əmlakın 1/12 (on ikidə bir) hissəsinə məcburi pay hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar