Məhkəmə qərarları › İş №e-2(010)-283/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-283/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-283/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğundan müştərək qaydada 600 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 630 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş üzrə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili 3-4 il əvvəl satdığını, sadəcə avtomobilin öz adında qaldığını, lakin avtomobili hazırda kimin idarə etməsindən məlumatı olmadığını, bu avtomobillə yol nəqliyyat hadisəsi törədilməsi zamanı avtomobilin öz sərəncamında olmadığını, bu səbəbdən həmin avtomobillə törədilmiş qəzanın ona heç bir aidiyyəti olmadığını bildirərək, məhkəmədən iddianın özünə münasibətdə təmin edilməməsini xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4888/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2020-ci ilin noyabrın 5-də Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsində yerləşən qeyri-yaşayış obyektinə zərər vurmuşdur. Suraxanı DYPŞİ-nin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1ci maddələri ilə təqsirli bilinmişdir. “X12” MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 1211-02/20 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində qeyri-yaşayış obyektinə 600 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 600 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olduğundan Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh1, həm də Cavabdeh2 qarşı yaranır.

Tərəflərin izahatları.

5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, o, avtomobili etibarnamə ilə satmışdır. Lakin avtomobilin etibarnaməsinin vaxtı bitdiyi və texniki baxış vaxtı gəldiyi üçün avtomobillə bağlı axtarış verilməsi üçün Baş X13 İdarəsinə rəsmi müraciət etmişdir. Onun avtomobillə baş vermiş yol nəqliyyat hadisəsindən yeni xəbəri olmuşdur. Bu səbəbdən iddianı özünə münasibətdə qəbul etməmiş, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

9. xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.

10. Bakı şəhəri Suraxanı rayon DYPŞ Yol Patrul Xidməti baş inspektoru X10 tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 20:50-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsini törədən “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2, hadisə baş verdiyi anda avtomobili idarə edən isə Cavabdeh1dur.

11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, ünvan 1 ünvanında yerləşən, X2 məxsus kioska bərpa üçün lazım olan materiallara 276 manat, işçilik üçün 324 manat olmaqla, ümumilikdə 600 manat məbləğində ziyan dəymişdir.

12. PXA72417 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş ünvan 1 ünvanında yerləşən obyektə dəymiş zərərə görə 600 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.

13. xx.xx.2020-ci il tarixli sığorta ödənişin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, plastik kart X3 təhvil verilmişdir. Hesabdan çıxarışdan görünür ki, həmin kart hesabına 600 manat məbləğində pul köçürülmüşdür.

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 44-7/2-2461 nömrəli məktuba əlavə edilmiş “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışda olması ilə bağlı Azərbaycan Respublikası DİN BDYPİ-nin X5 qeydə alınmış məlumat barədə kompüter çıxarışından görünür ki, “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə “Diqqət! Nəqliyyat vasitəsi saxlanılsın və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilsin” qeydi ilə, xx.xx.2022-ci il tarixdə “Diqqət! Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmışdır” qeydi ilə axtarışa verilmişdir.

İşin faktiki halları.

15. “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır.

16. xx.xx.2020-ci il tarixdə, saat 20:50-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində hərəkətdə olarkən "xxxx" ASC tərəfindən sığortalanmış “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 yol hərəkəti qaydalarını pozmuş, nəticədə yol kənarında olan qeyriyaşayış obyektinə zərər vurmuşdur. "xxxx" MMC tərəfindən tərtib qiymətləndirmə aktında hadisə nəticəsində obyektə dəymiş zərər 600 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğdə sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalananan şəxsə ödənilmişdir.

17. Hadisədən sonra tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, hadisənin baş verməsində “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 təqsirli olduğu müəyyən edilmiş, həmin şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.

18. Yol nəqliyyat hadisəsi baş verdiyi anda “VAZ 21013” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmuş, avtomobili idarə edən Cavabdeh1 isə sürücülük vəsiqəsi olsa da, həmin avtomobillə bağlı etibarnaməsi olmamışdır.

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 897. İcbari sığorta. 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 922. Sığorta hadisəsi. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 926. Sığorta ödənişi. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat.

Məhkəmənin mövqeyi.

23. İşin faktiki hallarından göründüyü kimi iddiaçı "xxxx" ASC xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə ödədiyi 600 manat məbləğində sığorta ödənişini həm hadisənin baş verməsində bilavasitə təqsirli hesab edilən Cavabdeh1, həm də avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 tələb etmişdir. Belə olan halda məhkəmə hər iki cavabdehə yönəldilmiş tələbə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir.

24. İlk növbədə Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilindiyi görünür. Hansı ki, 332.1-ci maddədə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Elə iddiaçı "xxxx" ASC də məhz bu əsasla - “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsinin həmin şəxsə qarşı subroqasiya hüququ yaratması əsası ilə tələbini bu cavabdehə qarşı yönəltmişdir.

25. Halbuki həmin maddədə avtomobilin buna “hüququ olmayan şəxs” tərəfindən idarə edilməsindən söhbət gedir. Məhkəmə hesab edir ki, “hüququ olmayan şəxs” dedikdə avtomobili etibarnaməsiz idarə edən şəxs yox, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən şəxs nəzərdə tutulur. Ona görə ki, nəqliyyat vasitəsini idarə etmək üçün zəruri nəzəri və təcrübi biliyə malik olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır və son nəticədə sığortaçını üçüncü şəxslərə qarşı mülki məsuliyyət qarşısında qoyur. Bu səbəbdən qanunvericilik zəruri nəzəri-təcrübi biliyə malik olmadan nəqliyyat vasitəsini idarə edən şəxslərin hərəkətlərinin maddi yükündən sığortaçını müdafiə etmək məqsədi ilə nəqliyyat vasitəsini idarə etməyə “hüquqi olmayan şəxs”lərin vurduğu zərərə görə sığortaçıya subroqasiya hüququ vermişdir.

26. Göründüyü kimi qanunvericiliyin güddüyü məqsədlər baxımından “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsi idarə etmək üçün zəruri nəzəri-təcrübi biliklərə malik olmayan şəxs nəzərdə tutulur ki, bu biliklərin olduğunu təsdiq edən yeganə sənəd sürücülük vəsiqəsi olduğundan yalnız bu vəsiqəsinin yoxluğu sürücünü nəqliyyat vasitəsi idarə etməyə hüququ olmayan şəxs hesab etməyə əsas verə bilər. Bunun əksinə, nəqliyyat vasitəsini idarə etmək üçün şəxsə verilmiş etibarnamə onun nəqliyyat vasitəsi idarə etmək hüququnu təsdiq etmədiyindən belə bir etibarnamənin yoxluğu da şəxsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsi baxımından nəqliyyat vasitəsi idarə etməyə hüququ olmayan şəxs hesab etməyə əsas vermir.

27. Hazırkı işdən görünür ki, Cavabdeh1 hadisə baş verdiyi vaxt sürücülük vəsiqəsi olduğundan o, 25.1.3-cü maddənin mənası baxımından nəqliyyat vasitəsi idarə etməyə hüququ olmayan şəxs hesab edilə bilməz. Belə olan halda iddiaçı "xxxx" ASC-nin həmin cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, bu hüquqa əsaslanaraq həmin cavabdehə qarşı qaldırılmış iddia əsassızdır.

28. Digər Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC bu cavabdehə qarşı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsi ilə əsaslandırmışdır.

29. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Hansı ki, həmin maddədə qeyd edilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən ... istifadə edilməsi...) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki ... şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).

31. Hazırkı iş üzrə Cavabdeh2 avtomobilin mülkiyyətçisi olduğundan onun yüksək təhlükə mənbəyinə sahibliyinin hüququ əsasını mülkiyyət hüququ təşkil edir. Lakin məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobilə sahibliyinin maddi şərti təmin olunmamışdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 avtomobili uzun müddət əvvəl “satdığı”nı və həmin vaxtdan avtomobilin harada olmasından məlumatı olmadığını, hətta avtomobillə bağlı axtarış verilməsi üçün müvafiq orqana müraciət etdiyini bildirmişdir. Məhkəmə tərəfindən həmin avtomobillə bağlı axtarış verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqana sorğu ilə müraciət edilmiş, avtomobillə bağlı iki dəfə axtarış verildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 yüksək təhlükə mənbəyi olan avtomobil üzərində sahibliyinin maddi şərti təmin olunmamışdır. Belə ki, o, yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmamış, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmamış və ondan yararlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 Mülki Məcəllənin 1108-ci maddəsi baxımından avtomobilin sahibi hesab edilə bilməz. Odur ki, həmin cavabdehə də qarşı yönəlmiş tələbin təmin edilməsi istisna edilir.

Məhkəmə xərcləri.

32. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı "xxxx" ASC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Lakin məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar