Məhkəmə qərarları › İş №e-2(010)-3405/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3405/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3405/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Dell İnspiron notebook üçün 2810 manat ödənilməmiş hissə, 526 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Huawei saat üçün 216.4 manat ödənilməmiş hissə, 62.6 manat dəbbə,xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Asus notebook üçün 2439 manat ödənilməmiş hissə, 607 manat dəbbə və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41086 olan XİAOMİ REDMİ 9 markalı telefon üçün 261.8 manat ödənilməmiş hissə, 77.2 manat dəbbə pulu olmaqla, ümumilikdə 7000 manat borc, 90 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh, “ABC TELECOM" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020ci il tarixli müqavilələrinə əsasən, Dell İnspiron notebook, Huawei saat, Asus notebook, İMEİ kodu **********41086 olan XİAOMİ REDMİ 9 markalı telefon üçün 7000 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2810.4 manat olan Dell İnspiron notebook üçün ümumilikdə, 3336 manat olmaqla ondan, 2810 manat ödənilməmiş hissə, 526 manat dəbbə miqdarında borc, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 236.4 manat olan Huawei saat üçün ümumilikdə, 279 manat olmaqla ondan, 216.4 manat ödənilməmiş hissə, 62.6 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2439 manat olan Asus notebook üçün ümumilikdə, 3046 manat olmaqla ondan, 2439 manat ödənilməmiş hissə, 607 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 454.8 manat olan İMEİ kodu **********41086 olan XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 339 manat olmaqla ondan, 261.8 manat ödənilməmiş hissə, 77.2 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 213,4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktında qeyd edildiyi kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 22451822 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 24 ay müddətinə hər ay 117,10 manat nağd ödəməklə, qiyməti 2810,40 manat olan Dell İnspiron notebook satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 22357312 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh oğluna 12 ay müddətinə hər ay 19,70 manat nağd ödəniş olmaqla, qiyməti 236,40 manat olan Huawei saat satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 22459495 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hər ay 135,50 manat nağd ödəniş olmaqla, qiyməti 2439 manat olan Asus notebook satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 22052437 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hər ay 37,90 manat nağd ödəniş olmaqla, qiyməti 454,80 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh"xxxx" ilə aralarında bağlanmış müqavilələr üzrə əsas borca 5727,2 manat ödənilməmiş məbləğ, 1272,8 manat dəbbə borcu, ümumilikdə 7000 borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı müqavilələrə əsasən telefon və digər əşyalar almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh bağlanmış müqavilələr üzrə 5727,20 manat ödənilməmiş hissə "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "xxxx" MMC-nin iddiasının bağlanmış müqavilələr üzrə 1272,8 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 200 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 5727,20 manat ödənilməmiş məbləğ, 200 manat dəbbə pulu və 90 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 5727.20 manat ödənilməmiş məbləğ, 200 manat dəbbə pulu olmaqla, ümumilikdə 5927,20 (beş min doqquz yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat və 90 (doxsan) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar