Məhkəmə qərarları › İş №e-2(010)-3433/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3433/2023

21.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3433/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı “sənədə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “sənədə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1996-cı ildə ölmüş nənəsi X1 adına olan “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportda yazılmış “Rəbiyə” adının digər sənədlərdə qeyd olunan “Rəviyə” adı kimi düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. 1) Ərizənin xahiş hissəsindən görünür ki, iddiaçı məhkəmədən nənəsinin adına olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda “Rəbiyə” şəklində yazılmış nənəsinin adının “Rəviyə”yə düzəldilməsini xahiş etmişdir. Tələbdən belə görünür ki, İddiaçı məhkəmədən müvafiq şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun nənəsi Rəviyə Qasımovaya məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Lakin ərizənin xahiş hissəsi düzgün tərtib edilməmiş, xahiş “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” şəklində yox, sənədə adla bağlı düzəliş edilməsi şəklində ifadə edilmişdir. Nəzərə alınmalıdır ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarı, bənd 6.2). 2) Ərizə xüsusi icraat qaydasında yox, iddia icraatı qaydasında verilmiş ərizə kimi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Halbuki ərizənin əsaslandırıcı hissəsində iddiaçı özü də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin xüsusi icraat qaydasında baxılan işlərlə bağlı, eləcə də hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi ilə bağlı normalara istinad etmiş, bununla belə məhkəməyə xüsusi icraat qaydasında yox, iddia icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmiş, ərizədə özünü ərizəçi kimi yox, iddiaçı kimi qeyd etmişdir. Nəzərə alınmalıdır ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə xüsusi icraat qaydasında baxılır. 3) Hüquqmüəyyənedici sənədi (şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport) verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılmasından (düzəldilməsindən) imtina edildiyini, yaxud bunun mümkün olmadığının bildirildiyini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, sözügedən hüquqmüyyənedici sənədi verən orqan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi olmuşdur. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin bazasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi yaradılmışdır. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi ləğv edilmiş və onun funksiyaları Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmişdir. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə hüquqmüəyyənedici sənədi verən orqanın hüquq varisi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Odur ki, ərizəçi müvafiq hüquqmüəyyənedici sənəddə adla bağlı yol verildiyini iddia etdiyi səhvin düzəldilməsi ilə bağlı əvvəlcə həmin orqana müraciət etməli, əgər həmin orqan bundan imtina edərsə, yaxud səhvin düzəldilməsinin mümkün olmadığını bildirərsə, bu halda huquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməlidir. Hazırkı ərizəyə isə iddiaçının bu ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl müvafiq orqana müraciət etdiyini təsdiq edən sənəd əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: ...üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarı, bənd 6) 4) Ərizədə maraqlı şəxslə bağlı heç bir qeyd edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Bu qərardadın üçüncü bəndində qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə maraqlı şəxs sözügedən hüquqmüəyyənedici sənədi vermiş orqanın varisi olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmalıdır. Lakin ərizədə həmin orqan maraqlı şəxs kimi göstərilməmişdir. Göründüyü kimi ərizə yuxarıda qeyd edilmiş nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 305-310-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “sənədə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar