Məhkəmə qərarları › İş №e-2(010)-3657/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3657/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3657/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15600 (on beş min altı yüz) manat məbləğində pul vəsaitinin, 130 (bir yüz otuz) manat məbləğində vəkil xərcinin, 138 (bir yüz otuz səkkiz) manat məbləğində iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun və 19 (on doqquz) manat məbləğində etibarnamə üçün ödənilmiş dövlət rüsumunun, ümumilikdə 15887 (on beş min səkkiz yüz səksən yeddi) manat alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı 2020-ci ilin dekabr ayında onun iştirakıyla baş vermiş qəza ilə əlaqədar özünə məxsus olan 2010-cu il buraxılışlı, “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərclərini ödəməkdə yaranmış çətinliyə görə bir neçə nəfərdən, ümumilikdə təqribən 4000 manat borc pul almağa məcbur olmuşdur. Borclarının qaytarmaq üçün təmir işləri başa çatandan sonra avtomobili satmağı düşünmüşdür. Lakin təmiri tam başa çatdırmaq üçün pulu kifayət etməmişdir. Bu zaman 2004-cü ildən bəri tanıdığı Cavabdeh avtomobili kreditlə satmasını iddiaçıya təklif etmişdir. Aralarında baş tutan razılaşmaya əsasən ilkin ödəniş 6000 manat, aylıq ödəniş 600 manat olmaqla, ümumi qiyməti 20000 manat həcmində müəyyənləşdirmişlər və təmiri başa çatdırmaq üçün Cavabdeh iddiaçıya 1000 manat vermiş, cavabdehin iddiaçıya 19000 manat borcu qalmışdır. Avtomobil dəmirçidən çıxdıqdan sonra mühərrik və elektrik işləri görülməsi üçün əvvəlcədən tanıdığı Dərnəgüldə yerləşən “Prius aləmi” avtoservisinə aparılmışdır. İddiaçı Bələdov Natiqə təmir üçün pulu qalmadığını bildirmişdir. Cavabdeh cavab olaraq bildirmişdir ki, qalan təmir xərcini özü ödəyəcək və həmin 19000 manata aid olmayacaq, amma əvəzində iddiaçıdan 6000 manat ilkin ödənişə görə 3 ay möhlət istəmişdir. Cavabdeh özünə məxsus olan “Opel” markalı avtomobili sataraq iddiaçı ilə razılıaşdıqları 6000 manat verəcəyinə söz vermişdir. İddiaçı da razılaşmışdır. Cavabdeh bir neçə gün sonra zəng edərək bildirmiş ki, 2000 manata yaxın pul xərclənib və elektromühərrikdə problem var. Cavabdeh təklif etmiş ki, katalizatoru satsınlar. İddiaçı etiraz etmədiyini bildirmiş və iddiaçının yanında katalizator 1000 manata satılmışdır. xx.xx.2021-ci il tarixdə avtoservisə 555 manat zəhmət haqqı və 250 manat ödəniş edilmişdir. Cavabdeh iddiaçıdan sentyabr ayında avtomobili onun adına keçirtməsini istəyərək bildirmişdir ki, çalışdığı dərman şirkətinin öz qaydaları var və mütləqdir ki, avtomobil onun adına olsun. İddiaçı da cavabdehin dediklərinə inanaraq özünə ödəniləcək ilkin və aylıq ödənişlər barədə aralarında olan razılaşmanı notarial qaydada və ya hər hansı digər formada rəsmiləşdirmədən avtomobili cavabdehin adına keçirtmişdir. Aralarında aylıq ödənişlərin hər ayın 1-də iddiaçıya ödəniləcəyi barədə razılaşmışlar. Cavabdeh birinci ay 600 manat ödəniş etmişdir. Sonra isə aylıq ödənişlər üçün iddiaçıdan hər ayın 10-na qədər vaxt istəmişdir. İddiaçı cavabdehin bu təklifinə də razılıq vermişdir. Növbəti aylarda, yəni oktyabr və noyabrda 500 manat ödəniş etmişdir. İddiaçı cavabdehdən nə üçün razılaşdıqları kimi 1000 manat aylıq ödəniş əvəzinə 500 manat verdiyini soruşanda cavabdeh avtomobilə əlavə xərclər qoyduğunu bildirmişdir. İddiaçı aylıq ödənişləri cavabadehdən çox çətinliklə alırmış. Cavabdehə zəng vuranda çox vaxt cavab vermir, sonradan cavab verdikdə isə yanında adam olmasını, “başqa yer”də olmasını və s. bəhanələr gətirirmiş. Əvvəldən tərəflərin razılaşdıqları 6000 manat ilkin ödənişə görə ondan istədiyi 3 aylıq möhlət noyabr ayının 27-də tamam olmuşdur. Həmin gün cavabdeh iddiaçının qapısına gəlmiş və birlikdə cavabdehin idarə etdiyi “Toyota Prius” markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonuna getmişlər. Geri qayıdarkən yolda Cavabdeh 6000 manat pulu verə bilmədiyini deyərək iddiaçıya ödəniş etmək üçün dekabr ayında bankdan 2500 manat pul götürəcəyini vəd etmişdir. Bundan başqa cavabdeh and içərək avtomobilin təmirinə çəkdiyi xərc barədə danışarkən bir müddət əvvəl iddiaçıya yalan dediyi məlum olmuşdur. Cavabdehin hər dəfə fərqli rəqəmlər dediyini görüb servisin sahibinə zəng etmək, avtomobili servisə sürdürmək istədikdə, Cavabdeh demiş ki, lazım deyil, onun telefonunda ustanın göndərdiyi siyahı var. İddiaçı cavabdehin telefonunda həmin siyahıya baxıb onu “Whatsapp” vasitəsilə öz telefonuna göndərmişdir. Siyahının müzakirəsi zamanı başqa yalanları da üzə çıxmışdır. İddiaçını evə gətirdikdən sonra qapılarının qarşısında avtomobilin salonunda iddiaçı mobil telefon vasitəsilə videoçəkiliş etmişdir. Çəkilişin sonunda öhdəliklərini yerinə gətirmədiyinə görə avtomobili ilkin ödənişi verənə qədər qapılarında saxlamalı olduğunu bildirmişdir. İddiaçı haqlı olduğuna görə cavabdeh razılaşmağa məcbur olmuşdur. Ertəsi gün telefonda iddiaçıya yazaraq “oyun”dan çıxdığını, pul söhbətini qardaşı Muradın həll edəcəyini bildirərək onun mobil telefon nömrəsini vermişdir. İddiaçı həmin nömrəyə zəng vurduqda qardaşı onu hədələyərək “yaxşı oğlanlar”ın gəlib avtomobili götürəcəyini, ona heç bir ödənişin olunmayacağını bildirib iddiaçını cinayətkar aləmin üzvləri ilə qorxutmağa başlamışdır. 2 gün sonra 31 saylı Polis Bölməsindən zəng vurub onu bölməyə dəvət etmişlər. Məsələyə aydınlıq gətirmək üçün növbəti bir neçə gün ərzində iddiaçı dəfələrlə Cavabdeh zəng etsə də, yazsa da, cavab verməmişdir. İddiaçı 4 gün sonra qardaşı Rəşad Orucovla polis bölməsinə getmişdir.Orada polis əməkdaşları ona bildirmişlər ki, cinayət törətmişdir. İddiaçı baş verənləri olduğu kimi danışmışdır. Mobil telefona çəkdiyi videonu təqdim etmişdir. Lakin nə qədər çalışsa da, danışdıqlarına əhəmiyyət verən olmamışdır. Əksinə iddiaçını həbslə hədələyərək əlində dediklərini təsdiq edən heç bir sənədin olmadığı bildirmişlər. İddiaçı bölmədə olarkən qardaşı polis əməkdaşları ilə birgə gedib avtomobili həyətdən götürmüşlər. Bölmədə tərəflərin hər ikisinə avtomobilin gələcək ödənişləri ilə bağlı sənəd imzalatdırıb aralarında olan pul məsələsini rəsmiləşdirmək üçün notarial qaydada borc müqaviləsi bağlamağı məsləhət görmüşlər. Bir neçə gün sonra notariat kontoruna getsələr də, orada onlara bildirmişlər ki, ortada real pulun bank hesabına köçürülməsini təsdiq edən sənəd olmadan borc müqaviləsi bağlamaq mümkün deyil. Sonuncu dəfə iddiaçı Cavabdeh 14 dekabr tarixində zəng etsə də, cavab verməmişdir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, iddianı müdafiə edirlər. İddianın əsaslı olmasına dair kifayət qədər sübutlar irəli sürmüşlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmək üçün iddiaçı ilə şifahi formada razılaşaraq aylıq ödənişlər edilməsi yolu ilə cəmi 20000 manat ödəməyə razı olmuşdur. O, İddiaçıhin adına olan karta hər ay 500 manat köçürüb. Dekabr ayında isə Taleh Orucov mübahisəli avtomobili ondan almışdır. O da buna görə polisə müraciət etmişdir. Orada hesablamışlar və ödənişlər 5400 manat etmişdir. 5000 manat məbləğində razılaşmışlar. Qalan borc 15000 manat məbləğində hesablanmış və hər ay 500 manat məbləğində onun ödəniş etməsi barədə iddiaçı ilə razılığa gəlmişlər. Polis bölməsində razılığa gəldikdən sonrakı 6 ay ərzində cəmi 3000 manat məbləğində “e-manat” vasitəsilə ödənişlər etmişdir. Lakin bununla bağlı onda qəbzlər yoxdur. O, 15600 manat məbləği ilə razı deyil. Onun iddiaçıya 11600 manat məbləğində borcu qalmışdır. O, iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı RPİ-nin 31-ci PB-in baş təhqiqatçısı Rasim Seyidovoun xx.xx.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında qərarından müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh Suraxanı RPİ-in 31-ci PBnə ərizə ilə müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. AZEMİS Məhkəmə idarəetmə sistemindən çıxarışdan görünür ki, “Toyota Prius” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, JTDKN3DU5B0255724 ban nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi X1 nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququ üzrə İddiaçı etibarnamə vermişdir. Bakı şəhəri 9 saylı Vəkil Bürosu tərəfindən tərtib edilmiş hüquqi yardımın göstərilməsi haqqında 684 saylı, 16 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı vəkil Nümayəndə hüquqi yardımın göstərilməsi müqabilində 130 manat məbləğində aralarında müqavilə bağlanmışdır. "xxxx" ASC-yə məxsus xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına Kazımov Afqan təyinatı üzrə 130 manat məbləğində ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh və X2 aralarında olan şifahi razılığa əsasən ödəməli olduqları 6000 manat məbləğində ilkin ödəniş 5 gün müddətinə ödəmədikləri təqdirdə, avtomobilin ödənilməmiş qalan bütün dəyərininin onlardan tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, “Toyota Prius” markalı, **-UG- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 tərəfindən İddiaçı həmin avtomobilə dair sərəncam vermə hüququ üzrə etibarnamə verilmişdir. İddiaçı sonradan ilkin olaraq 6000 manat, aylıq 600 manat ödənilməklə, ümumilikdə 20000 manat müqabilində həmin avtomobili Cavabdeh faktiki sahibliyinə vermişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı tərəfindən ilkin olaraq 6000 manat, aylıq 600 manat ödənilməklə, ümumilikdə 20000 manat müqabilində onun faktiki sahibliyinə və istifadəsinə verildiyini etiraf etmişdir. 20000 manat müqabilində onun faktiki sahibliyinə və istifadəsinə götürdüyünü və bunun müqabilində iddiaçı ilə aralarındakı şifahi razılaşmaya əsasən hər ay hissə-hissə ödənişlərlə ümumilikdə ödəməli olduğunu etiraf edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan cavabdehin mübahisəli avtomobili ümumilikdə 20000 manat pul müqabilində faktiki sahibliyinə və istifadəsinə götürməyinə razılaşması etiraf olunduğundan iddiaçı faktı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. iddiaçı tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübutlar təqdim edilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli avtomobili hər ay hissə-hissə ödənişlər edilməklə ümumilikdə 20000 manat müqabilində cavabdehin faktiki sahibliyinə və istifadəsinə verməsinin şifahi razılaşdırılması cavabdehin etirafı ilə sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçının iddia tələbində göstərdiyi məbləğdə deyil, yalnız 11600 manat məbləğində vəsait ödəməli olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut irəli sürməmiş və məhkəmə iclası zamanı verdiyi izahatında yalnız formal mülahizələrlə kifayətlənmişdir. Cavabdehin “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumilikdə 20000 manat pulu hər ay hissə-hissə ödəmək müqabilində öz faktiki sahibliyinə və istifadəsinə götürdüyünü etiraf etməsi, lakin həmin məbləğdən nə miqdarda ödəniş etdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi, iddiaçının isə öz növbəsində cavabdehin 4400 manat məbləğində ödəniş etdiyini və 15600 manat məbləğində borcu qaldığını bildirməsi işin hallarının məcmusunda qiymətləndirildiyində cavabdehin hazırda iddiaçıya 15600 manat ödəməli olduğu nəticəsinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1-ci maddəsinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Şərh olunanlara əsasən məhkəmə, iddiaçının “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə sonradan həyata keçirilməmiş əsasla vermiş olduğu qənaətinə gəlir və ona görə də hesab edir ki, Cavabdeh vururlmuş zərərə görə 15600 (on beş min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumuna görə 138 (bir yüz otuz səkkiz) manat, vəkillə hüquqi yardımın göstərilməsi ilə bağlı bağlanan müqavilə üzrə ödənilmiş 130 (bir yüz otuz) manat, eləcə də vəkilə etibarnamə verilməsi üçün ödənilmiş dövlət rüsümuna görə 19 (on doqquz) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh vururlmuş zərərə görə 15600 (on beş min altı yüz), məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumuna görə 138 (bir yüz otuz səkkiz) manat, vəkillə hüquqi yardımın göstərilməsi ilə bağlı bağlanan müqavilə üzrə ödənilmiş 130 (bir yüz otuz) manat, eləcə də vəkilə etibarnamə verilməsi üçün ödənilmiş dövlət rüsümuna görə 19 (on doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar