Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4047/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1803 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630254 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmasını, Cavabdeh xx.xx.2019-cu il tarixli, MAS-1803 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 2005.59 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 6.02 manat dəbbə pulu, ümumilikdə 2011.61 manat gecikdirilmiş borc və ödənilmiş 40.52 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1803 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630254 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatını əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 396 manat məbləğində olmuşdur. Eyni zamanda, Cavabdeh xx.xx.2019-cu il tarixli, MAS-1803 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 2005.59 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 6.02 manat dəbbə pulu, ümumilikdə 2011.61 manat borcu yaranmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1803 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 10800 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində, illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur.
6. xx.xx.2019-cu il tarixli, MAS-1803 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə əldə olunan əmlak: alqı-satqı qiyməti 10800 manat olan “Khazar LX” minik markalı, NVABA1HHFLF630254 ban nömrəli, ağ rəngli avtomobil.
7. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX” minik markalı, NVABA1HHFLF630254 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.
8. xx.xx.2019-cu il tarixli, MAS-1803 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, tərəflər arasında daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli təsdiq edilmiş, cəmi 10800 manat məbləğində olan ödənişin xx.xx.2019 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 385.05 manat (ilk ay 0, sonuncu ay 385.08 manat) məbləğində ödənilməsi müəyyən edilmişdir.
9. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq müqaviləsi üzrə ödənişləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə MAS-1803 saylı daxili lizinq müqaviləsinə əsasən 1444.92 manat gecikmə borcunun yaranması barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə müqavilənin ləğv edilməsi, yaranmış borcun və lizinq obyektinin qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, 2428 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 2005.59 manat əsas və 6.02 manat cərimə borcu olmaqla, 2011.61 manat məbləğində borcu yaranmışdır. İşin faktiki halları.
11. İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1803 saylı daxili lizinq müqaviləsinə əsasən Lizinq verən Lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (alqı-satqı qiyməti 10800 manat olan “Khazar LX” minik markalı, NVABA1HHFLF630254 ban nömrəli, ağ rəngli avtomobil) Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş qaydada lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilədə lizinq alanın müqavilə imzalandığı gün heç bir lizinq ödənişi etməməsi, 10800 manat məbləğində pulu isə 36 ay müddətində, illik 17% həcmində mükafat məbləği hesablanmaqla ödəməsi nəzərdə tutulmuşdur. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən (xx.xx.2019 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 385.05 manat (ilk ay 0, sonuncu ay 385.08 manat) müəyyən edilmişdir. Lakin Cavabdeh müqavilə öhdəliyini pozmuş, ödənişləri vaxtlı-vaxtında həyata keçirməmişdir. Bundan sonra, İddiaçı MMC tərəfindən Cavabdeh öhdəliklərin lazımınca icra edilməməsinə görə müqavilənin vaxtından əvvəl ləğv edilməsi, eləcə də borcun ödənilməsi, lizinq obyektinin qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Buna baxmayaraq, borc ödənilməmiş, bundan sonra İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri. 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-10. Lizinq ödənişləri. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə lizinq alan kimi üzərinə öhdəlik götürmüş, bunun qarşılığında lizinq obyekti olan avtomobil sahibliyinə və istifadəsinə verilmişdir. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, lizinq ödənişlərini vaxtlı-vaxtında ödəməmişdir. Belə olan halda müqavilə öhdəliklərini lazımınca icra etməyən cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda istinad edilmiş maddi hüquq normalarına əsasən İddiaçı MMC lizinq müqaviləsi üzrə ödənilməmiş 2005.59 manat məbləğində əsas borcu Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
15. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə 6.02 manat məbləğində dəbbə pulu tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа uyğun olmaqla tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia cərimə ilə bağlı hissədə də əsaslıdır.
16. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsini də tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Eyni zamanda, cavabdehə öhdəlikləri lazımınca icra etmədiyi təqdirdə müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq göndərilmiş, lakin vəziyyət dəyişməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC lizinq müqaviləsinin ləğvini tələb etməkdə haqlı olmuşdur.
17. İddia tələbinin növbəti hissəsi lizinq obyektinin iddiaçıya geri qaytarılması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. İlk növbədə ona görə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki: “Lizinq alan bu müqavilənin şərtlərini, Tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyi pozduqda lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır”.
18. Həmçinin, lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsində də təsbit edilmişdir. Belə ki, Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
19. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış lizinq müqaviləsi üzrə lizinq alan kimi üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin vaxtından əvvəl ləğvini, müqavilə üzrə ödənilməmiş əsas borcu və dəbbə pulunu, eləcə də lizinq obyektinin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün bank xidmət haqqı ilə birlikdə 40.52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
21. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1803 nömrəli “daxili lizinq” müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630254 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh xx.xx.2019-cu il tarixli MAS-1803 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 2005.59 manat əsas borc və 6.02 manat dəbbə pulu olmaqla, ümumilikdə 2011.61 manat (iki min on bir manat altmış bir qəpik) məbləğində pul və bank xidmət haqqı ilə birlikdə ödənilmiş 40.52 manat (qırx manat əlli iki qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1803 nömrəli “daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630254 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh alınaraq İddiaçınə qaytarılsın. Cavabdeh xx.xx.2019-cu il tarixli MAS-1803 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 2005.59 manat əsas borc və 6.02 manat dəbbə pulu olmaqla, ümumilikdə 2011.61 manat (iki min on bir manat altmış bir qəpik) məbləğində pul və bank xidmət haqqı ilə birlikdə ödənilmiş 40.52 manat (qırx manat əlli iki qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva