Məhkəmə qərarları › İş №e-2(010)-4076/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4076/2025

11.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4076/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti) hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti) hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamının mərhum, xx.xx.1959-cu il təvəllüdlü X2 aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 15 avqust 1997-ci il tarixli, 1085 nömrəli sərəncamına əsasən Ərizəçi həyat yoldaşı, mərhum X1 istifadəsinə 800 kv.metr torpaq sahəsi verilmişdir. X3 xx.xx.2022-ci ildə vəfat etmiş və onun adına olan mirası Ərizəçi qəbul etmişdir. Sözügedən torpaq sahəsinin yeri və koordinatlarının müəyyən edən yerləşmə cizgisinin verilməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Həmin qurum bununla bağlı imtina məktubu vermişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş və iddia tələbi təmin olunmuşdur. Məhkəmənin qərarına əsasən Suraxanı Rayon icra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin mövcud istifadə vəziyyətinə uyğun 19 may 2025-ci il tarixli (cizgi) akt tərtib etmişdir. Amma Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamında “İqrar” adının “İlqar” kimi yazılması və 19 may 2025-ci il tarixli (cizgi) aktda həmin sərəncamın tarixinin düzgün qeyd olunmaması vətəndaşa müəyyən çətinliklər yaratmışdır. Ərizəçi Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qeyd edilən yanlışların aradan qaldırılması üçün müraciət etmiş və həmin dövlət qurumundan vətəndaşa imtina verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin xahişindən görünür ki, o, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamında yazılmış ad və tarixin dəyişdirilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, bu xahişə hüquqi əhəmiyyəti olan fakt kimi mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Ona görə ki, ərizəçinin hazırda dəyişdirilməsini xahiş etdiyi həmin sənəddəki yanlışlıq sənəddə yol verilmiş adi yazı səhvi ilə bağlıdır və həmin səhvin aradan qaldırılması inzibati orqanın səlahiyyətindədir. Göründüyü kimi, Ərizəçi ərizəsi inzibati orqanın hakimiyyət səlahiyyətlərinin daşıyıcısı kimi ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən qaynaqlanır. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamda yol verilmiş səhvlərin düzəldilməsi barədə birbaşa inzibati orqana qarşı yönəlmiş tələbdir və əgər inzibati orqan bu tələbin təmin edilməsindən imtina edirsə, onun hərəkətləri inzibati icraat qaydasında mübahisələndirilə bilər. Odur ki, ərizəyə baxılması yolverilməz olduğundan ərizənin qəbulundan imtina edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ... Nəzərə alınmalıdır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 №-li qərarı). Məhkəmə hesab edir ki, istənilən inzibati orqan kimi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti də qəbul etdiyi inzibati aktda olan yazı səhvini düzəldə bilər. Əgər inzibati orqan bu düzəlişdən imtina edərsə, bu halda ərizəçi inzibati orqana qarşı inzibati məhkəmədə iddia qaldıra bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalı, ərizəçiyə izah edilməlidir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncamda olan yazı səhvi həmin inzibati orqan tərəfindən düzəldilə bilər. Əgər inzibati orqan bu düzəlişdən imtina edərsə, bu imtinanı inzibati icraat qaydasında inzibati məhkəmədə mübahisələndirə bilər. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi”nə dair ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamda yol verilmiş yanlışlıqların aradan qaldırılması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edə, onun müraciətindən imtina edilərsə, müvafiq inzibati orqanın imtinasını inzibati icraat qaydasında inzibati məhkəmədə mübahisələndirə bilər. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin tərəfə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, **********65 №-li qəbz) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar