Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4100/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 395 manat məbləğində sığorta ödənişinin əvəzi, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan xx.xx.2019-cu il tarixində "xxxx" MMC-yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** PJ *** dövlət qeydiyyat nişanlı “Nissan Altima” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən məlum olmuşdur ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlara əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın ümumi məbləği 395 manat məbləğində olmuşdur. "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün 395 manat sığorta ödənişinin zərərçəkən şəxslərin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən ödənilmiş 395 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Cavabdeh “İveco” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə dayanmış vəziyyətdən sola manevr edib hərəkətə başlayarkən avtomobilin arxa sağ hissəsi ilə dayanmış vəziyyətdə olan “Nissan Altima” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
7. xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də xx.xx.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığortalanmış “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində "xxxx" MMC-yə məxsus “Nissan Altima” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobilə dəymiş zərərin 395 manat məbləğində olduğu, bu məbləğdə sığorta ödənişinin zərərçəkənin təqdim etdiyi hesaba ödənilməsi qeyd edilmişdir.
8. xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixində, saat 11:00-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilindiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.
9. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Nissan Altima” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və görüləcək işlər üçün cəmi 395 manat məbləğində xərc hesablanmışdır.
10. xx.xx.2020-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh dəymiş zərərin ödənilməsi üçün xəbərdar etmişdir.
11. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" LLC-nin hesabına 395 manat məbləğində sığorta ödənişi edilmişdir.
İşin faktiki halları.
12. Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş və "xxxx" MMC-yə məxsus “Nissan Altima” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, həmin avtomobilə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmiş, barəsində müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri müəyyən edilmişdir. Eyni zamanda, cavabdehin idarə etdiyi avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə dəymiş zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən 395 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 395 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclaslarına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
18. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə olan "xxxx" MMC-yə məxsus “Nissan Altima” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, bundan sonra hadisə yerindən yayınmışdır. Baş vermiş hadisədə Cavabdeh təqsirli olduğu, eləcə də onun hadisə yerindən yayındığı tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir. Bundan sonra dəymiş zərər həcmində sığorta ödənişi (395 manat) "xxxx" ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Belə olan halda cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
19. Bundan başqa, iş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən bank xidməti haqqı ilə birlikdə 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (1000 manatadək) mütənasib olmuşdur.
20. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş bank xidməti haqqı ilə birlikdə 30.40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 395 manat məbləğində sığorta ödənişi və bank xidməti haqqı ilə birlikdə 30.40 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 395 (üç yüz doxsan beş) manat məbləğində sığorta ödənişi və bank xidməti haqqı ilə birlikdə 30.40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva