Məhkəmə qərarları › İş №e-2(010)-4105/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4105/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4105/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung üçün 2328 manat ödənilməmiş hissə, 655,5 dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED Tv üçün 1958,8 manat ödənilməmiş hissə, 540 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********85352 Samsung Galaxy A31 markali telefon üçün 452,8 manat ödənilməmiş hissə, 135,9 manat dəbbə, ümumilikdə 6071 manat borc, 80,71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr imzalanmış və cavabdehin ödənilməmiş borcu qalmaqdadır. Cavabdeh özü borcunu etiraf edir və ayda 150 manat ödəyə biləcəyini bildirir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 3.Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, o, borcunu etiraf edir və borcunu ödəməkdən yayınmır. Sadəcə olaraq hazırda maddi vəziyyəti pis olduğu üçün borcunu ödəyə bilmir və ona 6 ay möhlət lazımdır. 6 aydan sonra hər ay 150 manat olmaqla, borcunu ödəyəcəkdir. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

İş materialları.

4. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 724,8 olan İMEİ kodu **********85352 Samsung Galaxy A31 markali telefon almışdır. 5.xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ kodu **********85352 Samsung Galaxy A31 markali telefon təhvil alınmışdır.

6. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********85352 Samsung Galaxy A31 markali telefon üçün cavabdehin 452,8 manat ödənilməmiş hissə, 135,9 manat dəbbə pulu, ümumilikdə 588,7 manat borcu yaranmışdır.

7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 2587,8 manat olan Samsung LED Tv almışdır.

8. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Samsung LED Tv təhvil alınmışdır.

9. Maliyyə və ödəniş cədvəlinə əsasən Samsung LED Tv üçün cavabdehin 1958,8 manat ödənilməmiş hissə, 540 manat cərimə, ümumilikdə 2498,8 manat borcu yaranmışdır.

10. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 2772 manat olan əsasən Soyuducu Samsung almışdır.

11. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Əliyev X1 Samsung təhvil almışdır.

12. Maliyyə və ödəniş cədvəlinə əsasən Soyuducu Samsung üçün cavabdehin 2328 manat ödənilməmiş hissə, 655,5 manat dəbbə pulu, ümumilikdə 2983,5 manat borcu yaranmışdır.

13. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.

14. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 80,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

15. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır. Cavabdeh borcu etiraf edir və iddia tələbinə qarşı etirazı yoxdur.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

18. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən müqavilələr üzrə müvafiq olaraq 452,8 manat, 1958,8 manat və 2328 manat əsas borcun tutulması barədə tələblər əsaslıdır, lakin hər üç müqavilə üzrə cərimə pulu yüksəkdir.

19. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 135,9 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 540 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 655,5 dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq hər üç müqavilə üzrə 10 manat müəyyən edilməlidir.

Məhkəmə xərcləri.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63,40 məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 17,31 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 452,8 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1958,8 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2328 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, ümumilikdə 4769,6 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 452,8 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1958,8 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2328 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 4769,6 (dörd min yeddi yüz altmış doqquz manat altmış qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63,40 (altmış üç manat qırx qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 17,31 (on yeddi manat otuz bir qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar