Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4116/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Asimovnanın iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi X5 rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X7 dünyaya gəlmişdir. Qızı Valeriya anadan gəlmədən imbesillik və idiotiya dərəcəsinə uyğun olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi ağır forması diaqnozu ilə sağlamlıq imkanları məhdud olan uşağdır. Həmin diaqnoz 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışında öz əksini tapmışdır. Valeriyanın halhazırda 18 yaşı var lakin o, həİə tək başına oturmur və danışmır. Yuxarıda qeyd olunan xəstəliyin nəticəsində qızı öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək imkanına malik deyil. Qızının artıq 18 yaşı tamam olduğu üçün ona qəyyum təyin edilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Asimovna izahat verərək bildirmişdir ki, Valeriya Bodrıxın xəstəliyi ilə bağlı kifayət qədər sənəd təqdim etmişdirlər. Ekspert rəyi ilə də bu təsdiq olunmuşdur. 18 yaşı olmasına baxmayaraq, o, özünü idarə edə bilmir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komisiyyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən X7 barədə verilmiş xx.xx.2022-ci il tarixli məlumatda göstərilmişdir ki, ona müddətsiz birinci dərəcəli əlillik, “G80 Serebral iflic, uşaq serebral iflici davamlı qalıq əlamətləri” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən X7 barədə verilmiş xx.xx.2015-ci il tarixli məlumatda göstərilmişdir ki, ona 18 yaş tamam olana qədər imbesillik və idiotiya dərəcəsinə uyğun olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi diaqnozu ilə sağlamlıq imkanları məhdud diaqnozu qoyulmuşdur. Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı, 054451 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası X8, anası Ərizəçi) 19 aprel 2006-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 1037 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəm ə X1” X10 tərəfindən (ekspert həkim-psixiatr X4) verilmiş xx.xx.2024-cü il tarixli, 3277 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X3 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.... Maddə 33. Qəyyumluq və himayəçilik 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.... 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında... Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.... Maddə 318. Ərizənin məzmunu ...318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 319. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Maddə 320. Ərizəyə baxılması 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi ...321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi məhkəməyə müraciət edərək, qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, X6 Ərizəçi qızıdır, uşaqlıqdan xəstədir, nə etdiyinin mənasını və məsuliyyətini dərk etmir. X2 hər hansı psixi xəstəliyinin olub-olmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X1” X10 tərəfindən verilmiş müvafiq rəylə təsdiq olunmuşdur ki, X3 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bununla da, iş materialları ilə X2 əqli geriliyi və davranış pozuntuları nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs olması tam sübut olunur. Eyni zamanda, məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi həmin şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-ci il təvəllüdlü X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-ci il təvəllüdlü X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4116/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4116/2024
12.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver