Məhkəmə qərarları › İş №e-2(010)-4149/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4149/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4149/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin ċavabdeh Cavabdeh2 və qeyrisinə qarşı “dəymiş zərərin tutulması və avtomobilin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ċavabdeh Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş zərərin tutulması və avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan 1 ədəd “Volvo FH440” yük yəhərli dartıcı markalı **-JB-*** qeydiyyat nömrəli və “Shwarzmuller” markalı **-ZK-*** qeydiyyat nömrəli Furqon Refrejerator yarımqoşqusunun cavabdehlərin qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 38269 manat əsas lizinq borcu, 15865 manat vaxtı keçmiş faiz borcu, 35407 manat hesablanmış penya, cəmi 89541 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 359 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, "Ekolizinq” MMC ilə Cavabdeh2 arasında bağlanmış 25 fevral 2020-ci il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən ümumi dəyəri 65000 manat olan 1 ədəd “Volvo FH440” yük yəhərli dartıcı markalı **-JB-*** qeydiyyat nömrəli və “Shwarzmuller” markalı **-ZK-*** qeydiyyat nömrəli Furqon Refrejerator yarımqoşqusu Cavabdeh2 müvəqqəti sahiblik və istifadəyə verilmiş, Cavabdeh2 isə 45500 manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh öhdəliyini lazımınca icra etməmiş və nəticədə borcu yaranmışdır. Qeyd olunan müqavilə üzrə Cavabdeh1 zamin qismində çıxış edir. Barışıq üçün cəhdlərə baxmayaraq tərəflər arasında barışığa nail olmaq mümkün olmamışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, tərəflər arasında barışıq əldə etmək mümkün olmamışdır. Belə ki, iddiaçı tərəf borcdan 10-15 min manat ödənilməsini və yalnız bundan sonra qrafik açılmasını tələb edir. Cavabdehin isə o qədər pulu birdəfəyə ödəmək imkanı yoxdur. Bu səbəbdən tərəflər arasında razılıq əldə olunması qeyri-mümkündür. Cavabdeh iddia tələbini qismən, əsas və faiz borc hissəsində qəbul edir, lakin dəbbə pulu və maşının qaytarılması hissələrində qəbul etmir. Belə ki, hazırki vaxtadək cavabdeh tərəfindən müqavilə üzrə 40000 manata yaxın pul ödənildiyi halda, iddiaçı tərəfindən həm maşının mülkiyyətə qaytarılması, həm də ödəniməmiş borcların tələb olunması ədalətsizlikdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin yalnız əsas və faiz borcunun tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

İş materialları.

5. "Ekolizinq” MMC ilə Cavabdeh2 arasında bağlanmış 25 fevral 2020-ci il tarixli 2001/0686 saylı “Daxili lizinq” müqaviləsinə əsasən ümumi dəyəri 65000 manat olan 1 ədəd “Volvo FH440” yük yəhərli dartıcı markalı **-JB-*** qeydiyyat nömrəli və “Shwarzmuller” markalı **-ZK-*** qeydiyyat nömrəli Furqon Refrejerator yarımqoşqusu Cavabdeh2 müvəqqəti sahiblik və istifadəyə verilmişdir.

6. Cavabdeh2 avtomobilin 30%-ni, 19500 manat avansı müqavilə imzalandığı andan, qalan 70 %-i, 45500 manat məbləğində borcu isə illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

7. 25 fevral 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh2 İddiaçı MMCnin mülkiyyətində olan 1 ədəd “Volvo FH440” yük yəhərli dartıcı markalı **-JB-*** qeydiyyat nömrəli və “Shwarzmuller” markalı **-ZK-*** qeydiyyat nömrəli Furqon Refrejerator yarımqoşqunu təhvil almışdır.

8. 25 fevral 2020-ci il tarixli 2001/0686/ZM-02 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 25 fevral 2020-ci il tarixli 2001/0686 saylı daxili lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və Lizinq alanın Lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. Həmin zaminlik müqaviləsinə əsasən Zamin və Lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda Lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar.

9. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 illik 27% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit olaraq 1858 manat, sonuncu ay isə 1834 manat olmaqla, ümumilikdə isə 45500 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür.

10. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 25 fevral 2020-ci il tarixli 2001/0686 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 38269 manat əsas, 15865 manat mükafat və həmin günə hesablanmış 35407 manat dəbbə pulu, cəmi 89541 manat borcu vardır.

11. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə lizinq obyektinin qaytarılması və borcun ödəməsi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

12. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 359 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

13. İddiaçı "Ekolizinq” MMC ilə Cavabdeh2 arasında 25 fevral 2020-ci il tarixli daxili lizinq müqaviləsi, Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanması və cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşıması, iddia tələbinin əsas və faiz borcu hissəsində cavabdehin Cavabdeh2 tərəfindən qəbul edilməsi işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci tarixli Qərarı.

Lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı.

Lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Məhkəmənin mövqeyi.

17. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.

18. İşin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında yazılı formada lizinq müqaviləsi bağlanılmış və onlar bu müqavilənin mühüm şərtlərində razılığa gəlmişlər. Bu müqavilənin bağlanılmasına iddiaçının iradə ifadəsi mövcud olmuşdur. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Odur ki, cavabdeh tərəfindən lizinq müqaviləsinin şərtləri pozulduğundan iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

19. Məhkəmə, həmçinin qeyd edir ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanılması hələ lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir və müqavilənin bağlanması ilə lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçdiyindən, lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak iddiaçının mülkiyyətində qalır.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan 1 ədəd “Volvo FH440” yük yəhərli dartıcı markalı **-JB-*** qeydiyyat nömrəli və “Shwarzmuller” markalı **-ZK-*** qeydiyyat nömrəli Furqon Refrejerator yarımqoşqusu cavabdehdən alınaraq iddiaçıya qaytarılması, Cavabdeh2 və Cavabdeh1 25 fevral 2020-ci il tarixli 2001/0686 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 38269 manat əsas və 15865 manat mükafat borcunun tutulması barədə tələb əsaslıdır, lakin müqavilə üzrə hesablanmış 35407 manat dəbbə pulu yüksəkdir.

21. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 35407 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 1000 manat müəyyən edilməlidir.

Məhkəmə xərcləri.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 221 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 138 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 25 fevral 2020-ci il tarixli 2001/0686 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan 1 ədəd “Volvo FH440” yük yəhərli dartıcı markalı **-JB-*** qeydiyyat nömrəli və “Shwarzmuller” markalı **-ZK-*** qeydiyyat nömrəli Furqon Refrejerator yarımqoşqu Cavabdeh2 alınaraq mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25 fevral 2020-ci il tarixli 2001/0686 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 38269 manat əsas, 15865 manat mükafat və 1000 manat dəbbə pulu olmaqla, ümumilikdə 55134 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi qismən təmin edilsin. 25 fevral 2020-ci il tarixli 2001/0686 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan 1 ədəd “Volvo FH440” yük yəhərli dartıcı markalı **-JB-*** qeydiyyat nömrəli və “Shwarzmuller” markalı **-ZK-*** qeydiyyat nömrəli Furqon Refrejerator yarımqoşqu Cavabdeh2 alınaraq mülkiyyətçi İddiaçınə geri qaytarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25 fevral 2020-ci il tarixli 2001/0686 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 38269 manat əsas, 15865 manat mükafat və 1000 manat dəbbə pulu olmaqla, ümumilikdə 55134 (əlli beş min bir yüz otuz dörd) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 221 (iki yüz iyirmi bir) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 138 (bir yüz otuz səkkiz) manat hissəsi İddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar