Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4151/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 288 manat məbləğində pulun və 30.4 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2123 saylı “daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2019-cu il buraxılışlı, “Khazar SD minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsi və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsiə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(010)-247/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar SD minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı BNA-nın elektron portaldan alınmış çıxarışı təsdiq edir. Həmin cərimələr: 1. BNA1958100 saylı protokola görə 32 manat; 2. BNA1760397 saylı protokola görə 32 manat; 3. BNA1765810 saylı protokola görə 32 manat;
4. BNA1761197 saylı protokola görə 32 manat; 5. BNA1760085 saylı protokola görə 32 manat; 6. BNA1760086 saylı protokola görə 32 manat; 7. BNA1760087 saylı protokola görə 32 manat; 8. BNA1759123 saylı protokola görə 32 manat; 9. BNA1760084 saylı protokola görə 32 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 288 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı, nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.
Tərəflərin izahatları.
3. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı MMC-dən lizinqə götürdüyü avtomobillə qəzaya düşəndən sonra – xx.xx.2021-ci il tarixdə avtomobili iddiaçıya təhvil vermiş, həmin vaxtdan sonra bu avtomobili heç vaxt idarə etməmişdir. O, avtomobili təhvil verərkən bütün cərimələri ödəmiş və bununla bağlı qəbzləri məhkəməyə təqdim etmişdir. Üstəlik, hadisədən bir müddət sonra həm şəxsiyyət, həm də sürücülük vəsiqəsini dəyişmişdir. Əgər onun ödənilməmiş cərimə borcu olsa idi, onun vəsiqəsini dəyişməzdilər. Hazırkı cərimələrin isə ona heç bir aidiyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2123 saylı daxili lizinq müqaviləsindən görünür ki bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 13300 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində, illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur.
8. xx.xx.2020-ci il tarixli, MAS-2123 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə əldə olunan əmlak: alqı-satqı qiyməti 13300 manat olan “Khazar SD minik” markalı, NVAW**********306 ban nömrəli, boz rəngli avtomobil.
9. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD minik” markalı, NVAW**********306 ban nömrəli, boz rəngli avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.
10. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx/xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh “Khazar SD minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi dövrdə törətdiyi inzibati xətalara görə cərimələrin İddiaçı MMC tərəfindən ödənilməsi nətcəsində yaranmış borcun ödənilməsi, ödənilməyəcəyi təqdirdə bununla bağlı tələblə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-247/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2123 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2123 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən ödənilməmiş lizinq ödənişləri üzrə 8.7 manat gecikdirilmiş əsas, 4.64 manat gecikdirilmiş mükafat, 0.63 manat dəbbə pulu, 5900 manat dəymiş zərər olmaqla, ümumilikdə 5913.97 manat və 30.4 manat dövlət rüsumunu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
İşin faktiki halları.
12. İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Lizinq verən Lizinq alanın sifariş etdiyi “Khazar SD minik” markalı, NVAW**********306 ban nömrəli, boz rəngli avtomobili Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş qaydada lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür.
13. Müqaviləyə əsasən lizinq obyekti olan avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh təhvil verilmiş, lakin cavabdehin avtomobillə yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş hadisədə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsindən sonra – xx.xx.2021-ci il tarixdə cavabdeh avtomobili İddiaçı MMC-yə qaytarmışdır.
14. Bundan sonra İddiaçı MMC lizinq müqaviləsinin ləğvi, müqavilə üzrə ödənilməmiş borcun qaytarılması, eləcə də cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsinə görə avtomobilə dəymiş zərərin cavabdehdən tutulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
15. Hazırda İddiaçı MMC lizinq müqaviləsinə əsasən avtomobilin cavabdehin istifadəsində olduğu dövrdə cavabdehin avtomobillə bir sıra inzibati xətalar törətdiyini, bu xətalara görə dəfələrlə barəsində inzibati cərimə tətbiq edildiyini, cavabdeh cərimələri ödəmədiyindən avtomobilin mülkiyyətçisi kimi iddiaçının bu cərimələri ödəməyə məcbur qaldığını bildirərək, həmin cərimələrə görə ödənilmiş cəmi 288 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə avtomobili iddiaçıya təhvil verərkən heç bir cəriməsi olmadığını, bütün cərimələri ödədiyini, bununla bağlı qəbzləri məhkəməyə təqdim etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi.
18. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD minik” markalı avtomobil elə müqavilənin bağlandığı gün – xx.xx.2020-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh həmin vaxtdan avtomobili lizinq alan kimi faktiki idarə etməyə başlamış, lakin avtomobillə təqsirli olaraq yol nəqliyyat hadisəsi törətdikdən sonra – xx.xx.2021-ci il tarixdə avtomobili İddiaçı MMC-yə qaytarmışdır.
19. Göründüyü kimi avtomobil xx.xx.2020 – xx.xx.2021-ci il tarixləri arasında Cavabdeh faktiki sahiblik və istifadəsində olmuşdur. İddiaçı MMC iddia edir ki, avtomobilin cavabdehdə olduğu dövr ərzində cavabdeh bir sıra inzibati xətalar törədərək inzibati cərimə olunmuş, cəmi 288 manat məbləğində olan bu cərimələr İddiaçı MMC tərəfindən ödənilmiş, müvafiq ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh isə avtomobili iddiaçıya təhvil verərkən heç bir cəriməsi olmadığını, bütün cərimələri ödədiyini iddia etmiş, məhkəməyə bir sıra ödəniş qəbzləri təqdim etmişdir.
20. Məhkəmə tərəfindən həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim edilmiş qəbzlər digər iş materialları ilə əlaqəli şəkildə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, “Khazar SD minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh sahiblik və istifadəsində olduğu dövrdə - xx.xx.2021 – xx.xx.2021-ci il tarixləri aralığında bu avtomobillə bağlı doqquz dəfə Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (dayanma və ya durma qaydalarının pozulması) törədilməsinə dair BNA 1760397; BNA 1760084; BNA 1760085; BNA 1760086; BNA 1760087; BNA 1958100; BNA 1759123; BNA ******* nömrəli protokollar tərtib edilmişdir. Bu protokolların hər birinə görə 20 manat inzibati cərimə, 12 manat isə dəbbə pulu olmaqla, hər bir protokola görə 32 manat ödəniləcək məbləğ hesablanmışdır.
21. İddiaçı MMC tərəfindən iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzlərində hər bir qəbz üzrə ödənişin hansı nömrəli sənədə görə ödənildiyi qeyd edilmişdir. Həmin qəbzlərdən görünən sənəd nömrələri ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş yuxarıda sadalanan protokolların nömrələri üst-üstə düşmüş, hər protokola görə hesablanmış 32 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir.
22. Cavabdeh tərəfindən təqdim edilmiş mədaxil qəbzlərindən isə görünür ki, bu qəbzlərdən bəziləri Bakı Nəqliyyat Agentliyi tərəfindən yox, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yazılmış cərimələrin ödənildiyini təsdiq edir. Qəbzlərin çoxluğu Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış cərimələrin ödənilməsi ilə bağlı olsa da qəbzlərin ödənişin təyinatı hissəsinə nəzər salındıqda görünür ki, bu ödənişlər Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş başqa protokollar üzrə cərimələrin ödənilməsini təsdiq edir. Hansı ki, həmin protokolların hazırkı iş üzrə iddiaçının ödədiyi cərimə protokollarına aidiyyəti yoxdur.
23. Göründüyü kimi avtomobilin Cavabdeh sahiblik və istifadəsində olduğu dövrdə cavabdeh tərəfindən dəfələrlə inzibati xətalar törədilmiş, cavabdeh bu xətalara görə dəfələrlə inzibati cərimə edilmişdir. Belə görünür ki, Cavabdeh avtomobili İddiaçı MMC-yə təhvil verdikdən sonra bu cərimələrin bir qismini ödəmiş, lakin doqquz protokol üzrə cəmi 288 manat məbləğində cərimə və dəbbə pulu ödənilməmiş qalmışdır ki, həmin pulu da İddiaçı MMC ödəmişdir.
24. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh təqsirli hərəkətləri nəticəsində törətdiyi inzibati xətalara görə ödədiyi cəmi 288 manat məbləğində pulu dəymiş zərər kimi cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə xərcləri.
25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün bank xidmət haqqı ilə birlikdə 30.4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
26. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul və ödənilmiş 30.4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul və ödənilmiş 30.4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva