Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-419/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 qarşı hərrac nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 qarşı hərrac nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və ekspertizanın rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2023cü il tarixində keçirilən hərracın və onun nəticələri haqqında “X4 haqqında Protokolun N:05/01 saylı və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi və "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilin 25500 manata qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, 0243/ 23 nömrəli ekspertiza rəyinin etibarsız hesab edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, (Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi), “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən hərracın və onun nəticələri haqqında “X4 haqqında Protokolun N:05/01 saylı və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi və "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilin 25500 manata qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, 0243/ 23 nömrəli ekspertiza rəyinin etibarsız hesab edilməsini və AR İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilin Cavabdeh2 adına aparılmış reyestr qeydinin və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi vəzifəsinin AR İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, ("xxxx" MMCnin cavabdehlər sırasından çıxarılmasını), “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən hərracın və onun nəticələri haqqında “X4 haqqında Protokolun etibarsız hesab edilməsini, xx.xx.2023-cü il tarixdə “X1 Mərkəzi” MMC ilə Cavabdeh2 arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, AR İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilin Cavabdeh2 adına aparılmış reyestr qeydinin və onun əsasında verilmiş reyestr nömrəsi **********08-05101-09007, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışın ləğv edilməsi vəzifəsinin AR İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilin təkrar hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə Vadim Vladimiroviçə qarşı iddia tələbi təmin edilmiş və iddiaçının Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evdə yerləşən 1 saylı mənzilə köçürülməsi qət edilmişdir. AR İN yanında DƏDRX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2000-ci il tarixində tərtib edilmiş Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi ev 3, mənzil 1-in ümumi sahəsi 73,31 kv.m təşkil Nəzərə alınmalıdır ki, mübahisəli mənzil tərəflər arasında Vərəsəlik qaydası ilə 1/2 hissədə paylar müəyyən edilmiş və hər iki tərəfin hüquqları Reyestr Xidmətində qeydiyyata alınmışdır. Həmçinin qeyd edir ki, məhkəmə qətnaməsinə kimi Cavabdeh2 mənzildən tək istifadə etmiş və İddiaçı, yəni onu mənzildə yaşamağına imkan verməmişdir. Qeyd edir ki, tərəflər arasında payların müəyyən edilməsinə kimi o - İddiaçı digər tərəfə Cavabdeh2 ünvanladığı təklifində onun payının alınması üçün 40.000 manat pul təklif etmişdir. Lakin qarşı tərəf təkliflə razılaşmamışdır. Ona görə o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilin açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh2 arasında onların paylarına (1/2) münasib olaraq bərabər bölüşdürlməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Buxrta küçəsi, 3 saylı evdə yerləşən 1 saylı mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icra edilməsi üçün Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Qeyd edir ki, İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-49 /2023 saylı icra vərəqəsi Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzilinin qiymətləndirilməsi Daşınmaz Əmlakın qiymətinin müəyyən edilməsi barədə əvvəl müəyyən edilmiş qiymətləndirməni nəzərə almadan, təkrar qiymətləndirmə keçirmiş və mübahisəli evin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli N:243/23 saylı Rəyininə əsasən Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzili 25500 manata qiymətləndirilmişdir. Bu saxtakarlıqdır. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə vizual baxış metodu ilə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatların, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətinin nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Həmçinin, fərdi yaşayış evi naməlum vaxtda, naməlum şəraitdə qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məhdud olmuşdur. Həmin əmlakın kim tərəfindən və hansı şəraitdə qiymətləndirilməsi məlum deyildir. Sonradan “X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilmiş hərrac nəticəsində mübahisəli mənzil - Bakı şəhəri Səbail rayonu , Buxta küçəsi 3 saylı evin 1 saylı mənzili X4 Haqqında Protokolu N:05/01 əsasən mənzil 25500 manata Cavabdeh2 satılmışdır. Qeyd edir ki, Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən mübahisəli mənzilin qiymətləndirilməsi üçün göndərilməsi və qiymətləndirilmənin nəticələri barədə ona heç bir məlumat verilməmişdir. Hazırda ona məlum olmuşdur ki, Qiymətləndirmə qanunsuz olmuş və mənzilin real qiymətindən qat-qat aşağı qiymətlə qiymətləndirilməsi məqsədli xarakter daşıyır və qanunsuzdur.
Tərəflərin izahatları
5. Cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və tələbdə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında İddiaçı vəkili (nümayəndəsi) ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mənzilin qiymətləndirilməsi barədə ekspert rəyi ilə razıdır. İş materialları
8. 2V-52 reyestr nömrəli, xx.xx.2001-ci il təvəllüdlü “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, mərhum X3 vərəsələri - İddiaçı və Cavabdeh2dir və hər biri miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Bakı şəhəri, Buxta küçəsi, ev 3-də yerləşən iki otaqdan ibarət, ümumi sahəsi 38.5 kv.m olan yaşayış sahəsi 25.5 kv.m olan 1 saylı mənzildən ibarətdir.
9. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 38.50 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə İddiaçı və Cavabdeh2 ½ hissədə mülkiyyət hüququ vardır.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh2 arasında onların paylarına (1/2) münasib olaraq bərabər bölüşdürülməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evdə yerləşən 1 saylı mənzilə köçürülməsi qət edilmişdir.
11. X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, 01 nömrəli Açıq Hərrac keçirilməsi barədə bildirişindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 49/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasına əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin xx.xx.2023-cü il tarixdə 15.00-da açıq hərracda satışa çıxarılması barədə İddiaçı və Cavabdeh2 məlumat göndərilmişdir.
12. İş materiallarında olan poçt zərfindən görünür ki, Açıq Hərrac keçirilməsi barədə İddiaçı göndərilmiş bildiriş xx.xx.2023-cü il tarixdə “ünvan bağlı” qeydi ilə geri qaytarılmışdır.
13. xx.xx.2023-cü il tarixli, 05/01 nömrəli “X4 haqqında Protokol”dan görünür ki, İddiaçı və Cavabdeh2 birgə pay hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin hərracda satış qiyməti 25.500 (iyirmi beş min beş yüz) manat müəyyən edilmişdir. Hərracda yalnız Cavabdeh2 iştirak etmiş, əmlak ilkin hərracdan qeyd edilən qiymətə satılmış, qalib alıcı Cavabdeh2 olmuşdur.
14. xx.xx.2023-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə Müqavilədən görünür ki, qeyd olunan müqavilə X1 Mərkəzi” MMC və Qalib alıcı Cavabdeh2 arasında bağlanmış və əmlakın hərracda satış qiyməti - qiyməti 25.500 (iyirmi beş min beş yüz) manat ödənilmişdir.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 38.50 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə Cavabdeh2 tam mülkiyyət hüququ vardır.
16. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin (ümumi sahəsi 38.50 kv.m olan) bazar dəyəri 37350 (otuz yeddi min üç yüz əlli) manat, likvid dəyəri təqribən 34.700 (otuz dörd min yeddi yüz) manat məbləğində müəyyən edilmişdir.
İşin faktiki halları
17. İşin faktiki halları ondan ibarətdir ki, hazırki mübahisə obyektini təşkil edən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzili İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olmuşdur. Daha sonra, məhkəmə qətnaməsi əsasında həmin mənzilin açıq hərracda satılmaqla tərəflərin paylarına uyğun bölüşdülülrməsi müəyyən edilmişdir. Mənzil icra mərhələsində qiymətləndirilmiş və həmin qiymət üzrə hərraca çıxarılmış, ilk hərracdan yeganə iştirakçı Cavabdeh2 qalib alıcı elan edilmişdir. Hazırki iddia tələbində iddiaçı həmin mübahisəli mənzilin açıq hərracda satılmasına dair məhkəmənin icra vərəqəsi əsasında keçirilən hərracdan və həmin hərracla bağlı digər prosedurlardan məlumatının olmadığını bildirir və bu səbəbdən həmin hərraca dair protokol, onunla bağlı alqı-satqı müqaviləsi və digər hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş edir. Tələbini onunla əsaslandırır ki, əmlaka qoyulan qiymət açıq-aşkar qeyri-obyektiv olmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə mahiyyəti üzrə etiraz yaxud mülahizə daxil olmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı tələbin prosessual qanunvericiliyin göstərişlərinə görə məhkəmədə baxılmalı olmayan tələb hesab olunması barədə vəsatət daxil olmuş, məhkəmə icraatı gedişində həmin vəsatət əsassız hesab edilmişdir .
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 415. Hərracın təşkili və keçirilmə qaydası 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
19. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı. Həmin qeyd edilir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
21. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı. Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Qanunverici məcburi hüquq qaydalarının pozulması ilə bağlanan bəzi əqdlərin etibarsız sayılması üçün xüsusi bir qayda - məhkəmə aktının qəbul olunmasını tələb edir (Mülki Məcəllə, maddə 416, 1078-27.1.3, 1225.3). Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq, məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələr, yəni hüquq və öhdəliklər yaradan etibarlı əqd kimi qəbul olunurlar. Bu cür etibarsızlıq hallarının məhkəmədə mübahisələndirilməsi şəxsin öz iradəsindən kənarda baş verən qüsurlara (qanuni tələblərin pozulmasına) əsaslanır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
23. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
24. Hazırkı mübahisədə etibarlılığı yoxlanılan əqd Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin açıq hərracda satılmasına dair cavabdeh “X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli "X4 haqqında" Protokolu və həmin Protokol əsasında Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə dair cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" Müqaviləsidir.
25. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçı tərəfin izahatlarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin açıq hərracda satılmasına dair cavabdeh “X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli "X4 haqqında" Protokol və həmin Protokol əsasında Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə dair cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" Müqavilə etibarsız hesab edilməlidir. Belə ki, hərracın keçirilməsi qaydalarını tənzimləyən mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsinin dispozisiyasından aydın olur ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının əqdlərin etibarsızlığı məsələlərinin şərhi ilə bağlı 14 iyun 2022-ci il tarixli Qərardadından aydın olur ki, qanunverici məcburi hüquq qaydalarının pozulması ilə bağlanan bəzi əqdlərin, eləcə də hərrac keçirilməsi nəticəsində bağlanan əqdlərin etibarsız sayılması üçün xüsusi bir qayda - məhkəmə aktının qəbul olunmasını tələb edir. Mülki Məcəllənin 416-cı maddəsində isə qeyd edilmişdir ki, bu məcəllə ilə müəyyən edilmiş hərracın keçirilməsi qaydalarını pozmaqla bağlanmış əqd etibarsız sayıla bilər. Deməli, qeyd edilən qaydalar imperativ qaydalardır və bu qaydaların pozulması əqdin etibarsız hesab edilməsi üçün əsas yaradır. Hazırki mübahisəni qeyd edilən normaların tələbləri baxımından yoxlayarkən müəyyən edilir ki, mübahisə obyektini təşkil edən mənzilin satılması üzrə açıq hərrac 04 sentyabr 2023-cü il tarixinə təyin olunmuş, lakin bununla belə, həmin hərraca dair bildiriş İddiaçı hərracın keçirilməsinə qanunvericilikdə müəyyən edilmiş 1 aydan az qalan müddətdə - 11 avqust 2023-cü il tarixdə göndərilmişdir. İşdən, o da müəyyən olunur ki, həmin bildiriş də tələbkara çatmamış və 15 sentyabr 2023-cü il tarixdə “ünvan bağlı” qeydi ilə geri qaytarılmışdır. Bundan başqa, qeyd edilməlidir ki, hərrac anlayışı hər hansısa bir malın, mülkün, əmtəə və əşyanın ən çox pul ödəyənə verilməsi üçün satışa çıxarılmasıdır. Hərracda hərkəs ilkin qiymət təklifləri qəbul edərək açıq artırmaya qoşulmuş olur. Və ən çox qiymət təklif edən, hərrraca çıxarılan məhsulun sahibinə çevrilir. Hazırkı işdən isə məlum olur ki, mübahisələndirilən hərrac yalnız Cavabdeh2 iştirakı ilə keçirilmiş və mənzil elə ilk təklif edilmiş qiymətə - 25 500 manata yeganə iştirakçı olan Cavabdeh2 satılmışdır. Göründüyü kimi, qeyd olunan hərrac iddiaçının məlumatı olmadan və hərrac qaydalarına zidd şəkildə keçirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasına istinad etməklə qeyd edir ki, hazırki xx.xx.2023-cü il tarixli Açıq Hərrac AR Mülki Məcəlləsinin müvafiq normasında müəyyən edilmiş qaydaların pozulması ilə keçirildiyindən hərracın nəticələrinə dair həmin tarixli yekun protokol, eyni zamanda xx.xx.2023-cü il tarixli, hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə etibarsız hesab edilməlidir.
26. Məhkəmə qeyd edir ki, iddia tələbi həmçinin Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış reyestr qeydinin və onun əsasında verilmiş reyestr nömrəsi **********08-05101-093007, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarış ləğv edilməsi hissəsində də əsaslıdır. Belə ki, artıq həmin Çıxarışın verilməsinə əsas olan sənədlər - “X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli "X4 haqqında" Protokolu və həmin Protokol əsasında Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə dair cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" Müqavilə etibarsız hesab edildiyindən həmin sənədlər əsasında verilmiş Çıxarış da ləğv edilməli, əmlak əvvəlki hüquqi vəziyyətinə qaytarılmalıdır.
27. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddia tələbi Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin yenidən açıq hərracda satılması hissəsində də əsaslıdır. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin (ümumi sahəsi 38.50 kv.m olan) bazar dəyəri 37350 (otuz yeddi min üç yüz əlli) manat müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etməklə bildirir ki, bu qiymət əmlakın real bazar dəyərini əks etdirir, ona görə də, hazırki mübahisə obyektini təşkil edən mənzil ekpsert rəyində qeyd olunan bazar qiyməti ilə - 37350 (otuz yeddi min üç yüz əlli) manat olmaqla açıq hərracda satışa çıxarılmalıdır. Məhkəmə hesab edir ki, əmlakın ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən olunması maddi hüquq normalarının tələblərinə zidd deyildir. İşdən görünür ki, tərəflər arasında mübahisə əmlakın satış qiyməti ilə bağlıdır. Deməli, tərəflər arasında olan mübahisəli məsələ hər bir halda məhkəmədə həll edilməlidir. Ona görə də, əmlakın qeyd edilən bazar qiyməti ilə hərraca çıxarılması daha ədalətli yanaşmadı və həm iddiaçı, həm də cavabdeh tərəfin hüquqlarına uyğundur.
Məhkəmə xərcləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
31. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, hazırki iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin açıq hərracda satılmasına dair cavabdeh “X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli "X4 haqqında" Protokolu etibarsız hesab edilməli, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə dair cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" Müqavilə etibarsız hesab edilməli, etibarsız hesab edilmiş sənədlər əsasında Cavabdeh2 adına aparılmış reyestr qeydinin və onun əsasında verilmiş reyestr nömrəsi **********08-05101-093007, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarış ləğv edilməli, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzili yenidən açıq hərrracda satılmalı və satış zamanı ilkin hərrac qiyməti 37350 (otuz yeddi min üç yüz əlli) manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Hazırki iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin açıq hərracda satılmasına dair cavabdeh “X1 Mərkəzi” MMCnin xx.xx.2023-cü il tarixli "X4 haqqında" Protokolu etibarsız hesab edilsin. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə dair cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" Müqavilə etibarsız hesab edilsin. Etibarsız hesab edilmiş sənədlər əsasında Cavabdeh2 adına aparılmış reyestr qeydinin və onun əsasında verilmiş reyestr nömrəsi **********08-05101-093007, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarış ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzili yenidən açıq hərrracda satılsın və satış zamanı ilkin hərrac qiyməti 37350 (otuz yeddi min üç yüz əlli) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov