Məhkəmə qərarları › İş №e-2(010)-4282/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4282/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4282/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi,dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MMC ilə bağlanmış 23 avqust 2022-ci il tarixli ALY-1541 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini, Cavabdeh 23 avqust 2022-ci il tarixli ALY-1541 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyul 2023-cü il tarixə 244.67 manat gecikdirilmiş əsas, 143.48 manat gecikdirilmiş mükafat, 315.41 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “X12” minik markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 450 manat məbləğində pulun, ümumilikdə 1153.56 manat borc və ödənilmiş 31.94 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2022-ci il tarixli ALY-1541 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “X12” minik markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, XWB7T51BDMP856786 ban, ağ rəngli avtomobil 17300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, Cavabdeh illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 402.15 manat, ümumilikdə isə 22153 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “X12” minik markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 iyul 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 450 manat dəyərində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 23 avqust 2022-ci il tarixli ALY-1541 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyul 2023-cü il tarixə 244.67 manat gecikdirilmiş əsas, 143.48 manat gecikdirilmiş mükafat, 315.41 manat dəbbə pulu, ümumilikdə 703.56 manat gecikmə borcu yaranmışdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, bir tərəfdən İddiaçı MMC-nin – Alıcı, digər tərəfdən Azərmaş CP” MMC- Satıcı və üçüncü tərəf Cavabdeh – Lizinq alan 1 ədəd “X12” markalı, XWB7T51BDMP856786 Ban nomrəli, ağ rəngli, 17300 manat dəyəri olan avtomobil Satıcı tərəfindən Alıcı və Lizinq alana təhvil verilmişdir. ALY-1541 SAYLİ X4 3 saylı əlavəsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 2850 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cil tarixlərinə 402,15 manat ödəniş etməlidir. xx.xx.2022-ci il tarixli, ALY-1541 saylı X5 3 saylı əlavəsindən görünür ki, müqavilə üzrə Cavabdeh 17,300 manat məbləği illik 15 %-lə, 48 ay müddətinə aylıq 402,15 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ALY-1541 saylı X2 görünür ki, lizinq verən İddiaçı MMC və lizinq alan Cavabdeh olmaqla, həmin lizinq müqaviləsinə görə, lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmasz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılıcaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 1.3.-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləği 17300 manat təşkil edir. Ödənilən 2850 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 15% həcmində mükafat məbləği hesablanır. 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir. 7.3-cü bəndinə görə, tərtib edilmiş “Ödəniş cədvəli” üzrə ödənişlər lizinq alan tərəfindən pozularsa və ödəniş 3 gün müddətinə gecikdirilərsə, lizinq obyekti olan avtomobil saxlanıldıqda, lizinq alan lizinq verən tərəfindən 300 manat məbləğində cərimə edilir. Müqavilənin 9.1.4-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim gündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən öz təsəbbüsü ilə müqaviləni ləğv edə bilər. xx.xx.2022-ci il tarixli, AYL-1541 saylı X5 1 saylı əlavədən görünür ki, lizinqə verilən əmlak 17300 manat dəyərində “Ağ rəngli, “X12” markalı, XWB7T51BDMP856786 ban nömrəli avtomobil olmuşdur. İddiaçı MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli 814 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ALY-1541 saylı X8 üzrə 244.67 manat əsas, 143.48 manat mükafat, 315.41 manat cərimə olmaqla, cəmi borc 703.56 manat təşkil edir. xx.xx.2022-ci il tarixli Cavabdeh İddiaçı MMC-də olan hesabdan çıxarışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi borcun ödənilməsinə muxtəlif əməliyyatlar aparmışdır. "xxxx" MMC-nin servis mərkəzi tərəfindən tərtib edilmiş aktdan görünür ki, “X12” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 450 manat dəyərində qiymətləndirilmişdir xx.xx.2023-cü il avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi X3 və digər tərəfdən isə X9 xx.xx.2023-cü il tarixdə İddiaçı sirkətinə məxsus LOBA markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil-təslimi aparılmış nəqliyyat vasitəsinin əzilmiş hissələri olmadığı, etiyat təkəri və maqnitofon komlektləri olduğu və öz hərəkətləri ilə nəqliyyat duracağına gətirildiyi qeyd edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X12” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. AF 136861 DİN BDYPİ Qİİ/ Masallı ASAN xidmət mərkəzi tərəfindən verilən sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh BC katoqariyası verilmişdir. xx.xx.2023-ci il tarixli 769 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.... Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı. ... 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Müqaviləyə xitam verilməsi ilə bağlı iddiaçının tələbinə dair məhkəmə qeyd edir ki, 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmiş hüquqi mövqeyinə əsasən, müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Bununla da, xx.xx.2023-cü il tarixli 769 saylı bildirişi ilə tərəflər arasında müqaviləyə xitam verilmiş və bu qətnamə ilə məhkəmə həmin müqaviləyə xitam verə bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında X8 imzalanmış və həmin müqavilə əsasında lizinq obyekti qüsursuz şəkildə müqavilədə nəzərdə tutulmuş şərtlərlə lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İstinad edilən hüquq normalarının tələblərindən aydın olur ki, lizinq obyekti lizinq verənin mülkiyyətində qalmaqla, lizinq alanın istifadə və sahibliyinə təqdim edilir. Lakin, daha sonra həmin lizinq obyekti iddiaçının müvəqqəti duracağına yerləşdirilmiş və lizinq alan lizinq ödənişlərin edilməsindən imtina etmişdir. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixində edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC cavabdehdən gecikdirilmiş ödənişini, lizinq verənin mükafatı da daxil olmaqla, Cavabdeh tələb etməkdə tam haqlı olmuşdur. Bununla da, iddia tələbi müqavilə üzrə tələb olunan 244.67 manat gecikdirilmiş əsas, 143.48 manat gecikdirilmiş mükafata münasibətdə də tam əsaslıdır. İş materiallarında olan (qüsur) aktından da göründüyü kimi, lizinq obyektinə dəymiş ümumi ziyan məbləği 450 manat təşkil edir. Məhkəmə iddia tələbini qeyd olunan hissədə tam əsaslı hesab edir. Belə ki, lizinq obyekti olan avtomobil lizinq verənin mülkiyyətidir və avtomobil lizinq alanın sahibliyində olan zaman, həmin avtomobilə ziyan vurulmuşdur. Ona görə də, həmin ziyan məbləği lizinq alandan lizinq verənin xeyrinə tutulmalıdır. Məhkəmə iddianın 315.41 manat dəbbə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə dəbbə pulu razılaşdırılmış, lakin cavabdehə hesablanmış cərimə yüksək olduğundan azaldılmalıdır. Belə ki, cavabdeh öhdəliyini vaxtında icra etməmiş və ödənişləri həyata keçirməyib, lakin iddia ərizəsində qeyd olunan 315,41 manat cərimə ödənilməmiş məbləğinin nisbətində tənasübsüz yüksəkdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cərimə 50 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23 avqust 2022-ci il tarixli ALY-1541 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyul 2023-cü il tarixə 244.67 manat gecikdirilmiş əsas, 143.48 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “X12” minik markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 450 manat məbləğində pulun, ümumilikdə 888.15 manat pul tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 31,94 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23 avqust 2022-ci il tarixli ALY-1541 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyul 2023-cü il tarixə 244.67 manat gecikdirilmiş əsas, 143.48 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “X12” minik markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 450 manat məbləğində pulun, ümumilikdə 888,15 manat borc və ödənilmiş 31.94 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar