Məhkəmə qərarları › İş №e-2(010)-4401/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4401/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4401/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs3 iştirakları ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən JN-230 kodlu, 50402016 saylı “Torpağa mülkiyyət hüququna” dair dövlət aktında adları qeyd olunmuş şəxslərlə yanaşı ona məxsus olması faktınıb müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar islahat komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarı ilə X6, X9, Maraqlı şəxs1, Maraqlı şəxs3 Şəmkir rayon ərazisindən 0.43 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-230 kod, 50402016 saylı “Torpağa mülkiyyət hüququna” dair dövlət aktında onun adı, soyadı, ata adı Ərizəçi olduğu halda, səhvən Ərizəçi Mirzə qızı yazılmışdır. Həmin sənədin düzəldilməsi ilə bağlı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, ona sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğundan adlarda olan səhvin düzəldilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Onun ad, soyad və ata adı şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə həqiqətən də, Ərizəçi kimi qeyd edilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında bildirdi ki, Ərizəçi onun anasıdır. Ərizəçinin ata adı həqiqətən də “İrza”dır. Lakin, torpağa dair sənədin qeydə alınması zamanı ərizəçinin atasının adı səhvən “Mirzə” kimi qeyd edilmişdir ki, bu yanlışlıq da aradan qaldırılmalıdır. Odur ki, ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi.

5. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsi və qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş JN-230 seriyalı, 50402016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 60 nömrəli qərarına əsasən dövlət aktına əlavə edilmiş cizgidə koordinatları göstərilən sərhəd daxilində yerləşən 0.43 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 (ailə üzvləri – X9, Maraqlı şəxs1 və Maraqlı şəxs3) mülkiyyətinə verilmiş, bu barədə dövlət akt qeydləri kitabında 5/230 nömrə ilə qeyd edilmişdir.

8. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-V seriyalı, 029832 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 (atası X12, anası X8) xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonu, Şirazlı kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 23-13 nömrə ilə qeyd edilmişdir.

9. Azərbaycan SSR Şəmkir rayonunun Lenin qəsəbə soveti tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş Xİİİ-JQ seriyalı, 485531 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 (atası X6, anası Ərizəçi) xx.xx.1990-cı il tarixdə Şəmkir rayonun Lenin qəsəbəsində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 14 nömrə ilə qeyd edilmişdir.

10. Ermənistan SSR Ararat rayon Şirazlı kənd qeydiyyat şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş İİİ-SL seriyalı, 287895 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 və X10 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 13 nömrə ilə qeyd edilmişdir.

11. Ermənistan SSR Ararat rayon Şirazlı kənd qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş Vİ-SL seriyalı, 320616 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs1 (atası X6, anası Ərizəçi) xx.xx.1988-ci il tarixdə Ermənistan SSR Ararat rayonunun Şirazlı kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-230 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Akt”ında səhv yazılmış ata adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

İşin faktiki halları.

13. Ərizəçi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş JN-230 seriyalı, 50402016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında ata adının “İrza” olmasına baxmayaraq, səhv olaraq “Mirzə” kimi qeyd olunduğunu bildirmişdir.

14. İş materiallarına əlavə edilmiş doğum və nikah haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərin hər birində ərizəçinin ata adı qrafasında “İrza” qeyd olunduğu görünür.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş JN-230 seriyalı, 50402016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X5 adı qeyd olunmuşdur. Lakin, həmin sənədin tərtib edilməsi zamanı texniki səhvə yol verilmiş, ərizəçinin ata adı “İrza” əvəzinə “Mirzə” kimi qeyd edilmişdir.

18. Məhkəmə hesab edir ki, müvafiq aktın məhz Ərizəçi adına olduğu, ərizəçinin atasının adının İrza olduğu ona məxsus doğum və nikah haqqında şəhadətnamələr və.s bu kimi rəsmi sənədlər əsasında müəyyən edilir.

19. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş JN-230 seriyalı, 50402016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ərizəçi Mustafayeva (Əsədova) Adilə İrza qızına məxsus olması faktı müəyyən edilməlidir.

21. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş JN-230 seriyalı, 50402016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının Mustafayeva (Əsədova) Adilə İrza qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar