Məhkəmə qərarları › İş №e-2(010)-446/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-446/2024

18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-446/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus abunə kodu **********30040 olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 3 nömrəli evin 26 nömrəli mənzili üzrə cəmi 2655,81 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək, məhkəmədən 275,01 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli Dövlət reyestrindən Çıxarışa əsasən onun Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 3 nömrəli evin 26 nömrəli mənzilinin mülkiyyətçisidir. O, həmin mənzili Səlimova Nuriyyə adlı şəxsdən 2008-ci ildə almışdır. Mənzili aldığı vaxtdan indiyədək işığın sayğacını öz adına keçirə bilməyib. Hər dəfə cavabdeh tərəfindən ona köhnə abonentin 2007-ci ilə aid olan 2655 manat məbləğində borcu olduğu bildirilərək, imtina edilib. Hətta həmin borca görə dəfələrlə mənzilə işığın verilməsı cavabdeh tərəfindən hər hansı xəbərdarlıq edilmədən dayandırılıb. İndi də mənzilə işığın verilişi dayandırılıb və bu hal iddiaçıya bir çox çətinliklər yaradır. "xxxx" ASC işıq təminatının inhisar subyekti olduğundan iddiaçının alternativ işıq ala biləcəyi başqa təşkilat yoxdur. Mənzildə işığın olmaması orada yaşayanların qaranlıqda qalmasına, ərzaqların tez korlanmasına gətirib çıxarır. Qarşıdan qış fəslinin gəlməsi ilə havanın tez qaralması və soyuması və digər əlverişli alternativ istilik vasitələrinin də olmaması iddiaçını və onun ailə üzvlərini olduqca çətin vəziyyətə salır. İddiaçı hesab edir ki, həm həmin borc ona aid olmadığından, həm də öhdəliyin mövcudluğundan uzun müddət keçdiyi səbəbi ilə həmin tələb qüvvəsini itirib. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək, bildirir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət edərək məhkəmədən, İddiaçı məxsus abuna kodu **********30040 olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 3 nömrəli evin 26 nömrəli mənzili üzrə cəmi 2655,81 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmədə baxılıb qurtaranadək cavabdeh tərəfindən borcun bir hissəsinin silindiyini və hazırda köhnə borc olaraq 275 manat qaldığını, cavabdehin xx.xx.2024-cü il tarixli cavabında bildirilib ki, tələb edilməyən borc məbləğinin 275,01 manat təşkil edir. Odur ki, iddia ərizəsinə dəqiqləşmə verərək məhkəmədən 275,01 manat borcun silinməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil saldoda və qəbzlərdə olan ziddiyyətlə bağlı arxivdən alqı-satqı barədə notarial qaydasında təsdiq edilmiş işi sorğu edib götürdüyünü, borc olduğuna görə hazırda iddiaçının abonent kodunu öz adına keçirə bilmədiyini bildirmişdir. 275,01 manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC –yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materialları. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışının sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 26,3 kv.m olan mənzil X2 və İddiaçı paylı mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********05- 05101-093004). İş materiallarında olan "xxxx" ASC-nin “Abunə haqqında” məlumatdan görünür ki, ünvan 2 ünvanında **********30040 kodlu abonent Nuriyyə Səlimovaya 275,01 və 2351,8 manat məbləğində borc hesablanmışdır. 23 noyabr 2023-cü il tarixli, 13-13/2-1/16-10403/2023-cü il tarixli "xxxx" ASC tərəfindən “Kredo” vəkil bürosuna məktubundan görünür ki, abunə (**********0040) haqqında məlumat vərəqəsini təqdim edərək bildirilir ki, qeyd olunan ünvan üzrə 21 noyabr 2023-cü tarixinə borc 2354,92 manat təşkil edir. Əlavə olaraq abunə kodu üzrə 275,01 manat tələb edilməyən borc olduğu bildirilmişdir. 21 noyabr 2023-cü il tarixli, 13-13/2-2\18-M-9627-5/2023 saylı "xxxx" ASC-in müraciətin araşdırılmasına dair ərizəsindən görünür ki, **********30040 saylı kod üzrə abunə vərəqi təhlil olunmuş qeyd edilən ünvanda xx.xx.2006-i il tarixdən xx.xx.2009-cü il tarixinədək elektrik hesabat sayğacı olmadığından, enerji sərfiyyatının hesabatı “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq, itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədi ilə yaşayış evindəki işlədicilərin gücünə görə orta sərfiyyatın aparılması dayandırılmışdır. "xxxx" ASC-nın fəaliyyət dövrünədək yaranmış 275 manat məbləği xx.xx.2011-ci il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə koduna ad dəyişikiyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. **********30040 saylı abunə kodu üzrə elektrik enerjisi sərfinə görə ödənişlər tam olmadığından xx.xx.2023-cü il tarixinə 2354,92 manat borc yaranmışdır. Borcun yaranma müddətindən 5 ildən artıq keçdiyi üçün yenidən baxılması mümkün deyildir. Abunə kodunha dəyişiklik edilməsi üçün müvafiq sənədlərlə “ASAN Kommunal” mərkəzinə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16-155/2024 saylı "xxxx" ASC-nin məhkəməyə cavabından görünür kİ, "xxxx" ASC-nin “Abunə haqqında” məlumatpına əsasən, ünvan 2 ünvanında **********30040 kodlu abonent Nuriyyə Səlimovaya 275,01 və 2362,24 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Abonentin hərəkət cədvəlidən” görünür ki, ünvan 3 ünvanında **********30040 kodlu abonent Nuriyyə Səlimovanın 2015-ci il üzrə 2222,24 manat, 2017-ci il üzrə 2216,3 manat, 2018-ci il il üzrə 2268,34 manat, 2019-cu il üzrə 2275,54 manat, 2020-ci il üzrə 2275.86 manat, 2021-ci il üzrə 2302.78 manat, 2022-ci il üzrə 2355,84 manat, 2023-cü il il üzrə 2355.24 manat borcu olduğu görünür. 12 fevral 2024-cü il tarixli "xxxx" ASC-nin “Abunə haqqında” məlumatdan görünür ki, ünvan 2 ünvanında **********30040 kodlu abonent Nuriyyə Səlimovaya 275, 01 və 21,09 manat məbləğində borc hesablanmışdır. xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı (X6) AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixində verilmiş 11/877 nömrəli arayışa əsasən ümumi sahəsi 26,3 kv.m, o cümlədən yaşayış sahəsi 26,3 kv m olan və Bakı şəhəri Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3-də yerləşən 26 saylı iki otaqlı sıxlaşdırılmış xüsusi mənzili alıcının (İddiaçı) mülkiyyətinə verir. Satılan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 580 nömrəli reyestr Kitabının 53328 nömrəli vərəqində qeydə alınmış, reyestr nömrəsi **********05-05***-*******, qeydiyyat nömrəsi 110791057-lə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cıxarışa və xx.xx.2007-ci tarixdə 11/877 saylı arayışa əsasən satıcıya məxsusdur. Müqavilənin 10-cu bəndinə əsasən Alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi Satıcının üzərinə düşür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.... Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar. "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtda cavabdeh "xxxx" ASC tərəfindən ona (**********30040 abunə koduna) 275,01 və 2351,8 manat borc yazılmışdır. İş gedişatında cavabdeh borcun müəyyən hissəsini silmiş və yalnız 275,01 manat tələb olunmayan borc abunə kodunda qalmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir. Məhkəmə ilk öncə onu qeyd edir ki, 275,01 manat həcmində borc 2007-ci ildə iddiaçıya deyil, Səlimova Nuriyyə adında şəxsə yazılmışdır. Həmin dövrdə Səlimova Nuriyyə həmin mənzilin mülkiyyətçisi olmuş, sonra isə xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə mənzili hazırki iş üzrə iddiaçı X1. Müqavilənin 10-cu bəndinə əsasən Səlimova Nuriyyə mənzili iddiaçının sahibliyinə verənədək əmlakın vergisini, telefon, qaz, elektrik enerjisinə və digər xidmətlərlə bağlı yaranmış borclarını mənzili alıcının sahibliyinə verilənədək ödəməli idi. Göründüyü kimi elektrik enerjisinə dair 2007-ci ildə yaranmış borc iddiaçının öhdəlik dairəsinə düşmür. Belə ki, cavabdeh digər borcu silərək, 275.01 manatı tələb edilməyən borc olaraq saxlamışdır. 21 noyabr 2023-cü il tarixli, "xxxx" ASC-in müraciətin araşdırılmasına dair məktubundan görünür ki, həmin borcun ödənilməsi yalnız abunə koduna ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Bu da, öz növbəsində, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına gətirə bilər. Bununla da, iddiaçı 275,01 manat borcun silinməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Son olaraq məhkəmə qeyd edir ki, sözügedən borc 2007-ci ilə aid olan borcdur. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmiş hüquqi mövqeyini də nəzərə alaraq, qanunvericilikdə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il olaraq müəyyən olunmuşdur. Belə olan halda, cavabdeh başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi tələb etmək hüququnu itirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus abunə kodu **********0010 olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi 3 nömrəli evin 26 nömrəli mənzili üzrə 275, 01 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı məxsus abunə kodu **********30040 olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 3 nömrəli evin 26 nömrəli mənzili üzrə cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 275,01 manat məbləğində borc silinsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar