Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-456/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 503 manat əsas, 75,4 manat cərimə, cəmi 578,4 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5412/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə iddia icraatına keçilməsi qərara alınmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və cavabdeh müqavilədə nəzərdə tutulan əşyanı təhvil alaraq öhdəliklərini yerinə yetirməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini icra etməkdən yayınır və onun iddiaçıya borcu yaranmışdır. Hazırda cavabdehin 503 manat əsas, 75,4 manat faiz borcu olmaqla, cəmi 578,4 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 608,4 manat borcu vardır. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, o, həqiqətən də "xxxx" MMC-dən məhsul götürmüşdür. Belə ki, həmin zamanlar şirkətdə işləyirdi və maddi durumu yaxşı idi. Sonradan işdən çıxmış, başqa banklardan da pul götürdüyü üçün heç birini vaxtında ödəyə bilməmişdir. Hazırda anasının gözləri tutulub və yenə gözündən əməliyyat olunmalıdı. Bu səbəbdən əməliyyata da pul lazımdır və iddiaçıya olan borcunu ödəyə bilməyəcək. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materialları.
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti cəmi 599 manat olan telefon almışdır.
6. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən telefon təhvil almışdır.
7. Maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 503 manat ödənilməmiş hissə, 75,4 manat dəbbə pulu, ümumilikdə 578,4 manat borcu yaranmışdır.
8. Xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.
9. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
10. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqaviləsin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
13. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 503 manat əsas borcun tutulması barədə tələb əsaslıdır, lakin müqavilə üzrə cərimə pulu yüksəkdir.
14. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 75,4 dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 manat müəyyən edilməlidir.
Məhkəmə xərcləri.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,60 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 3,40 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 503 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 513 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 503 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 513 (beş yüz on üç) manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,60 (iyirmi altı manat altmış qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 3,40 (üç manat qırx qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.