Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-46/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərərək, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş 700 mm-lik yerüstü neft kəmərinin 24-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 49.2 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, Suraxanı rayonu Binə qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yaşayiş evinin, metal və taxta konstruksiyadan ibarət çardağın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi- Böyükşor Dş 700 mm-lik yerüstü neft kəmərinin 24-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 49.2 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Suraxanı rayonu Binə qəsəbəsi ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evi və metal və taxta konstruksiyadan ibarət çardağ faktı aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Tərəflərin izahatları. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iddianı müdafiə edərək bildirmişdir ki, ekspertiza rəyi ilə razıdırlar. Mühafizə zonası Tərəvəzçilik sovxozu ərazisinə düşür. İddia tələbləri yalnız Cavabdeh qarşıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş üzrə maraqlı şəxs Hövsan Tərəvəzçilik - Südçülük sovxozunun nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materialları. İş materiallarına əlavə edilmiş Təhlükəsizlik İdarəsinin xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixində saat 11:30-da-da 1 saylı qarovulun 1-ci iş növbəsində, 21 və 22 saylı postların (NKİ X5-Suraxanı Neft kəmərlər 0-27 34 km avtomobildə səyyar) ərazisində Suraxan Rayonu Binə qəsəbəsi ünvanında, X6 700 mm-lik yerüstü neft kəmərinin 24 cü km-də kəmərə paralel 1-ci sırada kəmərdən təqribən 49.2 metr aralı məsafədə Cavabdeh məxsus köhnədən mövcud olan yaşayış evinə bitişik xx.xx.2023-cü il tarixdə mühafizəçilər tərəfindən aşkarlanmış 6 metr uzunluğunda və 4 metr enində metal və taxta konstruksiyadan ibarət çardağın və dam örtüyünün quraşdırılmasının xx.xx.2023-cü il tarixdə tam şəkildə yığılaraq yekunlaşması aşkar edilmişdir. Sözügedən həyətyanı sahədə heç kəs olmadığından müvafiq tədbir görmək mümkün olmamışdır. İş materiallarında olan foto-şəkildən görünür ki, naməlum ərazinin foto-şəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Nizamnaməsinin 2.2-ci bəndindən görünür ki, İdarə istehsalatda texniki təhlükəsizliyin təmin edilməsi, neft kəmərlərində qəza hadisələrinin qarşısının alınması və ətraf mühitin mühafizəsi üçün tədbirlər görür. Nizamnamənin 2.3-cü bəndi: İdarə məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edir, idarəyə dəyən zərərin vaxtında ödənilməsinə yönəldilmiş tədbirləri həyata keçirir, hüquqlar əldə edir, vəzifələr daşıyır, neftin nəqli ilə bağlı xidmətlərinin yerinə yetirilməsinə dair əqdlər bağlayır, onların icrasını təmin edir, öhdəliklərinin yernə yetirilməsinə görə məsuliyyət daşıyır. İdarə istehsalatda əməyin mühafizəsi, istehsalat sanitariyası və texniki təhlükəsizliyin tələblərinə riayət olunmasını, eləcə də ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsini təmin edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən yaşayış evinə bitişik metal və taxta konstruksiyalardan ibarət talvar inşa edilmişdir. Həmin talvardan neft kəmərinə olan məsafə 49.2 m, yaşayış evinin əsas divarından isə məsafə 51.8 m təşkil edir. İstifadə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) yazılı formada əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Hövsan Tərəvəzçilik - Südçülük sovxozunun ərazisidir. Sözügedən daşınmaz əmlakın bir hissəsi qaz xəttinin və neft xəttinin mühafizə zolağında yerləşir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi deyil. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8438 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Məmmədli Tamerlanın mütəxəssis rəyində qeyd edilir ki, göstərilən yaşayış evinə bitişik metal və taxta konstruksiyalardan ibarət talvar inşa edilmişdir. Həmin talvardan neft kəmərinə olan məsafə 49.2 m, yaşayış evinin əsas divarından isə məsafə 51.8 m təşkil edir. İstifadə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) yazılı formada əlavə olunmuşdur.Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun ərazisidir. Sözügedən daşınmaz əmlakın bir hissəsi qaz xəttinin və neft xəttinin mühafizə zolağında yerləşir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi deyil. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.... Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.... 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.[24]
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Maddə 23. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar
2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ...dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;...
2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər... Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 685 saylı xx.xx.2002-ci il tarixli Fərmanı.
5. Rayon və şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindən keçən Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərlərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsinə və tikintinin aparılmasına yol verməməklə həmin kəmərlərin mühafizəsini təmin etsinlər. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 saylı xx.xx.2044-cü il tarixli Qərarı. 6.1. “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X2 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”. 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; Neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, doldurma və qəbuletmə körpülərinin, neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ... 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək yuxarıda qeyd olunanlara müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dübəndi-Böyükşor Dş 700 mm-lik yerüstü neft kəmərinin 24-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 49.2 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Suraxanı rayonu Binə qəsəbəsi ünvanında Cavabdeh tərəfindən fərdi inşa edilmiş yaşayış evi və yaşayış evinə bitişik metal və taxta konstruksiyalardan ibarət talvarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Nizamnaməsinə əsasən, idarənin vəzifəsi mühafizə zonasının təhlükəsizliyin təmin edilməsindən ibarətdir. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəmənin Plenum Qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdıran məhkəmə qeyd edir ki, iddiaçının subyektiv hüququnun 1-ci elementi – yəni öz hərəkətlərinə hüquqi ixtiyar yalnız idarənin mühafizə zonasının hüdudları daxilində olan torpaq sahəsinə münasibətdə, yəni neft kəmərlərinə 50 metr məsafə daxilində mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və öz etiraz və dəlillərinin əsaslarını məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə hesab edir ki, sözügedən ünvanda ucaldılmış tikililər məhz Cavabdeh sahibliyindədir. İnşa edilmiş yaşayış evi və metal və taxta konstruksiyadan ibarət çardaq (talvar) qanunsuz tikilidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mütəxəssis rəyinə əsasən, sözügedən talvarın mühafizə zonasında yerləşdiyi və talvardan neft kəmərinə olan məsafənin 49.2 m olduğu müəyyən edilmişdir. Buradan aydındır ki, həmin talvar neft kəmərlərinə 50 metr məsafədə yerləşən sahənin – mühafizə zonasının hüdudları daxilindədir. Həmin mütəxəssis rəyində, yaşayış evindən neft kəmərinə olan məsafənin 51.8 m olduğu və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Hövsan Tərəvəzçilik - Südçülük sovxozunun ərazisi olduğu müəyyən edilmişdir. Buradan isə yaşayış evinin yerləşdiyi torpaq sahəsinin neft kəmərlərinə 50 metr məsafədə yerləşən sahənin – mühafizə zonasının hüdudlarını keçdiyini, yəni həmin zonaya aid olmadığı aydın olur. Bununla yanaşı, mübahisə ilə bağlı mülki iş ekspert rəyinin verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, ekspert rəyinə əsasən, sözügedən talvarın mühafizə zonasında yerləşdiyi və talvardan neft kəmərinə olan məsafənin 49.2 m olduğu, yaşayış evindən neft kəmərinə olan məsafənin isə 51.8 m olduğu və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Hövsan Tərəvəzçilik - Südçülük sovxozunun ərazisi olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi mütəxəssis rəyinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsaslar mövcud deyildir. Belə olan halda, hesab edilir ki, iddiaçı subyektiv hüququnu yalnız mühafizə zonası daxilində həyata keçirə bildiyindən, iddia tələbi yalnız onun mühafizə zonasına düşən metal və taxta konstruksiyalardan ibarət talvarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin sözügedən ünvanda Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin cavabdehin hesabına sökülərək onun ərazidən çıxarılması hissəsində isə məhkəmə qeyd edir ki, həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin İddiaçı mühafizə zonasına aid deyildir. Həmçinin mütəxəssis rəyində yaşayış evinin yerləşdiyi sahənin Hövsan Tərəvəzçilik - Südçülük sovxozunun ərazisi olduğu, tikilinin bir hissəsinin qaz xəttinin və neft xəttinin mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Hövsan Tərəvəzçilik - Südçülük sovxozu mülki işə üçüncü şəxs kimi cəlb edilmiş, lakin mülki işlə bağlı münasibət bildirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş 700 mm-lik yerüstü neft kəmərinin 24-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 49.2 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, Suraxanı rayonu Binə qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş metal və taxta konstruksiyadan ibarət talvar cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE**********0002088501 (VÖEN: **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş 700 mm-lik yerüstü neft kəmərinin 24-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 49.2 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, Suraxanı rayonu Binə qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş metal və taxta konstruksiyadan ibarət talvar cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Dövlət rüsumu kimi ödənilən 100 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapital bank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 50 manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ41NABZ013601**********3944 (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X3, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva