Məhkəmə qərarları › İş №e-2(010)-579/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-579/2025

07.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-579/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus və abonent kodu **********90000 olan ünvan 1 ünvanı üzrə cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 1419,73 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə anadan olmuş, hazırda qeyd edilən ünvanda ailə üzvləri ilə birgə yaşayır və özü isə birinci qrup əlildir. İddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən yazılan əsassız borca görə neçə müddətdir ki, əziyyət çəkir və aldığı pensiya məbləği demək olar ki, hər ay cavabdeh qurumun hesabına ödənilir. İddiaçı hüququnu bilməməsi səbəbindən xx.xx.2024-cü il tarixədək **********90000 abonent kodu üzrə qanunsuz olaraq 1419,73 manat borc məbləği müəyyən edilmişdir. Dəfələrlə iddiaçı və onun oğlu tərəfindən ərizə ilə "xxxx" ASC-yə müraciət edilmişdir ki, yazılmış borc məbləği əsassızdır və həmin məbləğ silinməlidir. Lakin bu günədək heç bir nəticə olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. "xxxx" ASC-nin 31 oktyabr 2024-cü il tarixli məktubunda xx.xx.2024-cü il tarixədək 1419,73 debitor borc olduğu bildirilmiş, həmin borcun nəyə əsasən və necə yaranması barədə ona ətraflı və rəsmi cavab verilməmişdir. Yalnız şifahi verilən cavaba görə bildirilmişdir ki, borc məbləği 2005-ci illərdə yaranıb və həmin məlumatlar barədə sənədlər məhv edilib. "xxxx" ASC tərəfindən İddiaçı əsassız olaraq pul tələb edilir və ona bu barədə məlumat verilməmişdir. Cavabdeh borcun qanuni olmasını sübüt etsə də, iddia müddətini ötürmüşdür.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı əsassız olaraq borc hesablanmışdır. Belə ki, "xxxx" ASC-nin 31 oktyabr 2024-cü il tarixli məktubunda xx.xx.2024-cü il tarixədək 1419,73 debitor borc olduğu bildirilmiş, həmin borcun nəyə əsasən və necə yaranması barədə ona ətraflı və rəsmi cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 4.Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müraciəti əsassızdır. Belə ki, yaranmış borc sərfiyyat borcudur, 2004-cü ildən 2010-cu ilədək olan dövr ərzində aylar üzrə işlədicilərin gücünə görə hesablanmış orta sərfiyyatlara və 489,9 manat məbləği xx.xx.2015-ci il tarixində abonent hesabına daxil edilmiş SN 011772 nömrəli akta görə hesablanmışdır. İddiaçı 104,87 manat “Barmek” dövründə yaranmış borcu olmuş, lakin sonradan silinmişdir. Hesablanmış 1377,03 manat borc 2011-ci ilədək yaranmış borcdur. Həmin borcun 489.90 manat hissəsi tərtib olunmuş akta əsasən hesablanmış, lakin həmin akt hal-hazırda mövcud deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

İş materialları.

5. Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.

6. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, istifadə edilmiş elektrik sərfiyyatına görə “01” oktyabr 2024-cü il tarixinədək 1419,73 manat borc vardır.

7. "xxxx" ASC tərəfindən verilmiş Bildirişdən görünür ki, ödəniləcək məbləğ 1419,73 manatdır.

8. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən verilmiş 3-15-2-1/2/P-4347/2-5-1787/2024 saylı, xx.xx.2024-cü il tarixli X5 ünvanlanmış məktubdan müəyyən olunur ki, Suraxanı RETSİ tərəfindən təqdim olunan evə aid abunə haqqında cədvələ əsasən müəyyən edilmişdir ki, elektrik enerjisinə görə xx.xx.2024-cü il tarixinə 1398,88 manat məbləğində borc vardır. Borcdan 528,34 manat məbləği xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək olan dövrdə aylar üzrə işlədicilərin gücünə görə hesablanmış orta sərfiyyatlara, 489,9 manat məbləği xx.xx.2015-ci il tarixində abonent hesabına daxil edilmiş SN 011772 nömrəli akta görə, qalan 380,64 manat məbləği isə sayğacla müəyyənləşən sərfiyyatın dəyərinə uyğun yaranmışdır. xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrdə elektrik enerjisinə görə yaranmış 104,87 manat borc məbləği ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Abonentin xx.xx.2004-cü il tarixində qeydiyyata alınmasına baxmayaraq, hesablaşma elektrik sayğacı xx.xx.2010-cu il tarixində quraşdırılmış və həmin dövr üçün aylar üzrə işlədicilərin gücünə görə orta sərfiyyatlar hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsinini itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.3-ci bəndinə əsasən enerji təchizatı müəssisənin şəbəkəsinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərə əsasən aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, akt, hesabat sənədlərinin təqdim olunmasını, işlədicilərin gücünə görə hesablanmış 528.34 manat borc məbləğinin silinməsi məsələsinə və akta görə aparılan hesabat Qaydalarına uyğun baxılması məqsədilə "xxxx" ASC-yə məktublar ünvanlanmışdır. "xxxx" ASC-nin cavab məktubunda hesabat sayğacı olmadığı üçün aylar üzrə orta sərfiyyatlar hesablandığı, sayğacdan kənar elektrik enerjisindən istifadəyə görə akt tərtib edilərək hesabat aparıldığı və bütün hesabatın aparıldığı tarixdən beş ildən çox vaxt keçdiyi üçün saxlanılmadığından təqdim edilməsinin və baxılmasının mümkün olmadığı qeyd edilmişdir.

9. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən təqdim olunmuş Rəydən müəyyən olunur ki, akta görə yaranmış 489,90 manat məbləğinin, xx.xx.2010-cu il tarixinədək işlədicilərin gücünə görə orta sərfiyyata əsasən yaranmış 539,67 manat məbləğin silinməsi məqsədə uyğun hesab edilmişdir.

10. xx.xx.2024-cü il tarixli Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2004-cü il tarixli BOEO saylı qeydiyyata əsasən Səkinə Əliyevanın 1377,03 manat borcu vardır.

İşin faktiki halları.

11. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən verilmiş 3-15-2-1/2/P-4347/2-5-1787/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Suraxanı ETSİ tərəfindən təqdim olunan evə aid abunə haqqında cədvələ əsasən müəyyən edilmişdir ki, elektrik enerjisinə görə xx.xx.2024-cü il tarixinə 1398,88 manat məbləğində borc vardır. Borcdan 528,34 manat məbləği xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək olan dövrdə aylar üzrə işlədicilərin gücünə görə hesablanmış orta sərfiyyatlara, 489,9 manat məbləği xx.xx.2015ci il tarixində abonent hesabına daxil edilmiş SN 011772 nömrəli akta görə, qalan 380,64 manat məbləği isə sayğacla müəyyənləşən sərfiyyatın dəyərinə uyğun yaranmışdır. xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrdə elektrik enerjisinə görə yaranmış 104,87 manat borc məbləği ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Abonentin xx.xx.2004-cü il tarixində qeydiyyata alınmasına baxmayaraq, hesablaşma elektrik sayğacı xx.xx.2010-cu il tarixində quraşdırılmış və həmin dövr üçün aylar üzrə işlədicilərin gücünə görə orta sərfiyyatlar hesablanmışdır. xx.xx.2024-cü il tarixli Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2004-cü il tarixli BOEO saylı qeydiyyata əsasən Səkinə Əliyevanın 1377,03 manat borcu vardır.

12.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 13.“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı

4. X1 Rejimləri və Əsas Şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

8. Elektrik Enerjisindən (X8) X3 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.7. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır.

14. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən verilmiş 3-15-2- 1/2/P-4347/2-5-1787/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Suraxanı ETSİ tərəfindən təqdim olunan evə aid abunə haqqında cədvələ əsasən müəyyən edilmişdir ki, elektrik enerjisinə görə xx.xx.2024-cü il tarixinə 1398,88 manat məbləğində borc vardır. Borcdan 528,34 manat məbləği xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək olan dövrdə aylar üzrə işlədicilərin gücünə görə hesablanmış orta sərfiyyatlara, 489,9 manat məbləği xx.xx.2015-ci il tarixində abonent hesabına daxil edilmiş SN 011772 nömrəli akta görə, qalan 380,64 manat məbləği isə sayğacla müəyyənləşən sərfiyyatın dəyərinə uyğun yaranmışdır. xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrdə elektrik enerjisinə görə yaranmış 104,87 manat borc məbləği ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Abonentin xx.xx.2004-cü il tarixində qeydiyyata alınmasına baxmayaraq, hesablaşma elektrik sayğacı xx.xx.2010-cu il tarixində quraşdırılmış və həmin dövr üçün aylar üzrə işlədicilərin gücünə görə orta sərfiyyatlar hesablanmışdır. xx.xx.2024-cü il tarixli Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2004-cü il tarixli BOEO saylı qeydiyyata əsasən Səkinə Əliyevanın 1377,03 manat borcu vardır.

18. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək olan dövrdə aylar üzrə işlədicilərin gücünə görə hesablanmış orta sərfiyyatlara yaranmış borc sərfiyyat borcudur və 489,9 manat məbləği xx.xx.2015-ci il tarixində abonent hesabına daxil edilmiş SN 011772 nömrəli akta görə yaranmış borcdur. Hal-hazırda saldodan müəyyən olunur ki, abonentin cəmi 1377,03 manat borcu yaranmışdır.

19. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin olunmalı və abunə haqqında bildirişə əsasən tələb olunan 1377,03 manat yaranmış borc abonentin saldosundan silinməlidir.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 33.77 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında İddiaçı tələb olunan (abonent kodu **********90000) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış 1377,03 (min üç yüz yetmiş yeddi manat, üç qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 33.77 (otuz üç manat, yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. 22.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanında İddiaçı tələb olunan (abonent kodu **********90000) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış 1377,03 (min üç yüz yetmiş yeddi manat, üç qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 33.77 (otuz üç manat, yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar