Məhkəmə qərarları › İş №e-2(010)-6219/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-6219/2024

24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-6219/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs “Daşınmaz Əmlakən Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi) “sənədə düzəliş edilməsi”nə dair ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs “Daşınmaz Əmlakən Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi) “sənədə düzəliş edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1996-cı ildə ölmüş nənəsi X1 adına olan “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportda yazılmış “Рабия” adının digər sənədlərdə göstərildiyi “Rəviyə” adı kimi düzəliş edilməsi (oxunması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən tələbləri pozulduğundan ərizəçiyə geri qaytarılmalıdır. 1) Ərizənin xahiş hissəsindən görünür ki, ərizəçi məhkəmədən nənəsinin adına olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda “Rəbiyə” şəklində yazılmış adın “Rəviyə”yə düzəldilməsini xahiş etmişdir. Xahişdən belə başa düşülür ki, Ərizəçi məhkəmədən müvafiq sənədin nənəsi Rəviyə Qasımovaya məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Lakin ərizənin xahiş hissəsi düzgün tərtib edilməmiş, xahiş “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” şəklində yox, “sənədə adla bağlı düzəliş edilməsi” şəklində ifadə edilmişdir. Nəzərə alınmalıdır ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarı, bənd 6.2). 2) Ərizəyə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Elektron qaydada verilmiş ərizə üçün dövlət rüsumunun ödəniş tarixi xx.xx.2022-ci il tarixidir. Müvafiq ərizə isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Buradan belə görünür ki, ərizəçi bu ərizə ilə məhkəməyə müraciət etmək üçün ödəməli olduğu rüsumu üç ilə yaxın bir müddət əvvəl ödəmişdir. Nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi dövlət rüsumunun tutulduğu hallardan biridir. Məhkəmə hesab edir ki, ərizəçi bu qədər uzun vaxt əvvəl hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün rüsum ödəmiş ola bilməyəcəyindən ərizəyə əlavə edilmiş qəbz, ərizəçinin 2022-ci ilin əvvəllərində başqa bir ərizə ilə məhkəməyə müraciət edərkən ödədiyi rüsumu göstərir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suarxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda məhkəmə, ərizəçi tərəfindən məhz bu ərizə ilə məhkəməyə müraciət edilərkən heç bir dövlət rüsumu ödənilmədiyi nəticəsinə gəlir. Göründüyü kimi, ərizə yuxarıda qeyd edilmiş nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 307-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs “Daşınmaz Əmlakən Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi) “sənədə düzəliş edilməsi”nə dair ərizə ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar