Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-631/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və qeyrisinə qarşı “miras əmlakın faktiki qəbul edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın faktiki qəbul edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına verilmiş 28.10.2020-ci il tarixli 2V-365 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən mənzilə dair AR ƏMDK Dövlət Reyestr Xidmətindən verilmiş çıxarışın ləğv olunması və iddiaçının miras əmlakı tam payda faktiki qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmiş, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsi isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı və Cavabdeh yaxın qohum, yəni doğma bacı-qardaşdırlar və onların 1-ci dərəcəli qohumluq münasibətləri var. Mübahisənin məzmunu ondan ibarətdir ki, tərəflərin atası X7 2018-ci ilin iyul ayında vəfat edib və İddiaçı atası vəfat edən günədək orada yaşamış və ondan sonra da öz ailə üzvləri, yəni həyat yoldaşı və uşaqları ilə birlikdə atalarından miras qalmış ünvan 1 ünvanında yaşamağa davam etmişdir. Beləliklə də iddiaçı miras əmlakı faktiki olaraq qəbul etdiyini nümayiş etdirmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən şəxs öz əməlləri ilə miras əmlaka faktiki olaraq sahib olduğunu göstərirsə, o, həmin əmlakı faktiki qəbul etmiş hesab olunur. İddiaçı öz əməlləri ilə həmin mənzildə yaşamaq və mənzilə qulluq etməklə, zəruri bütün kommunal və digər xərcləri ödəməklə həmin mənzilin yaxşılaşdırılmasında bilavasitə iştirak etmiş və miras əmlakı faktiki qəbul etmişdir. Cavabdeh isə 20 il olar ki, ailə həyatı qurmuş və həmin mənzildən getmiş, həmçinin həmin mənzilə qayıtmamaqla bir daha orada yaşamamışdır. Tərəflər arasındakı mübahisələrlə bağlı bundan əvvəlki Suraxanı Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, cavabdeh öz atasının yas mərasiminə belə gəlməmişdir. Sonradan özünün mənzil şəraitinin yaxşı olmaması səbəbindən cavabdeh miras əmlakda pay hüququnun olması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddət keçdiyinə görə hər üç instansiya məhkəməsi tərəfindən şəxsin iddiası rədd edilmişdir. Lakin həmin iddiaya baxıldığı müddətdə qanunverciliyin tələbləri pozularaq daşınmaz əmlakın dövlət reyestrində şəxsin ½ hissə pay hüququ müəyyən edilib, halbuki bu hal qanunvericiliyə tamamilə ziddir. Buna görə də qeyd olunanların nəzə alınaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4815/2019 nömrəli iş üzrə qəbul etdiyi 09.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mirasda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2(103)-791/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4815/19 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4002/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2(103)-791/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2(103)-1623/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4815/19 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3977/2021 nömrəli iş üzrə qəbul etdiyi 22.09.2021-ci il tarixli Qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1623/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 28.10.2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X2 vərəsəsi kimi miras əmlakdan ½ hissə pay almalıdır. Miras əmlak ünvan 2 ünvanından ibarətdir. 28.10.2020-ci il tarixli, 2 “V” 365 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydoyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 31.07.2018-ci il tarixdə ölmüşdür. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Ramin Zülfüqarovun Cavabdeh ünvanladığı 16.08.2019-cu il tarixli məktubdan görünür ki, qardaşı İddiaçı ilə aralarında mübahisə olduğu üçün ona qanun üzrə vərəsə kimi vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Bu məsələ ilə əlaqədar ona mərhumun sonuncu yaşayış yeri üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Notariat işində olan 16.10.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh vəfat etmiş atası X1 miras qalmış ünvan 2 ünvanını qəbul etmiş və həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Ramin Zülfüqarovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 16.10.2019-cu il tarixli məktubdan görünür ki, 31.07.2018-ci il tarixdə vəfat etmiş mərhum X3 vərəsəsi olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D”Y/S, ev 6, mənzil 69-da qeydiyyatda olan qızı-Cavabdeh ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alaraq çıxarış verilməsinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına (½ hissədə) 04.11.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X6 məxsus ½ hissə açıq qalmışdır. Ödəniş qəbzlərindən görünür ki, ünvan 2 ünvanı üzrə Sultanova K.E, Sultanov S.T. tərəfindən müxtəlif vaxtlarda su və qaz üzrə borclar ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan normalardan göründüyü kimi qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur. - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) - əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü var. - miras əmlaka faktiki sahiblik etmək; - miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir. (vərəsənin miras qoyannın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin həmin mənzildə yaşamaqda davam etməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər.) Həmçinin, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddənin mənasına görə, miras onun açıldığı gündən üç ay ərzində mirası qəbul etmiş olsun və mirasın açıldığı gündən altı ay müddət keçməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3.-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 19-cu bəndində qeyd edilib ki, əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Notariat hərəkətlərinin aparılmasından əvvəl notarius "Elektron notariat" informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi, eləcə də müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş razılığın təsdiqi və ya razılıqdan imtina edilib-edilməməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh eyni miras əmlakın vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı daha əvvəl notariat orqanına (iş üzrə digər cavabdeh) müraciət etmiş, lakin həmin notariat orqanı onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünü bildirərək, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Cavabdeh notariat orqanının bu hərəkətindən məhkəməyə şikayət etsə də, məhkəmə onun mirası formal və faktiki əsaslarla qəbul etməməsi faktına əsaslanaraq, iddianı təmin etməmişdir. Beləliklə, hazırkı işin mübahisələndirilməyən hallarından biri odur ki, Cavabdeh mübahisələndirilən miras əmlakın vərəsəlik qaydasında qəbulu üçün qanunla müəyyən edilmiş müddətdən sonra-miras qoyanın ölümündən 8 ay sonra müraciət etmiş, bu müddət ərzində isə mirası faktiki qəbul etmək üçün, o cümlədən ona sahiblənmək və ya onu idarə etmək üçün heç bir hərəkət nümayiş etdirməmişdir. Halbuki, bunun əksinə olaraq iddiaçı miras açıldıqdan sonra miras əmlaka sahiblik etməklə onu idarə edib. Bu fakt iş materallarına əlavə olunan yaşayış yeri üzrə arayış, kommunal xidmətlərdən istifadəyə görə ödəniş qəbzləri ilə təsdiq edilib. Qeyd edilənlər notariat orqanının qanunun tələblərini pozmaqla vərəsəlik hüququna dair şəhadətnamə verməsini, eyni zamanda iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmasını təsdiq edir. Cavabdeh miras payı qəbul edə bilməməsi nəticəsində miras kütləsinin artması, bunun isə iddiaçının miras payını artırması ilə nəticələnməsi iddiaçının mənafeyinə xidmət edir. İş materiallarından da göründüyü kimi notariat işində notariusun vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinası barədə məktubu olduğu, habelə, Cavabdeh tərəfindən yeni sübut təqdim edilmədiyi halda notarius həmin hala əhəmiyyət vermədən mübahisələndirilən şəhadətnaməni Cavabdeh təqdim edib. Bu hal isə, mülki qanunvericiliyin, xüsusilə də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 19-cu maddəsinin pozuntusudur. Məhkəmə eyni tərəflər arasında eyni predmet üzrə mübahisəyə dair əvvəlki məhkəmə qərarlarının preyudisial əhəmiyyətini nəzərə alaraq bu qənaətə gəlir ki, cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu qanunazidd olaraq mübahisələndirilən vərəsəlik şəhadətnaməsini verib. Bununla yanaşı, iş materaillarından göründüyü kimi, mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh mübahisəli miras əmlak hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Həmin şəhadətnamənin ləğvi mülkiyyət hüququnun qeydə alınması üçün istinad olunmuş əsasın aradan qalxması ilə nəticələncək ki, bu da reyestr qeydinin ləğvi üçün əsasdır. Bunu nəzərə alan məhkəmə iddianı bu hissədə də əsaslı hesab edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh adına verilmiş 28.10.2020-ci il tarixli 2V-365 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən mənzilə dair AR ƏMDK Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarış ləğv olunmalı, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakı faktiki qəbul etməsi halı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh adına verilmiş 28.10.2020-ci il tarixli 2V-365 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ləğv olunsun. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakı faktiki qəbul etməsi halı müəyyən edilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-631/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-631/2022
18.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver