Məhkəmə qərarları › İş №e-2(010)-67/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-67/2025

18.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-67/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və X10 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair və X10 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və digər bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzilinin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2023-cü il tarixli, 4Ə-496 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə onun və övladlarının istifadə hüquqlarının tanınmasına, onun azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X14 ilə birlikdə mübahisəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı X20 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və digər bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli, 4Ə-1/139 reyestr nömrəli müqavilənin ləğv olunmasına və eyni zamanda Cavabdeh2 həmin mənzili qardaşı Cavabdeh1 bağışlamasına dair xx.xx.2023-cü il tarixli, 4-696 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsin e-2(010)-3616/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X10 cavabdehlər Bakı şəhəri 37 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğv olunması və sair tələbinə dair e-2(010)-3616/2024 saylı mülki iş İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürmə və istifadə hüququnun tanınması” tələbinə dair e-2(010)-718/2024 saylı mülki işə birləşdirilməsi və qeyd olunan mülki işə e-2(010)-718/2024 nömrə altında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 14 iyun 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Suraxanı rayon qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 795 № ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan üç övladları - xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X14 anadan olmuşlar. Halhazırda övladları onunla bir yerdə yaşayır və uzun müddətdir ki, faktiki olaraq onun himayəsindədirlər. Eyni zamanda Cavabdeh2 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 ilə ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, 4 saylı evin, 2 nömrəli mənzilinə köçmüş, o cümlədən, valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyalarını da həmin evə gətirmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, 4 saylı evin, 2 nömrəli mənzilinə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli, 4Ə-1/139 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən atası tərəfindən ailələrinə bağışlanmışdır. Lakin milli mentalitetə uyğun olaraq bağışlama müqaviləsi ilə mənzil onun deyil, ailə başçısı və kişi cinsinə mənsub olduğundan Cavabdeh2 mülkiyyətinə verilmişdir. O, Cavabdeh2 ilə 10 ildən uzun müddətə ailə münasibətlərində olmuş, birgə təsərrüfatı idarə etmişlər. Lakin bir müddət sonra cavabdehin ona qarşı münasibətləri kəskin dəyişmişdir. Cavabdeh heç bir səbəb olmadan hər gün evdə söz-söhbət yaradır, öz hərəkətləri ilə ailələrinin dağılmasına çalışırdı. Sonuncu dəfə cavabdeh ilə aralarında yenə də münaqişə yaranmış, sonuncu onu birgə yaşadıqları evdən qovaraq küçəyə atmışdır. Bundan sonra isə onu yaşadıqları evə buraxmamışdır. Hətta evdə olan cehiz əmlaklarını belə götürməyinə icazə verməmişdir. Cehiz əşyaları, hətta geyim paltarları və şəxsi əşyaları da cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə qalmışdır. Dəfələrlə tələb etsə də, cavabdeh onları mənzili buraxmamaqla yanaşı cehiz əşyalarını, özünün və uşaqlarının paltarlarını və şəxsi əşyalarını qaytarmaq istəmir. Bu əşyalar sonunucu dəfə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, 4 saylı evin, 2 nömrəli mənzilində qalmışdır. Eyni zamanda Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vəkil sorğusuna verilən cavabla ona məlum olmuşdur ki, Cavabdeh2 mübahisəli evə istifadə hüququnun tanınmaması üçün mənzili qardaşı, digər Cavabdeh1 bağışlamışdır. Həmin bağışlama müqaviləsi o,“nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən dərhal sonra, yəni xx.xx.2023-cü il tarixdə bağlanmış, 4Ə-696 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Buradan da aydın olur ki, Cavabdeh2 onun və övladlarının həmin mənzilə olan istifadə hüququndan məhrum olması məqsədilə formal bağışlama müqaviləsi tərtib edərək, onun razılığı olmadan həmin mənzili özgəsinin mülkiyyətinə vermişdir. Beləliklə, bu cür müqavilə görünüş üçün bağlanmaqla, tamamilə etibarsız hesab olunmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı X20 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 ilə 14 iyun 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları-xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X14 anadan olmuşlar. Hal-hazırda uşaqlar iddiaçının (X20) qızı ilə bir yerdə yaşayır və uzun müddətdir ki, faktiki olaraq qızının himayəsindədir. Qızı, Cavabdeh2 ilə ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V massivi, 4 saylı evin, 2 nömrəli mənzilinə köçmüş, o cümlədən ona verilən cehiz əşyaları da həmin evə gətirmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V massivi, 4 saylı evin, 2 nömrəli mənzili xx.xx.2013-cü il tarixli, 4Ə-1/139 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən onun tərəfindən qızının ailəsinə bağışlanmışdır. Lakin milli mentalitetə uyğun olaraq bağışlama müqaviləsi ilə mənzili qızının deyil, ailə başçısı və kişi cinsinə mənsub olduğundan Cavabdeh2 mülkiyyətinə vermişdir. Mənzili Cavabdeh2 mülkiyyətinə verdikdə əsas şərti isə qızının rahat ailə həyatı sürməsi olmuşdur. Məhz qızının firavanlığı və milli dəyərlərini də nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V massivi, 4 saylı evin, 2 nömrəli mənzili bağışlama müqaviləsi ilə Cavabdeh2 mülkiyyətinə vermişdir. Qızı və Cavabdeh2 10 ildən çox müddətə ailə münasibətlərində olmuşlar. Lakin bir müddət sonra Cavabdeh2 İddiaçı qarşı olan münasibətləri kəskin dəyişmiş, cavabdeh heç bir səbəb olmadan hər gün evdə söz-söhbət yaratmış, öz hərəkətləri ilə ailəsinin dağılmasına çalışmışdır. Sonuncu dəfə cavabdeh ilə qızı arasında yenə də münaqişə yaranmış, cavabdeh İddiaçı birgə yaşadıqları evdən qovmuşdur. Bundan sonra isə qızını birgə yaşadıqlar evə buraxmamışdır. Hətta evdə olan cehiz əmlaklarını belə götürməyinə icazə verməmişdir. O, birgə nikahdan olan uşaqları ilə Cavabdeh2 ilə həmin evdə birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Həmin mənzildə qızı cavabdehlə bərabər hüquq və vəzifələrə malikdir. Mənzildə qızı və nəvələrinin cavabdehlə bərabər hüquq və vəzifələrə malikdir. Cavabdehin təqsiri üzündən qızı və nəvələrinin hüququ olan olan mənzilə köçmək imkanından məhrum olduğundan bunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə qaydası ilə mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızı (İddiaçı) mənzilinə olan istifadə hüquqlarının tanınması üçün “istifadə hüququnun tanınmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra həmin işə məhkəmə baxışında Cavabdeh2 nümayəndəsi qəti olaraq bildirmişdir ki, cavabdeh qızı və nəvələrini evə buraxmaq istəmir, hətta xx.xx.2023-cü il tarixli, 4Ə-696 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin mənzili qardaşı Cavabdeh1 bağışlamışdır. Bununla da ona məlum olmuşdur ki, cavabdeh onunla arasındakı bağışlama müqaviləsinin öhdəliklərini icra etmir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

6. İddiaçı və X10 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh2 ilə 14 iyun 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, 4 saylı evin, 2 nömrəli mənzili digər iddiaçı X15 mülkiyyətində olmuş və həmin mənzil xx.xx.2013-cü il tarixdə bağışlama müqaviləsinə əsasən atası, digər iddiaçı (X20) tərəfindən Cavabdeh2 bağışlanmışdır. Nikah bağlandıqdan sonra sözügedən mənzilə onun tərəfindən cehiz əşyaları gətirilmişdir. X20 mənzili Cavabdeh2 o məqsədlə bağışlamışdır ki, onun qızı və nəvələrinin orada yaşamaqları təmin olunmalıdır. 2023-cü ildən tərəflər arasında olan münasibətlər pisləşmiş və xx.xx.2024-cü il tarixdə nikah pozulmuşdur. İddiaçı tərəfindən “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, 4 saylı evin, 2 nömrəli mənzili qardaşı Cavabdeh1 bağışlamışdır. İddiaçı tərəfindən irəli sürülən “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” iddia tələbinin məhkəmə baxışı zamanı X15 bəlli olmuşdur ki, onun qızına həmin mənzildə yaşamaq, ondan istifadə etmək hüququnun həyata keçirilməsinə Cavabdeh2 tərəfindən icazə verilmir, ona görə də hesab edir ki, Cavabdeh2 bağışlama müqaviləsindən irəli gələn vəzifələri kobud şəkildə pozduğundan xx.xx.2013-cü il tarixli bağışlama müqavilənin ləğv olunmalı və eyni zamanda Cavabdeh2 həmin mənzili qardaşı Cavabdeh1 bağışlamasına dair xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixli mənzilin bağışlama müqaviləsi ilə X20, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 4, 22 nömrəli mənzili Cavabdeh2 bağışlamışdır. İddiaçı ilə Cavabdeh2 nikah münasibətlərinə daxil olmamışdan əvvəl iddiaçı X20 Cavabdeh2 ailəsi ilə birgə biznes fəaliyyəti ilə məşğul olmuş, onun bu fəaliyyətlə bağlı Cavabdeh2 ailəsinə borcu yaranmışdır və daha sonra sözügedən mənzil tərəflər rəsmi nikaha daxil olduqdan sonra Cavabdeh2 keçmiş borcun əvəzi kimi verilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra Cəlilabad rayonununda yaşamış və oğlu- X1 pisləşməsi ilə əlaqədar olaraq, onun müalicə olunması məqsədli ilə 2022-ci il tarixdən etibarən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 4, 22 nömrəli mənzildə yaşamağa başlamışlar. Onların arasında mövcud olan nikah münasibətləri 2022-ci il iyun ayında pisləşmişdir. Nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət edilmiş və bununla bağlı qətnamə 2024-cü il tarixdə qəbul olunmuşdur. Həmin mənzil X6 müalicə olunması məqsədilə satılmalı olduğundan, eyni zamanda cavabdehin Kapital Bankda kredit müqaviləsi üzrə ödənilməmiş borcunun mövcud olması, eləcə də keçmiş borcun sadəcə ona qarşı deyil, ümumilikdə ailəsinin qarşısında mövcüdluğu səbəbindən mənzili qardaşı, ailənin digər üzvü olan Cavabdeh1 Kainat oğlunun adına keçirmişdir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

İş materialları.

8. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” Publik hüquqi şəxs “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-32/2-1688/2023 nömrəli arayışın surətindən müəyyən olunur ki, İddiaçı həqiqətən Cəlilabad şəhərində yaşayır və xx.xx.2012-ci il tarixində cinsi qadın olan diri birinci uşaq, xx.xx.2014-cü il tarixində cinsi kişi olan diri ikinci uşaq xx.xx.2018-ci il tarixində cinsi qadın olan diri üçüncü uşaq Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Doğum və Ginekologiya şöbəsində doğulmuşdur.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad şəhər X12 R.Abdullayev adına 2 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 157 nömrəli arayışın surətindən müəyyən olunur ki, X13 2019-2020-ci tədris ilindən 2021-2022-ci tədris ilinədək Cəlilabad şəhər X12 R.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəisi Cəlilabad şəhər X12 R.Abdullayev adına 2 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 158 nömrəli arayışın surətindən müəyyən olunur ki, X11 2017-2018-ci tədris ilindən 2021-2022-ci tədris ilinədək Cəlilabad şəhər X12 R.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfiindən verilmiş məlumatın surətindən müəyyən olunur ki, X2 limfoblast leykemiya (All), kəskin limfoplast leykoz B-hüceyrə SR diaqnozu ilə birinci dərəcəli əlildir.

12. xx.xx.2024-cü il tarixli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2024-cü tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya dair xərc və 10 manat kargüzarlıq xərci ödəmişdir.

13. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Məmmədov X9 rayonu, Cəlilabad şəhəri, Əhməd Abdullayev küçəsi ev 37 ünvanda qeydiyyatdadır.

14. 4 saylı ünvan 3ət tərəfindən verilmiş Arayışın surətindən müəyyən olunur ki, X11 xx.xx.2012-ci il tarixdə Cəlilabad rayonu, Cəlilabad şəhərində anadan olmuşdur.

15. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 xx.xx.2014-cü il tarixdə doğulmuşdur.

16. Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2018-ci il tarixdə Cəlilabad rayonu, Cəlilabad şəhərində doğulmuşdur.

17. xx.xx.2013-cü il tarixli Mənzilin bağışlama müqaviləsindən müəyyən olunur ki, X20, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 06/608 Nömrəli forma 1 arayışa və 1334 nömrəli reyestr kitabının, 121877-ci səhifəsində, reyestr nömrəsi **********63-05101-093034, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2011-ci il tarixli reyestrdən çıxarış əsasında ünvan 4 ünvanında yerləşən, y/s 16.59 kv.m yardımçı sahəsi 15.3 kv.m., ümumi sahəsi 31,89 kv.m. olan bir otaqlı şəxsi mənzili Cavabdeh2 bağışlamışdır.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə ünvan 4 X10 adına qeydiyyata alınmışdır.

19. xx.xx.2013-cü il tarixli, 1443 nömrəli arayışın surətindən müəyyən olunur ki, X3 qəsəbəsi, V Y/S, 4 saylı evin 22 nömrəli mənzilində yaşayır. Mənzil ona məxsusdur. Mənzilin qeydiyyatında heç kim yoxdur.

20. Masallı rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 xx.xx.1992-ci il tarixdə Masallı rayonunda doğulmuş, atası X20, anası X7r.

21. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 ilə X21 xx.xx.2011-ci il tarixdə 795 nömrəli qeydi ilə nikahlarını bağılamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova, ərə Məmmədov soyadı verilmişdir.

22. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2, ünvan 4 ünvanında 31,89 kv/m, yaşayış sahəsi 16,59 kv/m, yardımçı sahəsi 15,3 kv olan bir otaqlı mənzili tam mülkiyyət üzrə Cavabdeh1 hədiyyə etmişdir.

23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə ünvan 4 Cavabdeh2 adına qeydiyyata alınmışdır.

24. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətinin ünvanı ünvan 55. Bakı şəhəri Suraxanı rayon RPİ-nin, xx.xx.2023-cü il tarixli Qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir.

26. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)-195/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 795 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Suraxanı rayon Məhkəməsinin e-16(010)-184/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla, Cavabdeh2 xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.

27. Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.1986-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, atası X16, anası X4r.

28. Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfinfən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1990-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, atası X16, anası X4r.

İşin faktiki halları.

29. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh2 ilə 14 iyun 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan üç övladları- xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X14 anadan olmuşdur. xx.xx.2013-cü il tarixdə X20 öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən şəxsi mənzili qızının əri Cavabdeh2 bağışlamışdır. Daha sonra tərəflər arasında münasibətlər gərginləşmiş və İddiaçı Suraxanı rayon Polis idarəsinə ərizə ilə müraciət edərək oğlu Kamalın xəstəliyi ilə bağlı olaraq sosial şəbəkələr və xalq tərəfindən maddi yardım kimi ödənilən 114000 manatın və qohumlar tərəfindən nağd şəkildə verilmiş 10000 manat pul vəsaitinin və ona məxsus olan qızıl-zinət əşyalarının Cavabdeh2 alınaraq ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon RPİ-nin xx.xx.2023-cü il tarixli Qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzili Cavabdeh1 hədiyyə etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)-195/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 795 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Suraxanı rayon Məhkəməsinin e- 16(010)-184/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla, Cavabdeh2 xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.

Tətbiq edilən hüquq.

30. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673. Bağışlamaqdan imtina 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1.hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2.hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3.o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

33. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarı Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

35. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh2 ilə 14 iyun 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan üç övladları- xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X14 anadan olmuşdur.xx.xx.2013-cü il tarixdə İddiaçı atası X20 öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən şəxsi mənzili Cavabdeh2 bağışlamışdır. Daha sonra tərəflər arasında münasibətlər gərginləşmiş və İddiaçı xx.xx.2023-cü il tarixdə Suraxanı rayon Polis idarəsinə ərizə ilə müraciət edərək oğlu Kamalın xəstəliyi ilə bağlı olaraq sosial şəbəkələr və xalq tərəfindən maddi yardım kimi ödənilən 114000 manatın və qohumlar tərəfindən nağd şəkildə verilmiş 10000 manat pul vəsaitinin və ona məxsus olan qızıl-zinət əşyalarının Cavabdeh2 alınaraq ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon RPİ-nin xx.xx.2023-cü il tarixli Qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzili qardaşı Cavabdeh1 hədiyyə etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)- 195/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 795 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Suraxanı rayon Məhkəməsinin e-16(010)-184/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla, Cavabdeh2 xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.

36. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

37. İş materiallarından müəyyən olunur ki, iddiaçı X20 digər İddiaçı atasıdır. O, öz mülkiyyətində olan mənzili ailə dəyərlərinin qorunması məqsədilə nikah bağlandıqdan sonra qızının həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. İddiaçı iddia edir ki, öz mülkiyyətində olan mənzili cavabdehə bağışlamasında olan niyyəti ondan ibarət olmuşdur ki, həmin mənzildə onun qızı öz övladları ilə birlikdə yaşasın, lakin cavabdeh tərəfindən buna şərait yaradılmayaraq mənzil cavabdehin qardaşının adına özgəninkiləşdirilmişdir. Hal-hazırda isə tərəflər arasında nikah xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulmuş və hədiyyə verən imtina haqqında bildirişi xx.xx.2024-cü il tarixdə hədiyyə alana göndərmişdir.

38. Cavabdeh tərəf isə iddia edir ki, tərəflər nikaha daxil olmamışdan öncə ailələr arasında şərikli biznes mövcud olmuş və mənzilin iddiaçı X20 tərəfindən bağışlanmasına səbəb iddiaçının cavabdehlərin ailə üzvü qarşısında borcunun yaranması olmuşdur. Lakin bununla bağlı olaraq məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

39. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında münasibətlər İddiaçı xx.xx.2023-cü il tarixdə Suraxanı rayon Polis idarəsinə ərizə ilə müraciət etməsi nəticəsində daha da kəskinləşmiş, lakin cinayət işinin başlanması xx.xx.2023-cü il tarixli qərarla rədd olunsa da, mübahisəli mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən qardaşı Cavabdeh1 hədiyyə olunmuşdur.

40. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Suraxanı rayon Polis idarəsinə ərizə ilə müraciət etməsi nəticəsində münasibətlərin kəskinləşməsi halı Cavabdeh2 məlum olsa da, o görünüş üçün formal xarakterli müqavilə bağlayaraq həmin mənzili qardaşı Cavabdeh1 hədiyyə etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bağışlamanın hansı əsasdan irəli gəlməsini əsaslandıra bilməmişdir.

41. Məhkəmə hesab edir ki, ilkin bağışlamanın məqsədi ailə dəyərlərinin qorunması, etibarlı ailə münasibətlərinin formalaşması, ailə üzvləri arasında mənəvi bağların güclənməsi təşkil etsə də, cavabdeh tərəfindən ikinci dəfə mənzilin öz yaxın qohumunun adına özgəninkiləşdirilməsi görünüş üçün bağlanmış və formal xarakter daşımışdır. İddiaçı ilə cavabdeh arasında mövcud olan bağışlama müqaviləsinin bağlanmasından artıq uzun müddət keçməsinə baxmayaraq, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr kobudcasına pozulmuş, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas yaratmışdır.

42. Məhkəmə hesab edir ki, mübahisəli mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 hədiyyə olunduğundan və iddiaçı tərəfindən hədiyyədən imtina haqqında bildirişi xx.xx.2024-cü il tarixdə hədiyyə alana göndərdiriyindən və bununla bağlı olaraq xx.xx.2024-cü il tarixdə müqavilənin ləğv olunması ilə bağlı iddia qaldırıldığından bağışlamaqdan imtina hüququ ilə bağlı bir illik müddət ötürülməmişdir.

43. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı hər iki bağışlama müqaviləsinin tərəfi olmamış, mülkiyyətçlər öz iradələrinə uyğun olaraq mənzilə dair bağışlama müqavilələri bağlamış və qanunvericiliyin tələbinə uyğun olaraq bağışlamaqdan imtina hüququ da mülkiyyətçiyə məxsus olan hüquqdur. Həmçinin cinayət işinin rədd edilməsi ilə bağlı materiallarda İddiaçı verdiyi izahatdan müəyyən olunur ki, o, 2022-ci ilin mart ayından atasının onlara bağışladığı ünvan 4 ünvanında yerləşən mənzildə yaşamış, İddiaçı daimi olaraq həmin mənzildə yaşamamış, azyaşlı övladları ilə birlikdə Cəlilabad şəhərində yaşamış və azyaşlı övladları Cəlilabad şəhər X12 R.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışlar. İddiaçı mübahisəli mənzildə yaşamadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır.

Məhkəmə xərcləri.

44. İş materiallarından göründüyü kimi iddiaçı X20 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat və İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

45. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş -50 manat dövlət rüsumu İddiaçı aid edilməli və ödənilməmiş - 50 (əlli) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.

46. İddiaçı X10 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və digər bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin olunmalı, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə-696 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunmalı və Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzilin X10 Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-1/139 saylı mənzilin bağışlanma müqaviləsi ləğv olunmalıdır.

47. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzili əvvəlki mülkiyyətçi X15 təhvil verilməlidir.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş - 50 manat dövlət rüsumu İddiaçı aid edilsin və ödənilməmiş - 50 (əlli) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı X10 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və digər bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə-696 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzilin X10 Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-1/139 saylı mənzilin bağışlanma müqaviləsi ləğv olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzili əvvəlki mülkiyyətçi X15 təhvil verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar