Məhkəmə qərarları › İş №e-2(010)-678/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-678/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-678/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Velosiped üçün 333 manat ödənilməmiş hissə, 33 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Venetsiya stul 4 ədəd, Eflatun mebel, Alyans mebel üçün 672 manat ödənilməmiş hissə, 67 manat cərimə, ümumilikdə 1105 manat borc, 31.05 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 678/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Venetsiya stul 4 ədəd, Eflatun mebel, Alyans mebel, velosiped almış və nəticədə 1105 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1106.4 manat olan Venetsiya stul 4 ədəd, Eflatun mebel, Alyans mebel üçün ümumilikdə 739 manat olmaqla, ondan 672 manat ödənilməmiş hissə, güzəşt olunaraq 67 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 531 manat olan velosiped üçün ümumilikdə 366 manat olmaqla, ondan 333 manat ödənilməmiş hissə, güzəşt olunaraq 33 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 632.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri lazımınca icra etməmişdir.

İddianın dəyişdirilməsi.

4. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənişləri vaxtında həyata keçirdiyi və həmin müqavilənin vaxtı bitmədiyi üçün məhkəmədən yalnız xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən velosiped üçün 333 manat ödənilməmiş hissə, 33 manat cərimə, 366 manat borc və 31.05 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi xahiş edilmişdir.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, cavabdehə velosipedin təmir edilməsi və qüsurun aradan qaldırılması təklif edilmişdir. Lakin cavabdeh bununla razılaşmamışdır. Bağlanmış müqavilənin ləğvi, yaxud cavabdehə yeni velosiped verilməsi ilə bağlı isə tərəflərindən heç bir təklif olmamışdır. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, "xxxx" MMC tərəfindən ona qüsurlu mal - velosiped satılmışdır. Bu səbəbdən aldığı velosipeddən düzgün istifadə edə bilməmişdir. Çünki onun saxlanc dirəyi qopmuşdur. Qırılan detal o qədər nazikdir ki, onun qaynaqla birləşdirilməsi mümkün deyil. Ona görə də iddiaçının velosipedin təmir edilməsinə dair təklifi ilə razılaşmamış, ona yeni velosiped verilməsini tələb etmişdir. İddiaçı isə bununla razı deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

7. "xxxx" MMC və Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC “Bike Vista CN.29-ZF660 Black-Blue” markalı velosipedi müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

8. xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə göstərilən əşyanı (MMC “Bike Vista CN.29-ZF660 Black-Blue”) tam qüsursuz halda təhvil aldığını təsdiq etmiş, bu barədə akta imzı imzalamışdır.

9. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasında hər ay 29.5 manat olmaqla ödənilməsi təsdiq edilmişdir.

10. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcundan 198 manat ödəmiş, 333 manat əsas borca görə ödənilməmiş məbləğ, 33 manat cərimə olmaqla, cəmi 366 manat borcu qalmışdır.

11. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəydən görünür ki, baxış zamanı “Vista” velosipedində aşağıdakı nöqsanlar aşkar edilmişdir:

1. Velosipedin dayağı tam olaraq çərçivədən ayrılmış halda idi. Qırılma xətti üzrə gözlə görülən pas izləri var idi;

2. Çərçivənin təkər birləşən hissəsində gözlə görünən əyrilik var. Belə bir zədəni velosipedin təkəri üstündə olan zaman almaq mümkün deyil;

3. Çərçivədə, qaynaq xəttində və dayaqda korroziya izləri açıq-aşkar olunur;

4. Dayağın çərçivəyə birləşən hissəsi keyfiyyətsiz qaynaq olunub. Bir sıra testlərdən sonra belə bir qənaətə gəlinmişdir ki, velosiped təkərsiz daşınma zamanı ilkin zədə almışdı və dayaq olan hissədə əyrilik var idi. Bu isə öz növbəsində velosipedin çərçivəsinin həndəsəsini və dayaq üstündə dayanma bucağını dəyişdirmişdir. Velosipedin qaynaqlanmasının keyfiyyətsiz olması, çərçivənin materialının adi dəmir olması və ilkin zədə nəticəsində dayağın bucağının dəyişilməsi cəm olaraq çərçivə ilə dayağın birləşmə hissəsinə əlavə yük düşməsinə səbəb olur. Hər dəfə velosiped dayağa qoyulduğu zaman bu əlavə yük çərçivə ilə dayağın birləşmə hissəsinə zədə yetirirmiş. Hesab edilir ki, istifadəçi bu kiçik dəyişilməni gözlə görə bilməzdi və nəticə olaraq əyilmə kritik nöqtəyə çatan kimi çərçivənin dayağa birləşən hissəsi tam dağılmışdır. Aşkar olunmuş qüsurları əsaslı təmir etmək mümkün deyil.

İşin faktiki halları.

13. İddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan “Bike Vista CN.29-ZF660 Black-Blue” markalı velosiped almış, aldığı velosipedə görə 531 manat məbləğində pulu 18 ay müddətinə hissə-hissə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə sonuncu ödənişin xx.xx.2022-ci il tarixdə ödənilməsi nəzərdə tutulmuşdur.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581. Əşyaların keyfiyyəti. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır və bu müqaviləyə əsasən cavabdeh iddiaçıdan velosiped almış, aldığı malın pulunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bir müddət aldığı mala görə ödənişlər etsə də, sonradan malın qüsurlu olduğunu iddia edərək ödənişləri dayandırmış və ondan ödənilməmiş borcun tələb edilməsinə dair iddia tələbi ilə razılaşmamışdır.

17. İddiaçı tərəfindən cavabdehə satılmış velosipedin keyfiyyəti ilə bağlı qüsur olubolmaması, əgər varsa, bu qüsurun istehsalatdan qaynaqlanan qüsur olub-olmaması ilə bağlı suallara cavab verilməsi məqsədilə velosiped təmiri ilə məşğul olan "xxxx" MMC-dən mütəxəssis rəyi alınmışdır. MMC tərəfindən verilmiş rəydə velosipedin dayağının tam olaraq ayrılmış halda olduğu, çərçivənin təkər birləşən hissəsində gözlə görünən əyrilik olduğu, belə bir zədəni velosipedin təkəri üstündə olan zaman almağın mümkün olmadığı, çərçivədə, qaynaq xəttində və dayaqda korroziya izlərinin açıq-aşkar olduğu, dayağın çərçivəyə birləşən hissəsinin keyfiyyətsiz qaynaq olunduğu qeyd edilmişdir. Həmçinin əlavə edilmişdir ki, velosiped təkərsiz daşınma zamanı ilkin zədə almışdır və dayaq olan hissədə əyrilik olmuşdur. Bu isə öz növbəsində velosipedin çərçivəsinin həndəsəsini və dayaq üstündə dayanma bucağını dəyişdirmişdir. Velosipedin qaynaqlanmasının keyfiyyətsiz olması, çərçivənin materialının adi dəmir olması və ilkin zədə nəticəsində dayağın bucağının dəyişilməsi cəm olaraq çərçivə ilə dayağın birləşmə hissəsinə əlavə yük düşməsinə səbəb olmuşdur. Hər dəfə velosiped dayağa qoyulduğu zaman bu əlavə yük çərçivə ilə dayağın birləşmə hissəsinə zədə yetirmişdir. Hesab edilmişdir ki, istifadəçi bu kiçik dəyişilməni gözlə görə bilməzdi və nəticə olaraq əyilmə kritik nöqtəyə çatan kimi çərçivənin dayağa birləşən hissəsi tam dağılmışdır. Aşkar olunmuş qüsurları əsaslı təmir etmək mümkün deyil.

18. Göründüyü kimi, mütəxəssis tərəfindən verilmiş rəydə velosipeddə istehsalatdan qaynaqlanan qüsurlar olduğu (velosipedin qaynaqlanmasının keyfiyyətsiz olması, çərçivənin materialının adi dəmir olması və ilkin zədə nəticəsində dayağın bucağının dəyişilməsi və s.) müəyyən edilmişdir. Üstəlik, rəydən belə görünür ki, velosipedin istifadəçisi bu detalları velosipedi alarkən görə bilməzdi. Çünki bu qüsurların aşkara çıxması üçün velosipeddən bir müddət istifadə edilməli idi. Hansı ki, hazırkı iş üzrə cavabdeh də velosipeddən bir müddət istifadə etdiyini, həmin müddətdə ödənişləri həyata keçirdiyini, lakin bir müddət sonra velosipedin dayaq hissəsinin sıradan çıxdığını və bu cür bir zədənin velosipeddən adi istifadə nəticəsində yarana bilməyəcəyini iddia etmişdir. Verilmiş mütəxəssis rəyi də cavabdehin bu mövqeyinin əsaslı olduğunu göstərmişdir.

19. İddiaçı isə velosipeddə istehsalatdan qaynaqlanan qüsur olmadığını, mövcud qüsurun cavabdehin istifadəsi nəticəsində yarandığını iddia etməmiş, bu halı sübut etmək üçün heç bir təşəbbüs göstərməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tərəfindən cavabdehə velosipedin təmir edilməsi təklif edilmişdir. Halbuki verilmiş mütəxəssis rəyində, aşkar edilmiş qüsurların əsaslı təmirinin mümkün olmadığı qeyd edilmişdir.

20. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh satılmış velosipeddə istehsalat qüsuru olmuş, velosiped Cavabdeh satılarkən malın keyfiyyəti ilə bağlı qanunla müəyyən edilmiş tələblər pozulmuşdur. Həmçinin bu qüsur əsaslı təmirlə aradan qaldırılması mümkün olmayan qüsurdur. Bu vəziyyətdə "xxxx" MMC satıcı kimi keyfiyyətli əşya satmaq vəzifəsini düzgün yerinə yetirməmiş, alıcıya lazımi keyfiyyətdə olmayan əşya vermişdir. Üstəlik, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, velosipeddə olan qüsur səbəbilə çərçivənin dayağa birləşən hissəsi tam dağılmış, bu isə velosipeddən istifadəni mümkünsüz etmişdir.

21. Bu vəziyyətdə məhkəmə hesab edir ki, "xxxx" MMC satdığı keyfiyyətsiz malın pulunu cavabdehdən tələb edə bilməz. Belə ki, keyfiyyətsiz mal alan Cavabdeh alqı-satqı müqaviləsinin icrasından imtina etmək hüququ var. İstehsalat qüsuru ilə cavabdehə mal satan və satdığı qüsurlu malı yenisi ilə əvəz etməyən iddiaçının isə bu mala görə ödənilməmiş pulu cavabdehdən tələb etməsi əsassızdır. Odur ki, iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 31.05 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

23. Verilmiş mütəxəssis rəyinə xərclərlə bağlı heç bir sənəd əlavə edilmədiyindən məhkəmə, mütəxəssis rəyi üçün tərəflərdən heç birindən xərc tutulmaması nəticəsinə gəlir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar