Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-868/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ lati "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin (bundan sonra mətndə BOKT "xxxx" MMC) cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğluna qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2016-cı il buraxılışlı, “X3” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, SALWG2VF1GA651701 ban, ağ rəngli minik avtomobili BOKT "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.
2. xx.xx.2022-ci il tarixli Lizinq müqaviləsinin 2 Saylı Əlavəsinə (Lizinq ödənişləri qrafiki) əsasən aylıq 2566 manat olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 71250 manat əsas, 51863 manat faiz olmaqla, ümumilikdə 123113 manat ödəniş olunmalıdır.
3. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, BOKT "xxxx" MMC ilə Məmmədov Fı̇ rutan Ələsgər oğlu arasında xx.xx.2022-ci il tarixində 11/654-2022 saylı X1 müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin 2.1 və 2.2 bəndlərinə əsasən Təşkilat olaraq, Məmmədov Fı̇ rutan Ələsgər oğluna aylıq Lizinq ödənişlərini ödəmək şərti ilə X3 minik markalı 77AX870 qeydiyyat nömrəli avtomobili (buraxılış ili 2016) idarə və istifadə etmək hüququ verilmişdir. Lizinq ödənişləri Lizinq müqaviləsinin 2 Saylı Əlavəsinə (Lizinq ödənişləri qrafiki) uyğun olaraq, hər ayın 26-sı tarixində ödənilməli idi. Lakin Məmmədov Fı̇ rutan Ələsgər oğlu üzərinizə düşən öhdəliyi icra etməyərək xx.xx.2023-ci il tarixindən etibarən öz öhdəliyini pozmuş və pozmaqda davam edir. Bundan əlavə “Daxili lizinq müqaviləsi”-nin 4.3 bəndini pozaraq Lizinq verənin yazılı razılığı olmadan avtomobili üçüncü şəxsə vermişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə və 11/654- 2022 saylı X1 müqaviləsinin 3-cü fəslin 2.2 bəndinə əsasən öhdəliklərin tam olaraq xx.xx.2023-cü il tarixdə yerinə yetirilməsi tələb edilir. Əks halda müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün müqaviləyə birtərəfli qaydada xitam veriləcək və Lizinq obyektinin geri qaytarılması tələb ediləcək.
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 26 noyabr 2022-ci il tarixdə BOKT "xxxx" MMC ilə Cavabdeh arasında 11/654-2022 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Daxili Lizinq müqaviləsinin şərtlərinə görə Cavabdeh xx.xx.2023 tarixə gecikdirilmiş əsas borc , gecikdirilmiş faiz borcu və hesablanmış dəbbə pulu aşağıdakılardan ibarətdir: Əsas borc üzrə - 2921,27 (iki min doqquz yüz iyirmi bir manat 27 qəpik) manat; faiz borcu – 4685,73 (dörd min altı yüz səksən beş manat 73 qəpik) manat; cərimə borcu – 1383,66 (bir min üç yüz səksən üç manat 66 qəpik) manat. Cəmi gecikmədən çıxması üçün 8990,66 (səkkiz min doqquz yüz doxsan manat 66 qəpik) manat.
5. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təmir kartına əsasən “X3” minik markalı **-AX-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpası üçün tələb edilən 7650 manat təşkil edir.
6. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
7. BOKT "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili lizinq müqaviləsi”nin bağlanması və BOKT "xxxx" MMC-nin mülkiyyətində olan “X3” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilməsi işin mübahisəsiz halıdır.
İddia tələbi
8. İddiaçı BOKT "xxxx" MMC cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğluna qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili lizinq müqaviləsi”-nin ləğv edilərək, “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2921.27 manat gecikdirilmiş əsas, həmin günə hesablanmış 4685.73 manat faiz borcu və 1383.66 manat dəbbə pulu, eyni zamanda avtomobilin təmir-bərpası üçün tələb edilən 7650 manat, cəmi 16640.66 manat və ödənilmiş 140 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
9. Cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
10. Cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlu 24 yanvar 2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, ödənişlərini hər ay edirdi, 2500 manat məbləğ ödəyirdi, lakin 3 ay sonra maşında bəzi problemlər yarandı. O da yoxlatmaq məqsədi ilə “vinil” vurdurduqda maşının Amerikadan gətirilən vaxt sağ tərəfinin tamamilə xəsarətli olduğunu, içəriyə girdiyini görmüşdür. O, maşını satmağa cəhd etmiş, lakin alınmamışdır. Ümumiyyətlə, 10 ay ərzində ödənişlər etmişdir. O, şirkətə ilkin olaraq 30000 və hər ay ödəniş edərək cəmi 25600, əlavə olaraq da 1800 manat cərimə pulu ödəməklə, ümumilikdə, təxminən 60000 pul vermişdir. Lakin şirkət müqavilənin ləğv edilməsini, bugünədək olan ödənişlərini qəbul etmədiklərini və 16000 manat tələb etdiklərini, daha sonra maşının hərracda satılmasını, satılan məbləğin isə borcdan silinəcəyini, 67000 borcdan qalan hissənin isə ondan yenə tələb ediləcəyini bildirmişdir. Bu ona qarşı edilmiş haqsızlıqdır, ondan 60000 alıb aldatmaq istəyirlər. Şirkət həmçinin ondan 7000 manat servis haqqı tələb edir, həmin məbləğə servis haqqı olmur, o məbləğlə maşını yenidən təmir etdirmək olar. Buna görə də qeyd olunanlarla razılaşmayaraq müqavilənin ləğv edilməsini istəmir. Maşını verdiyi şəxs isə qazidir, həyat yoldaşı xəstə olduğu üçün xəstəxanaya aparanda yolda saxlanılıb. O, insanlıq naminə maşını vermişdir.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili lizinq müqaviləsi” nə əsasən Cavabdeh sifarişi ilə 2016-ci il buraxılışlı, X3 minik markalı, 77AX870 dövlət qeydiyyat nişanlı, SALWG2VF1GA651701 ban, ağ rəngli minik avtomobili BOKT "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №2) əsasən Cavabdeh illik 30% hesablanmaqla 48 ay müddətinə hər ayın 26-sı 2566 manat olmaqla ümumilikdə 123113 manat pulu BOKT "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh olunmuş xəbərdarlıqlara baxmayaraq götürmüş olduğu öhdəliklərin icrasından boyun qaçırır və hazırda xx.xx.2023-cü il tarixdən gecikmədədir. Bundan əlavə cavabdeh “Daxili lizinq müqaviləsi”-nin 4.3 bəndini pozaraq lizinq müqaviləsi üzrə öz hüquq və vəzifələrini Lizinq verənin yazılı razılığı оlmadan üçüncü şəхsə ötürmüşdür. Həmçinin Lizinq alan müqavilə şərtlərini pozaraq razılıq olmadan avtomobili üçüncü şəxsə idarə etməsi üçün vermiş və avtomobil etibarnaməsiz idarə olunduğu üçün DYP tərəfindən saxlanılaraq cərimə meydançasınsa yerləşdirilmişdir. Bundan sonra avtomobili cərimə meydançasından götürülərək baxış keçirilməsi üçün MY AUTO MMC servis mərkəzinə aparılmış və avtomobilin 7650 manat məbləğində təmir xərci olması haqqında akt tərtib olunmuşdur. Eyni zamanda Cavabdeh xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı“Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə 2921.27 manat gecikdirilmiş əsas, həmin günə hesablanmış faiz borcu 4685.73 manat və həmin günə hesablanmış 1383.66 manat dəbbə pulu, cəmi 8990.66 manat borcu yaranmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Maddə 747-3. Lizinqin formaları 747-3.1. Lizinqin bu Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Maddə 747-4. Sublizinq 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı
“... lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan nəqliyyat vasitəsini müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və dövriliklə müəyyənləşdirilmiş muzdu ödəməmişdir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “muzd ödəmək”dən ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2016-cı il buraxılışlı, “X3” minik markalı, **-AX- *** dövlət qeydiyyat nişanlı, SALWG2VF1GA651701 ban, ağ rəngli minik avtomobil BOKT "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bağlanmış müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən Təşkilat olaraq, Məmmədov Fı̇ rutan Ələsgər oğluna aylıq Lizinq ödənişlərini ödəmək şərti ilə X3 minik markalı 77AX870 qeydiyyat nömrəli avtomobili idarə və istifadə etmək hüququ verilmişdir. Lizinq ödənişləri Lizinq müqaviləsinin 2 Saylı Əlavəsinə (Lizinq ödənişləri qrafiki) uyğun olaraq, hər ayın 26-sı tarixində ödənilməli idi. Lakin Məmmədov Fı̇ rutan Ələsgər oğlu üzərinə düşən öhdəliyi icra etməyərək öz öhdəliyini pozmuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas borcu 2921,27 manat, gecikdirilmiş faiz borcu 4685,73 manat və hesablanmış dəbbə pulu 1383,66 manat təşkil edir. Bundan əlavə, “Daxili lizinq müqaviləsi”-nin 4.3-cü bəndini pozaraq Lizinq verənin yazılı razılığı olmadan avtomobili üçüncü şəxsə vermişdir.
19. Hazırki iddia tələbi 3 hissədən ibarətdir: 1) müqavilənin ləğv edilməsi; 2) gecikdirilmiş borcun ödənilməsi və 3) avtomobilin təmir-bərpası üçün zəruri olan xərcin ödənilməsi.
20. Məhkəmə iddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə və lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd olunan normalar eynilə tərəflər arasında bağlanmış lizinq müqaviləsində də öz əksini tapmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nin İİİ fəslinin 2.2-ci bəndinə əsasən yuxarıda qeyd olunan hallarda lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək hüququ vardır. Odur ki, iddiaçının qeyd olunan hallarda lizinq müqaviləsini vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək hüququ olduğu üçün cavabdehə göndərdiyi xəbərdarlıq məktublarında iradə ifadəsini qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab olunduğundan, yenidən məhkəmə qaydasında həmin müqavilənin ləğvinin tələb edilməsi mümkünsüzdür. Başqa sözlə, məhkəmədən kənar qaydada ləğv edilmiş müqavilənin yenidən ləğvi qeyri-mümkündür.
21. Məhkəmə iddia tələbinin “gecikdirilmiş borcun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə gecikdirilmiş 2921,27 manat əsas və 4685,73 manat faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Odur ki, məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1383,66 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 50 manat müəyyən edilməlidir.
22. Məhkəmə iddia tələbinin “avtomobilin təmir-bərpası üçün zəruri olan xərcin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nin 12.4cü bəndinə əsasən lizinq obyektinə texniki (servis) xidməti göstərilməsi, orta, cari və əsaslı təmirin aparılması lizinq alan tərəfindən həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təmir kartına əsasən “X3” minik markalı **-AX-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpası üçün tələb edilən 7650 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında həmin məbləğlə razı olmayaraq qeyd olunan məbləğin şişirdildiyini bildirsə də, həmin faktı təkzib edəcək hər hansı qiymətləndirmə arayışını məhkəməyə təqdim etməmiş, həmçinin, ekspertizanın keçirilməsini məhkəmədən xahiş etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təmir-bərpası üçün tələb edilən məbləğ 7650 manat olmaqla qəbul edilməlidir.
Məhkəmə xərcləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 12 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlundan xx.xx.2022-ci il tarixli, 11/654- 2022 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə gecikdirilmiş 2921,27 manat əsas, 4685,73 manat faiz, 50 manat cərimə borcu və avtomobilin təmir-bərpası üçün zəruri olan 7650 manat olmaqla, cəmi 15307 manat pul tutularaq BOKT "xxxx" MMCyə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlundan xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə gecikdirilmiş 2921,27 manat əsas, 4685,73 manat faiz, 50 manat cərimə borcu və avtomobilin təmir-bərpası üçün zəruri olan 7650 manat olmaqla, cəmi 15307 (on beş min üç yüz yeddi) manat pul tutularaq Bank Olmayan Kredı̇ t Təşkı̇ lati "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlundan iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ lati "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 12 (on iki) manat hissəsi iddiaçı Bank Olmayan Kredı̇ t Təşkı̇ lati "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.