Məhkəmə qərarları › İş №e-2(011)-103/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-103/2022

02.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-103/2022 02.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-si Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı-Telefon şəbəkəsində iri telefon operatorlardan biri olan müəssisələri özünün 424/436/464/465/480/489/490/496 indeksli ATS-ləri vasitəsilə Bakı şəhərinin Qara Şəhər, Şərq Bazarı, Gənclik, Montin, NZS və UPD qəsəbələri, Yasamal rayonunun bir hissəsi və bir sıra digər bölgələrində 50000-ə yaxın iş və ev abunəçilərinə müasir telli telefon rabitəsi xidmətini göstərməkdədir. Belə ki, 07 yanvar 2021-ci il tarixdə Cavabdeh şirkətlərinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında İddiaçı MMC-yə məxsus rabitə dirəyinin yerinin dəyişdirilməsini xahiş etmişdir. İddiaçı MMC-nin mütəxəssisləri əraziyə baxış keçirərkən məlum olmuşdur ki, cavabdeh tərəfindən ünvan 1 ünvanda fərdi yaşayış evinin qarşısında əlavə tikilinin inşaasına başlamış və nəticədə İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyinə giriş məhdudlaşdırılmışdır. Həmçinin çoxsaylı abunəçiləri rabitə xidmətləri ilə təmin edən yeraltı rabitə qurğuları və rabitə kabelləri tikilinin daxilində qalmışdır. Nəticədə rabitə qurğularına giriş məhdudlaşdırılmışdır və çoxlu sayda əhali, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətləri təhlükə altında qalmışdır. Bununla əlaqədar İddiaçı MMC-nin sahə rəisi və mühəndisi yerli baxış keçirərək 23 dekabr 2020-ci il tarixində Akt tərtib etmişlər. Həmçinin bildirilmişdir ki, bu tikinti işləri aparmaqla içindən müxtəlif tutumlarda abunəçilərə xidmət göstərən çox sayda kabellərin keçdiyi kanalları təhlükə altında qoyur və bu da qəza vəziyyəti yarandığı zaman çox sayda ev və iş abunəçilərin rabitəsiz qalması ilə nəticələnir. Eyni zamanda müəssisələri tərəfindən Hüq/641 saylı, 24 dekabr 2020-ci il tarixli bildiriş göndərilərək cavabdehdən yeraltı rabitə qurğularının mühafizəsi zonasındakı işlərin dayandırılması və yeraltı rabitə qurğularının üzərində inşa etdikləri tikilinin sökülməsini və rabitə qurğularının mühafizə zonasının boşaldılmasını tələb edilmişdir. Lakin cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qeyri-qanuni tikintinin sökülməsini və rabitə qurğularının mühafizə zonasının boşaldılmasını təmin etməmişdir. Həmçinin cəmiyyətləri ilə abunəçilər arasında bağlanmış müqavilənin şərtlərinə görə, abunəçilərə müxtəlif telekomunikasiya xidmətlərini göstərməyi və bu xidmətləri maneəsiz və qüsursuz işləməsini təmin etməyi öz öhdələrinə götürmüşlər. Lakin cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin ünvan 1 ünvanda fərdi yaşayış evinin qarşısında əlavə tikili inşa edərək İddiaçı MMC-yə məxsus kabelkanalizasiya qurğularının təhlükə altına düşməsi nəticəsində adı çəkilən ərazidə telekomunikasiya xidmətlərindən istifadə edən abunəçilərin və həmçinin cəmiyyətlərinin hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh ünvan 2 ünvanda İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi və yeraltı rabitə qurğularının üzərində cavabdeh tərəfindən inşa olunmuş qeyri-qanuni tikilinin (əlavə tikili) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, tikili özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əlavə olaraq tikilmiş 3 divardan ibarət olan tikilidir. Onun tərəfindən tikilmiş tikili iddiaçının heç bir hüquqlarını pozmur və ona maddi zərər vurmur. Belə ki, o, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 10 il əvvəl almışdır və alarkən artıq rabitə dirəyi evin yanında mövcud olmuşdur. O, özü evin qarşısında İddiaçı MMC-yə məxsus rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müraciət etmiş və zəruri olan xərcləri də çəkməyə hazır olduğunu bildirərək, həmin dirəyin yerinin dəyişdirilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı ona qarşı bu iddianı irəi sürmüşdür, halbuki quyular tikilinin xaricində yerləşir və onlara daxil olmaq imkanları məhdudlaşdırılmamışdır və iddiaçının işçiləri istədikləri vaxt quyulara daxil olub işlərini görə bilirlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin baş direktoruna ünvanlanmış 07 yanvar 2020-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ərizəsində İddiaçı MMC-nin əməkdaşları tərəfindən əraziyə baxış keçirilməsini və telefon dirəyinin yerinin dəyişdirilməsi üçün müvafiq göstəriş verilməsini İddiaçı MMCnin rəhbərliyindən xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin baş direktoru tərəfindən Cavabdeh ünvanlanmış məktubun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 9/21 ünvanda çox saylı abunəçiləri rabitə xidmətləri ilə təmin edən rabitə qurğularının (o cümlədən 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyuları və rabitə kanallarının) üstündə qeyri-qanuni tikintinin dayandırılması və yarımçıq tikilini söküb rabitə qurğularının mühafizə zonasının boşaldılmasını təmin edilməsi barədə məktub ünvanlanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin baş direktoru tərəfindən Cavabdeh ünvanlanmış 24 dekabr 2020-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanda İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üzərində inşa etdiyi qeyri-qanuni tikilinin (Binanın) 3 gün ərzində sökülməsi və rabitə dirəyinin mühafizə zonasının boşaldılmasının təmin edilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan 23 dekabr 2020-ci il tarixli “Rabitə xəttinin pozuntuları haqqında” Aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin xətt sahəsinin rəisi, mühəndis və abunəçi Cavabdeh aktı tərtib etmişlər ondan ötrü ki, abunəçi Cavabdeh Kazımağa Kərimov küçəsindəki şəxsi mənzilinin qarşısında əlavə tikinti apararaq İddiaçı MMC-yə məxsus rabitə qurğularının mühafizə qaydalarını pozmuşdur. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/3496 nömrəli məhkəmə ekspertizasının rəyindən məlum olur ki, ünvan 2 ünvanında inşa edilmiş tikilinin İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üzərində inşa edildiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr 227 saylı qərarı ilə təsdiq edilmiş Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularının mühafizə Qaydalarının 2.1.1 bəndinə zidd olaraq inşa edildiyi və tikinti norma və qaydalarının uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli, 10/1084 nömrəli məhkəmə ekspertizasının rəyindən məlum olur ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş tikili (əlavə tikili-hasar) İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmətin göstərilməsinə qismən maneçilik törədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, ünvan 2 ünvanına baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş tikiliyə yaxın İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, evin qarşısında 3 divardan ibarə hörülmüş tikili, həmin tikilinin sağında və solunda isə 2 ədəd telefon xəttlərinə baxış quyusu mövcuddur, həmin quyunun içərisində isə yeraltı rabitə kanalları mövcuddur. Cavabdehin faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evi 2 otaqdan ibarətdir və cavabdeh həmin evdə 4 övladı, həyat yoldaşı ilə birlikdə yaşayır. Evin qarşısında tikilmiş mübahisəli tikili 3 divardan ibarət təxminən 5-6 kv.m. sahəsi olan aynabəndir və beton örtüklüdür. Cavabdehin bildirdiyinə görə həmin evi 10 il əvvəl almışdır. O, özü evin qarşısında İddiaçı MMC-yə məxsus rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müraciət etmiş və zəruri olan xərcləri də çəkməyə hazır olduğunu bildirərək, həmin dirəyin yerinin dəyişdirilməsini xahiş etmişdir, lakin İddiaçı MMC ona qarşı iddia qaldırmışdır. Baxış zamanı iştirak etmiş İddiaçı MMC-nin Xətt xidməti bölməsinin mühəndisi Vüqar Dadaşov bildirmişdir ki, tikilinin olması səbəbindən həmin quyulara və rabitə dirəyinə daxil olmaq maneçilik törətməsə də, quyular arasında olan xəttlərdə birdən nasazlıq baş versə onların üstü sökülməli olduğundan həmin tikili maneçilik törədəcək. Yerində müayinə zamanı müəyyən edilir ki, qeyd edilən quyular və rabitə dirəyi tikilinin xaricində yerləşir və onlara daxil olmaq imkanları məhdudlaşdırılmamışdır. Həmçinin tikilinin daxilinin müayinəsi nəticəsində müəyyən edilir ki, tikili 3 divardan hörülmüşdür, yeri betondur, üzərinə heç bir örtü materialı vurulmamışdır. Cavabdeh bildirmişir ki, hər hansı nasazlıq yaransa həmin nasazlığın aradan qaldırılması üçün yer örtüyünün qazılmasına etiraz etməyəcək. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). İlk növbədə məhkəmə qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən daşınmaz əmlakla bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından, analoji mübahisələrlə bağlı Avropa Məhkəməsinin presedentlərində nümayiş etdidiyi mövqe nəzərə alınmaqla, mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. “X1rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb". X3 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). X3 Məhkəməsi ərizəçinin qurduğu evin şəhərsalma qaydalarının pozduğunu müəyyən etməklə bərabər belə hesab etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı (bax: b. 28, 80, 86), bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi (bax: b. 87, 146) Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi. Məhkəmə hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq isə 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55). Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, tərəflərin izahatları və mülki işdə olan sübutlarla təsdiq edilir ki, mübahisəli tikili özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əlavə olaraq tikilmiş 3 divardan ibarət olan tikilidir. Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 10 il əvvəl almışdır və alarkən İddiaçı MMC-yə məxsus rabitə dirəyi və iki quyusu evin yanında mövcud olmuşdur. Cavabdeh özü evin qarşısında İddiaçı MMC-yə məxsus rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müraciət etmiş və zəruri olan xərcləri də çəkməyə hazır olduğunu bildirərək, həmin dirəyin yerinin dəyişdirilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı MMC cavabdehə qarşı bu iddianı irəli sürmüş və İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi və yeraltı rabitə qurğularının üzərində cavabdeh tərəfindən inşa olunmuş qeyri-qanuni tikilinin (əlavə tikili) sökülməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə 2 dəfə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli, 10/1084 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş tikili (əlavə tikili-hasar) İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmətin göstərilməsinə qismən maneçilik törətməsi müəyyən edildiyindən qismən maneçiliyin nədən ibarət olmasını müəyyən etmək üçün məhkəmə tərəfindən yerində müayinə keçirilmişdır. Baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş tikiliyə yaxın İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, evin qarşısında 3 divardan ibarət hörülmüş tikili, həmin tikilinin sağında və solunda isə 2 ədəd telefon xəttlərinə baxış quyusu mövcuddur, həmin quyunun içərisində isə yeraltı rabitə kanalları mövcuddur. Cavabdehin faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evi 2 otaqdan ibarətdir və cavabdeh həmin evdə 4 övladı, həyat yoldaşı ilə birlikdə yaşayır. Evin qarşısında tikilmiş mübahisəli tikili 3 divardan ibarət təxminən 5-6 kv.m. sahəsi olan aynabəndir və beton örtüklüdür. Baxış zamanı iştirak etmiş İddiaçı MMC-nin Xətt xidməti bölməsinin mühəndisi Vüqar Dadaşov bildirmişdir ki, tikilinin olması səbəbindən həmin quyulara və rabitə dirəyinə daxil olmaq maneçilik törətməsə də, quyular arasında olan xəttlərdə birdən nasazlıq baş versə onların üstü sökülməli olduğundan həmin tikili maneçilik törədəcək. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, qeyd edilən quyular və rabitə dirəyi tikilinin xaricində yerləşir və onlara daxil olmaq imkanları məhdudlaşdırılmamışdır. Həmçinin tikilinin daxilinin müayinəsi nəticəsində müəyyən edilmişdir ki, tikili 3 divardan hörülmüşdür, yeri betondur, üzərinə heç bir örtü materialı vurulmamışdır. Cavabdeh bildirmişir ki, hər hansı nasazlıq yaransa həmin nasazlığın aradan qaldırılması üçün yer örtüyünün qazılmasına etiraz etməyəcək. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən inşa edilmiş 3 divardan ibarət olan tikilinin iddiaçıya məxsus olan 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmətin göstərilməsinə maneçilik törətməsi, iddiaçıya hər hansı zərərin vurulması müəyyən edilmədiyindən iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar