Məhkəmə qərarları › İş №e-2(011)-1112/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1112/2023

29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1112/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azeriqaz’' İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 150.24 manat məbləğində pul vəsaitindən 49.96 manat borcun silinməsi və 100.28 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulmas barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azeriqaz’' İstehsalat Birliyi ilə qazın alqısatqısı ilə əlaqədar 04 dekabr 2020-ci il tarixdə müqavilə bağlanaraq, ünvan 1 ünvanında qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilədə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda qazın keyfıyyəti və təchizatının etibarlılığı nəzərdə tutulduğuna baxmayaraq, qaz paylayıcısı tərəfindən qaz sayğacı quraşdırılarkən kobud səhvə yol verilərək, onu nasaz vəziyyətdə, qaz sızması ilə quraşdırılmışdır. Bu barədə qaz paylayıcısına qaz sayğacının nasaz vəziyyətdə olması, ondan qaz sızması barədə dəfələrlə müraciətlər öz həllini tapmadığına görə birbaşa Azərbaycan Respublikasının Energetika Nazirinə şikayət etmək məcburiyyətində qalmışlar. Energetika Nazirinə müraciətdən sonra həmin Nazirliyin əməkdaşları tərəfindən 18 yanvar 2022-ci il tarixdə qaz sayğacının plombu yerində olmasına baxmayaraq, nasaz vəziyyətdə olması, ondan qaz sızması barədə AERA/20-0048 saylı akt tərtib edilərək, bu barədə “Azeriqaz’' İstehsalat Birliyinə dərhal məlumat verilmişdir. “Azeriqaz’' İstehsalat Birliyinin əməkdaşları tərəfindən növbəti gün, yəni 19 yanvar 2022-ci il tarixdə qaz sayğacından qaz sızması aradan qaldırılmışdır. Bu səbəbdən də istehlak edilmiş qazın sızma nəticəsində həcminin artması ilə əlaqədar ödənişlə bağlı qaz təchizatçısı ilə aramızda mübahisə yaranmışdır. Belə ki, İstehsalat Birliyi ilə aramızda qazın alqı-satqısı ilə əlaqədar 04 dekabr 2020-ci il tarixdə müqavilə bağlandığına və 2021-ci ilin yanvar ayından yuxarıda göstərilən mənzilə köçüb qazdan istifadə edilməsinə baxmayaraq, qaz paylayıcısı tərəfindən iki bir-birinə ziddiyyət təşkil edən "abonent saldosu təqdim edilmişdir. Birinci saldoda 2020-ci il üzrə sayğacın göstəricilərinə görə qazın istehlk edilmədiyi göstərilsə də, 2-ci saldoda 2020-ci ilin noyabr və dekabr ayları üzrə 650 kub.m qazın istehlak edildyi və sərfin məbləğinin 65 manat olduğu göstərilmişdir. Bundan başqa “Azeriqaz’' İstehsalat Birliyi Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları tərəfindən qaz sızması ilə bağlı tərtib edilmiş və sonuncuya göndərilmiş aktla və məktubla bağlı hərəkətsizlik göstərərək, öz işçilərinin səhlənkarlığı nəticəsində, istehlak edilmiş qazın həcminin azaldılması məsələsini həll etməmişdir. Abonent saldosundan da göründüyü kimi, sayğacda sızma ilə əlaqədar 2021-ci il üzrə istehlak edilmiş qazın həcmi 1569 kub.m, dəyəri 188.20 manat məbləğində olduğu halda, sızma aradan qaldırıldıqdan sonra 2022-ci il üzrə istehlak edilmiş qazın həcmi cəmi 858 kub.m, dəyəri 102.96 manat olmuşdur. Belə olan halda 2020-ci ilin noyabr və dekabr ayları üzrə istehlak edilməmiş qaza görə əsassız hesablanmış 65 manat, 2021ci il və 2022-ci il üzrə istehlak edilmiş qazın dəyərinin fərqi qaz sızması ilə əlaqədar olaraq, 188.20manat - 102.96 manat=85.24 manat məbləğində azaldılmaqla cəmi 65 + 85.24=150.24 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanda quraşdırılan sayğacda sızmanın olması ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müvafiq orqanlara müraciət edilmiş. Bundan sonra Cavabdeh İstehsalat Biriliyinin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək bildirilmişdir ki, “sayğaca baxış keçirilmiş və sızma aradan qaldırılmışdır.” Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə, bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, istehlakçı istifadə etdiyi qazın dəyərini ödəmək vəzifəsini daşıyır. Belə olan halda, istehlakçının təqsiri sübuta yetirilmədiyi halda, istehlakçıdan qaz xəttində olan sızma nəticəsində baş vermiş qaz itkisinin dəyərinin Cavabdeh İB tərəfindən istehlakçıdan tələb edilməsi qanunsuzdur. Odur ki, cavabdehin akt üzrə hesabladığı 150.24 manat cərimə borcu üzrə iddiaçı tərəfindən 100.28 manat məbləğində ödəniş edildiyindən iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 49.96 manat məbləğində borc silinməli, ödənilmiş 100.28 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 saylı ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********00902) qaz sərfiyyatına görə hesablanmış 49.96 (qırx doqquz manat, doxsan altı qəpik) manat məbləğində borc borc silinsin İddiaçı tərəfindən qaz sərfiyyatına görə aparılan ödənişlərdən tutulan 100.28 (yüz manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar