Məhkəmə qərarları › İş №e-2(011)-1117/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1117/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1117/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 32.410 manatın, dövlət rüsumu qismində ödənilmiş 188 manatın, vəkil xərcləri üçün ödənilmiş 400 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlər “Kleopatra” şadlıq sarayını şərikli işlətdiklərini deyərək, iddiaçıdan şadlıq sarayında isifadə üçün quzu əti almışlar, ümumilikdə onların iddiaçıdan aldıqları ətə görə 32.410 manat borcları qalmışdır, cavabdehlər öhdəliklərini icra etməkdən yayınır, borcu hissələrə bölərək bir-birinin üzərinə atırlar, onlardan pulu tələb etmiş, lakin onlar pulu qaytarmamışdırlar, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, 24500 manatlıq ət cavabdeh Vüsala verilmişdir, Vüsal da “Kleopatra”ya vermişdir, bu barədə qəbz də vardır, qəbz məhkəməyə təqdim edilib, cavabdeh Vüsal da imzanın özünün olduğu bildirir, Vüsal borcun Zülfüqarda olduğunu deyir, amma Zülfüqar polisdə olan izahatında bunu demir, Vüsalın dediyinin əksini deyir, bildirir ki, ancaq 6000 manat özünün iddiaçıya borcu vardır, qalan isə Vüsalla iddiaçının arasındadır, 24500 manat bir dəfəyə deyil, hissə-hissə verilmişdir, pul kimi yox, ət kimi verilmişdir. Sonda iddiaçı Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, özü şadlıq sarayına ət verir, Razində dükan götürmüşdür, ətlər ona oradan gəlir, rayondan – Ağcabədi, Bərdə, bəzən Əhmədlidən gələn ətlər isə dükana gedir, bazardan bəzən özü nisyə ət alır, obyektin pulu köçəndə ödəyir, iddiaçı tək-tək satır, özü isə topdan satır, iddiaçı özü onu bazarda tapmışdır, bazardan çıxanda yaxınlaşaraq onunla iş görmək istədiyini demişdir, belə olanda özü ona necə işlədiyini, əti 5-ə alıb, 6-ya satdığını, bütün qazancı, qiymətləri demişdir, iddiaçı da razılaşmışdır, həmin vaxt, yəni pandemiyadan əvvəl 4 il qabaq, 3000- 4000 manat pulu olmuşdur, “Kleopatra”nın müdiri Zülfüqarın yanına getmiş, iddiaçını tanış etdirmiş, onunla işləyəcəyini demişdir, 5-6 il Ramizlə şərikli işləmişdirlər, obyektdən pul alanda onu pulların yazıldığı dəftərlə hesablayaraq, pulu bölmüşdürlər, 3-4 il belə işləmişdirlər, Zülfüqardan pulu həm iddiaçı, həm özü almışdır, dəftəri iddiaçı yazmışdır, Zülfüqardan pulu qaimə ilə almışdırlar, obyektdən pulu özü də alırdı, Ramiz də alırdı, amma daha çox özü alırdı, “Kleopatra” pul verəndə iddiaçı dəftərlərə qol çəkdirirdi, onunla şərik işləmiş, xeyri bölmüş, qırağa pul atmışdırlar, axırıncı dəfə iddiaçıya pul verəndə, aparıb borc sahiblərinə verməsini deyəndə, iddiaçı az pul vermiş, məsələn ona 500 verməsini desə də, iddiaçı 300 vermişdir, qalanını isə xərcləmişdir, bu bir neçə dəfə təkrarlanıb, iddiaçı da bunu etiraf edir, deyir ki “ehtiyac oldu xərclədim”, belə olanda aralarında narazılıq olmasın deyə iddiaçıya “pulu mən özüm verəcəm, sən qarışma” demiş, pulu özü almış, özü paylamışdır, çünki borc sahibləri iddiaçını yox, onu tanıyırlar, dəftərdə ad “Vüsal” yazır, hər hansı bir problem olarsa, ondan soruşacaqlar, buna görə də bundan sonra pulu özü paylamışdır, pulu özü almış, paylamışdır, onun xeyri nədirsə vermiş, öz xeyri nədirsə onu da özünə götürmüşdür, bundan sonra aldığı malların hamısının pulunu özü vermişdir, kağızdakı imzanın özünün olduğunu təsdiq edir, imza özünündür, amma borclar isə onun deyildir, orada – qəbzdə bazara olan ümumi borclar qeyd edilib, qol çəkmişdir, borclar həmin tarixə Elçin, Valeh və s. adlı şəxslərə olan borclardır, həmin kağız qaralama kağızdır, belə kağızdan çox var, onları atırlar, amma iddiaçı onu özündə saxlamışdır, bundan xəbəri olmayıb, dəftəri Güloğlana - iddiaçıya etibar etmiş, o yazmışdır, tək işlədiyi obyektlərin pulunu özü yazmış, iddiaçı ilə şərikli işlədiklərini isə iddiaçı yazırdı, açotu o aparırdı, əgər iddiaçıya borcu olsa idi, bunu 4 il əvvəl istəyərdi, Zülfüqarın özünə 46000 manat borcu var, 24500 manat bazara olan borcudur, həmin pulu ödəmişdir, toydan-toya 8-10-15 dəfə, 1000 manatlıq mal vermişdir, 10 gündən sonra gedib pulu götürmüşdür, özü ət satmışdır, iş materiallarındakı qaimələrdə olan qolların biri iddiaçının, digəri isə anbardarındır, Güloğlanla şərikli alver etmişdirlər, özü Güloğlana pul verməmişdir, o pulunu “Kleopatra”dan almalıdır, hər ikisinə “Kleopatra”nın 46000 nə qədərsə borcu var, 8000 manatını almış, 38000 manat borc qalmışdır, 22000 manat iddiaçının alacağı var, qalanı isə özünündür, 22000 manat borcu təsdiq edir, Zülfüqar ona Güloğlanın 22000 manat borcunun özündə - Zülfüqarda olduğunu demişdir, daha sonra Zülfüqar ancaq onunla işləməyə başlamış, Güloğlanın yaxşı ət vermədiyini demişdir, özü iki şadlıq sarayı ilə işləyir, “Kleopatra” və “Meridian”da, Meridianda 5000 manat depoziti vardır, iddiaçı “Kleopatra”dan pulu ala bilmədiyinə görə ona şər atır, iddiaçıya borcu yoxdur, onunla şərikli işləmişdir, onun alacağı “Kleopatra”dandır. Sonda Cavabdeh1 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 34-cü PŞ-nin rəisinə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı ərizə ilə polis şöbəsinə müraciət edərək, Xətai rayonu, Babək prospektində yerləşən “Kleopatra” restoranın qarşısında təxminən 2019-cu ilin ortalarında tanıdığı Ağcabədi rayonu Aşağı Ovşar kənd sakini Cavabdeh1 müxtəlif vaxtlarda malqara, qoyun-quzu satdığını və bu günədək Vüsalın ona 26410 manat məbləğində borcu olduğunu, bundan başqa həmin restoranın müdiri Zülfüqar adlı şəxsdə ona 6000 manat pul borcu olduğunu bildirmiş, pulunun qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 Xətai RPİ 34-cü PŞ-nə xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Cavabdeh1 ona verilən suallara cavab olaraq bildirmişdir ki “Adını Güloğlan olaraq bildiyim İddiaçı adlı şəxslə şərik olaraq birgə Zülfüqar adlı şəxsin işlədiyi Kleopatra adlı restorana ət verirdik, onun miqdarında həmin restorana fərqli miqdarlarda depozit pul qoymuşdum, həmin restorandan 46000 manat pul alacaqdıq ikimizə bir yerdə. Həmin pulun ona düşən qismini yəni 22000 manat Zülfüqar özü ödəyəcəyini öhdəsinə götürdü. Güloğlana ödəyəciyi 22000 manat Zülfüqarın ödədiyini bilirdim. Həmin şəxsə mənim heç bir borcum yoxdur, mənimlə bağlı verdiyi şikayət ərizəsi böhtan xarakterli yalan məlumatdır”. İş materiallarında olan Cavabdeh2 Xətai RPİ 34-cü PŞ-nə xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Cavabdeh1 ona verilən suallara cavab olaraq bildirmişdir ki “Babək prospektin yerləşən “Kleopatra” adlı restoranı işlədirəm, Vüsal və Güloğlan kimi tanıdığım şəxslər işlətdiyim restorana ət verirdilər. Vüsal fərqli miqdarlarda depozit pul qoymuşdur. Lakin Güloğlan kimi tanıdığım Ramiz adlı şəxsə 5-6 min borcum var. Onlar arasında olan pul borcundan heç bir məlumatım yoxdur özləri öz borclarını bilirlər. Mənim olan 5-6 min arası borcu isə toylar başlayan kimi ödəyəcəyimə söz verirəm”. İş materiallarında olan ərizənin baxılması ilə bağlı Xətai RPİ-nin 34-cü P.Ş-nin baş ə/m polis mayoru X1 görünür ki, araşdırılma zamanı həmin adları keçən Cavabdeh1 və Cavabdeh2 tərəfindən PŞ-nə dəvət olunmuş və izahatları alınmışdır. Cavabdeh2 ona 6000 manat borclu olduğunu və həmin borcu yaxın günlərdə ödəyəcəyini öz üzərinə öhdəlik götürmüşdür, lakin Cavabdeh1 borclu olduğu 26410 AZN pulu olmadığını və ödəməyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 188 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Nümayəndə hesabına 400 manat hüquqi xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh1 eyni kənddən olmaqla tanışdırlar, hər ikisi ət məhsullarının satışı ilə məşğuldur, onlar 2019-cu ildən etibarən ət məhsullarının satışı üzrə müştərək fəaliyyət göstərirlər, bu vaxta qədər İddiaçı “Kleopatra” adlı restorana 40000 depozit qoymaqla oranı ət məhsulları ilə təchiz edir, depozit vəsaiti şadlıq sarayında işləyən digər Cavabdeh2 tərəfindən qəbul edilmişdir, İddiaçı Cavabdeh1 ilə birlikdə 4 il ərzində şərik olmaqla bir sıra ictimai iaşə obyektlərinə ət (mal-qara və s.) məhsulları satmışlar, “Kleopatra” restoranında ət məhsulları bilavasitə Cavabdeh2 özü və ya onun göstərişi əsasında digər əməkdaşlar tərəfindən qəbul olunmuşdur, Cavabdeh1 və İddiaçı arasında əldə olunmuş razılıq əsasında satılmış məhsulun pulu Cavabdeh1 tərəfindən alınmışdır, o, birgə satışdan iddiaçının 22000 manat alacağını, bu məbləğin isə bilavasitə Cavabdeh2 tərəfindən ödənilməli olduğunu bildirir, iddiaçı pulun qaytarılması məqsədi ilə xx.xx.2022-ci il tarixdə ərizə ilə 34-cü PŞ-nə ərizə ilə müraciət etmişdir, polis orqanında aparılmış təhqiqat zamanı toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı 6000 manat borcu vardır, o, həmin borcu yaxın günlərdə ödəyəcəyini vəd edir. Bundan başqa məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, V.Süleymanov 24500 manat məbləğdə borc olması barədə qəbz imzalamışdır və bu faktı etiraf edir, qəbzdə olan məbləğin iddiaçıya aid olmadığını, orada olan məbləğin digər şəriklərə aid olduğunu, həmin qəbzin iddiaçıya şəxsən vermədiyini, iddiaçının onu gizli yolla əldə etdiyini, artıq həmin məbləğdə borcun olmadığını bildirir. Bununla belə, cavabdehlərin borc öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbini təmin edərkən, digər sübutlarla yanaşı, pul məbləği barədə Cavabdeh1 tərəfindən imzalanmış qəbzin olması və bunun bilavasitə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini, əldə edilmiş razılıq əsasında “Kleopatra” restoranına ət satışından əldə olunan vəsaitin Cavabdeh1 tərəfindən alınması hallarını və birgə fəaliyyətlərindən iddiaçının 22000 manat alacağının olması barədə Cavabdeh1 etirafını nəzərə alır. Məhkəmə qeyd edir ki, 24500 manat məbləğində borca dair qəbzin Cavabdeh1 tərəfindən imza edilməklə təsdiq edilməsi və bu qəbzin iddiaçı tərəfindən iş materiallarına əlavə olunması, nisyə ət satışından əldə edilmiş vəsaitin Cavabdeh1 tərəfindən toplanması barədə onun özünün etirafı, cavabdehdə həmin məbləğdən geri qaytarmalar və ya ödənişlərin aparılması, o cümlədən iddiaçı ilə aralarında yaranmış mülki hüquq münasibətləri üzrə qəbzin aidiyyətinə dair sübutetmə vəzifəsi yaradır. Belə olan halda məhkəmə hesab edir ki, qəbzin iddiaçıya aid olmaması və ümumiyyətlə borcunun olmaması barədə cavabdehin dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz və bu məzmunda izahat özünümüdafiə xarakteri daşıyır. Bu, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.3-cü maddəsinin tələblərindən də irəli gəlir. Həmin maddəyə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Lakin iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 24500 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, cavabdehin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır ki, qanunvericiliyə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırki iş üzrə İddiaçı, cavabdehlərdən pulun alınması məqsədilə xx.xx.2022-ci il tarixdə polis şöbəsinə ərizə ilə müraciət etmiş, həmin müddətdən 3 ay 4 gün keçdikdən sonra isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir və ona görə də cavabdehin bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, iddia tələbinə Cavabdeh2 münasibətdə qeyd edir ki, Cavabdeh2 araşdırılma zamanı Xətai RPİ 34-cü PŞ-nə olan izahatında hazırki iş üzrə iddiaçıya - Ramiz adlı şəxsə 6000 manat borclu olduğunu etiraf etmiş, həmin borcu ödəyəcəyini bildirmişdir, o, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir məhkəmə iclasında iştirak etməməklə həmin borcun qaytarılmasına dair sübutları məhkəməyə təqdim etməmiş, onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, ondan 6000 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, iddia tələbinin “vəkil xərcləri üçün ödənilmiş 400 manatın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 400 manat pul məbləğini, 32410 manat qiymətində olan iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün saymaqla, iddia tələbinin təmin edilməsi hissəsinə uyğun olaraq (300 manat – 100 manat) cavabdehlərə aid edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 24500 manat, Cavabdeh2 6000 manat alınaraq iddiaçıya ödənilməli, habelə hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğin 300 manatı Cavabdeh1, 100 manat məbləği isə Cavabdeh2 aid edilməli, onlardan alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehlərin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissədə cavabdehlərə aid edilməli, iddia tələbinin təmin edilmiş hissəsi nisbətinə uyğun olaraq, dövlət rüsumu qismində ödənilmiş 145 manat Cavabdeh1, 36 manat Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğdə dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 24500 (iyirmi dörd min beş yüz) manat, Cavabdeh2 6000 (altı min) manat alınaraq İddiaçı ödənilsin. Hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğin 300 (üç yüz) manatı Cavabdeh1, 100 (yüz) manatı isə Cavabdeh2 aid edilsin, həmin məbləğlər onlardan alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu qismində ödənilmiş 145 (yüz qırx beş) manat Cavabdeh1 və 36 (otuz altı) manat Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar