Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1373/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı2 və İddiaçı1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılara məxsus mənzilin elektrik enerjisi təminatı 29.09.2021-ci il tarixində qanunsuz dayandırıldığı (kəsildiyi) üçün cavabdeh "xxxx" ASC-nin rəhbərliyi tərəfindən iddiaçılardan onların ünvanına rəsmi qaydada göndəriləcək məktubla üzr istənilməsi və istehlakçı qismində iddiaçılar İddiaçı2 və İddiaçı1 vurulmuş mənəvi zərərin əvəzi qismində ayrı-ayrılıqda 1.000 manat məbləğində pul, ümumilikdə 2.000 manat məbləğində pul "xxxx" ASC-dən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, İddiaçı2 və İddiaçı1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarıdan görünür ki, iddia tələbi cavabdeh tərəfindən iddiaçılardan üzr istənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi barədədir, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi zamanı iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunsa da, qanunvericiliyə əsasən, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, həmçinin zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş (100 manat) məbləğdə dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə iddia tələbi iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarda dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı2 və İddiaçı1 “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1373/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1373/2022
14.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver