Məhkəmə qərarları › İş №e-2(011)-143/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-143/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-143/2023 02.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “İsuzu” yük markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıda “avtonəqliyyat vasitələsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır.

2. xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh Sığortalanmış avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.

3. Cavabdeh barəsində xx.xx.2019-cu il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2019-cu il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokol əsasında) qəbul edilməklə, o, İXM-nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur.

4. Sığorta hadisəsi nəticəsində “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər "xxxx" ASC tərəfindən dəymiş zərərin hesabatı tərtib edilməklə 1450 manat məbləğində qiymətləndirilmiş, xx.xx.2019-cu il tarixdə köçürmə yolu ilə "xxxx" MMC-yə ödənilmişdir.

5. İddia ərizəsinin və ona etirazın dəlilləri:

6. İddia ərizəsinin dəlilləri:

7. İddiaçı cavabdehdən 1450 manat pul vəsaitinin və 34.50 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmas barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, cavabdeh tərəfindən idarə edilən Sığortalanmış avtomobil xx.xx.2019-ci il tarixində Bakı şəhəri ərazisində 90PL168 dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3” markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddələri ilə xx.xx.2019-cu il tarixli protokol yazılmışdır və AR İXM-nin 327.6-cı maddəsi ilə TP ******* qərar yazılmışdır. “Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1450 manat ödənişi verilmişdir.

9. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

10. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

11. Məhkəmə iclasında verilən izahatlar:

12. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

14. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

17. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

“İcrabi sığortalar haqqında” AR Qanunu

18. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

25. AR MM-nin 936.1 və 936.2-ci maddələrinin mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İddiaçının subroqasiya hüququnun yaranması isə iş materialları ilə müəyyən edilir.

26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Sığortalanmış avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2019-cu il) sığorta hadisəsi baş vermiş və “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin Sığortalanmış avtomobi idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına 1450 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.

27. Həmçinin, cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə xx.xx.2019-cu il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə İXM-nin 327.6-cı maddəsilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir.

28. Məhkəmə hesab edir ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, hadisəni törətmiş cavabdeh isə hadisə yerindən yayındığından əmlaka (avtomobilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

29. Lakin məhkəmənin qənaətinə görə, iddiaçı subroqasiya tələbi ilə, cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.

30. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9025 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünü ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2017-ci il buraxılışlı “Ravon Nexia R3” minik markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faiz tətbiq edilməklə 1377 manat maddi ziyan dəymişdir.

31. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

32. Məhkəmə qeyd edir ki, belə olan halda zərər dəymiş avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 1377 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, iddiaçının ödədiyi dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması (iddia 95% hissədə təmin olunmuşdur) nisbətində tərəflər arasında bölüşdürülməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 1377 manat məbləğində sığorta ödənişi, 32,77 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumunun 1,73 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 95 manat hissəsi Cavabdeh, 5 manat hissəsi isə "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar