Məhkəmə qərarları › İş №e-2(011)-163/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-163/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-163/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – Cavabdeh 04 avqust 2023-cü il tarixli FAT-447 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 fevral 2024-cü il tarixə 2610,29 manat gecikdirilmiş əsas, 1.266,18 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 754.78 manat dəbbə pulu, lizinq obyekti olan “VGV U75 PRO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 295 manat, cəmi 4926.25 manat borc və ödənilmiş 69.27 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli FAT-447 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “VGV U75 PRO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, tünd boz metal rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 15 % mükafat məbləği hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1294.75 manat, ümumilikdə isə 53.511 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 53.511 manatın 44.250 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan “VGV U75 PRO” markalı, **- AB-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 fevral 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 295 manat təşkil edir. Eyni zamanda Cavabdeh 04 avqust 2023-cü il tarixli FAT-447 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 fevral 2024-cü il tarixə ümumilikdə 4.631,25 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 avqust 2023-cü il tarixli FAT-447 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 fevral 2024-cü il tarixə 2610.29 manat gecikdirilmiş əsas, 1.020,96 manat gecikdirilmiş mükafat, lizinq obyekti olan “VGV U75 PRO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 295 manat, cəmi 3.231,25 manat borc və ödənilmiş 69,27 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli FAT-447 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən lizinq verən müqavilənin predmeti olan “VGV U75 PRO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alanın sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Bu lizinq müqaviləsinin əsas məbləğini 44.250 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 6.900 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənilmiş 6900 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 15% həcmində mükafat məbləği hesablanmışdır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılmışdır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktının surətindən görünür ki, “VGV U75 PRO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Avtonəqliyyat vasitəsinin təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC şirkətinə məxsus “VGV U75 PRO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Lizinq ödənişləri ödənilmədiyi üçün təhviltəslim aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən İddiaçı MMC-ya ünvanlanan xx.xx.2024-cü il tarixli № 05/2368/di saylı məktubun surətindən görünür ki, İddiaçı MMC–nin xx.xx.2024-cü il tarixli, 079 saylı məktubuna Azərbaycan Respublikası Döviət Miqrasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. Türkiyə Respublikasının vətəndaşı Cavabdeh sonuncu dəfə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, “Fast Track" MMC ilə bağlanmış 04 avqust 2023-cü il tarixli FAT-447 saylı "Daxili Lizinq" müqaviləsinə əsasən Cavabdeh 2023-cü il buraxılış, "VGV Pro" minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, tünd boz metal rəngli avtomobil verilmişdir. Tərəflər arasında imzalanmış "Daxili lizinq" müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, 16 fevral 2024-cü il tarixə 4631.25 manat məbləğində gecikmə borcu yaranmış, lizinq obyekti olan "VGV Pro" minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 295 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 141 saylı arayışın surətindən görünür ki, Borclu Cavabdeh 04 avqust 2023-cü il tarixli FAT-447 saylı “Daxili lizinq” müqaviləsi üzrə 16 fevral 2024-cü il tarixə əsas borc 2.610,29 manat, mükafat borcu 1.266,18 manat, cərimə borcu 754,78 manat olmaqla ümumilikdə gecikdirilmiş cəmi 4.631,25 manat məbləğdə borcu vardır. İş materiallarında olan məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 189 saylı arayışın surətindən görünür ki, borclu Cavabdeh 04 avqust 2023-cü il tarixli FAT-447 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 2610.29 manat gecikdirilmiş əsas, 1266.18 manat gecikdirilmiş mükafat və həmin günə gecikdirməyə görə hesablanmış 754.78 manat dəbbə pulu, ümumilikdə 4.631.25 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Borclu Cavabdeh tərəfindən 04 aprel 2024-cü il tarixdə ödənilmiş 1.000 manat məbləğindən 754,78 manat hesablanmış dəbbə borcuna, 245,22 manat mükafat borcuna silinmişdir. Borclunun xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas borcu 2.610.29 manat, gecikdirilmiş mükafat borcu 1.020,96 manat olmaqla ümumilikdə cəmi gecikdirilmiş 3.631.25 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7636 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə vəsatətə cavab olaraq Mərkəzə xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 411 №-li məktubla birgə “X4” MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2023-cü il buraxılışlı, “VGV U75 PRO” markalı, 77- AB-803 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 225,00 manat müəyyən edilir. Dəymiş ziyan (təmir-bərpa xərclərinə) ƏDV nəzərə alınmaqla hesablanmışdır. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2023-cü il buraxılışlı, “VGV U75 PRO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı verilmiş vəsatətə cavab olaraq Mərkəzə xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 411 №-li məktubla birgə “X4” MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı əsasında hesablanır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/7552 saylı ekspert rəyindən görünür ki, Birinci və ikinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh İddiaçı MMC-ə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 04 avqust 2023-cü il tarixli, FAT-447 saylı daxili lizinq müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixədək (sualda göstərilən tarix) İddiaçı MMC-nə olan müqavilə üzrə əsas və mükafat borcu 3.523,50 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 2.249,54 manat, mükafat borcu üzrə 1.273,96 manat. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli, FAT-447 saylı daxili lizinq müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən lizinq ödənişlərinin gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən cərimənin hesablanması müəyyən edilmədi. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Qeyd edilən Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Göstərilən Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən, lizinq şirkəti üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə vermiş, lakin lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alanın lizinq verənə əsas, mükafat və cərimə borcu yaranmışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, cavabdeh daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, iddia tələbi müqavilə üzrə borcun ödənilməsinə əsasən əsas və mükafat borcunun tutulması hissələrində qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyinin tədqiqatı əsas götürülməklə, Cavabdeh 2.249,54 manat əsas borc, 1.266.18 manat mükafat məbləği tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı ondan 754,78 manat məbləğində cərimənin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas borcun məbləğinə nisbətdə cərimə məbləğinin yüksək olduğunu nəzərə alaraq, cərimənin 380 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı ondan lizinq obyekti olan “VGV U75 PRO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 295 manat məbləğ tələb edir. Məhkəmə işin hallarını və ekspert rəyinin nəticələrini nəzərə alaraq, dəymiş zərərin 225 manat məbləğində müəyyənləşdirilməsini ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 69,27 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin məhkəmə xərclərinə aid edilən 250 manat ekspertiza xərcinin də cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 04 avqust 2023-cü il tarixli FAT-447 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2.249,54 (iki min iki yüz qırx doqquz manat əlli dörd qəpik) manat əsas borc, 1.266,18 (bir min iki yüz altmış altı manat on səkkiz qəpik) manat gecikdirilmiş mükafat, 380 (üç yüz səksən) manat dəbbə pulu, dəymiş zərərə görə 225 (iki yüz iyirmi beş) manat məbləği olmaqla, cəmi 4.120,72 (dörd min yüz iyirmi manat yetmiş iki qəpik) manat pul məbləği və 69,27 (altmış doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilsin. 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar