Məhkəmə qərarları › İş №e-2(011)-1815/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1815/2022

19.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1815/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh X11 qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) miras əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpa olunması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı 18.10.1983-cü ildə vəfat etmiş atası X10 məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Əliyarov küçəsində yerləşən 0,1245 ha torpaq sahəsi və üzərindəki 39 saylı fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İşin faktiki halları ondan ibarətdir ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasporta əsasən Bakı şəhəri, Xətai rayonu, N.Əliyarov küçəsində yerləşən 0,1245 ha torpaq sahəsi və üzərindəki 39 saylı fərdi yaşayış evi (bundan sonra – Miras əmlak) iddiaçının atası X1 verilmişdir. X13 12.08.1983cü il tarixdə ölmüşdür. İddiaçı yalnız 22.02.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri, 6 saylı Notariat Ofisinə müraciət etmiş, 6 saylı Notariat Ofisi iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir (hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi və müddətin buraxıldığı üçün). İddiaçının üçüncü şəxsdən başqa bir bacısı və iki qardaşı olmuş, lakin onlar müxtəlif vaxtlarda vəfat etmişlər. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Fərdi yaşayış evi 1972-ci ili mart ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport” əsasında atası X10 məxsus olmuşdur. İsmayıl Rəsulov, 18.10.1983-cü ildə vəfat etmişdir. Həmin torpaq sahəsində yerləşən hazırki ev təxminən 1941-cı illərdə inşa edilmişdir. Atası vəfat etdikdən sonra Bakı şəhəri, Xətai rayonu, N.Əliyarov küçəsində yerləşən 0,1245 ha torpaq sahəsi və üzərindəki Fərdi yaşayış evi faktiki olaraq ona qalmış, həmin evdən və həyətyanı torpaq sahəsindən o istifadə etmişdir, hal-hazırda da ailəsiylə birgə orada yaşayır. Evi dəfələrlə əsaslı təmir elətdirmişdir, əlavə otaqlar tikdirmişdir. Bacı və qardaşları isə ailə quraraq köçmüşlər və öz təsərrüfatlarını ayırmışlar. Qeyd edilən əmlak isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 2020-ci il tarixdə miras əmlakı öz adına rəsmiləşdirmək üçün notariata getdikdə, əvvəlcə həmin əmlaka dair reyestrdən çıxarış alınması zərurəti yaranmışdır və Bakı şəhəri 6 saylı Ofisinin 22.02.2020-ci il tarixli məktubu ilə miras əmlakının qəbulu müddətini buraxmağını əsas gətirərək müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Lakin, o, notaritatın bu mövqeyi ilə razılşmasa da məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının bacısı Gülarədən başqa bütün bacı və qardaşları ölüb. Notariusa vərəsəliklə bağlı heç kim müraciət etməyib. Miras əmlakı faktiki olaraq iddiaçı qəbul edib. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 4 qardaş, 2 bacı olublar, sağ olan tək bacısı Gülarədir, onun da öz evi vardır. Üçüncü şəxs məhkəmə baxışı zamanı miras əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsinə razı olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iddia ərizəsinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, işə materiallarına əlavə edilmiş: - Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Miras əmlak 1972-ci ildə X1 verilmişdir; - AZ-İİ seriyalı, 215466 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 12.08.1983-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.10.1983-cü il tarixdə 868 nömrə ilə qeyd aparılmışdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur, şəhadətnamənin atası qrafasında X13, ana qrafasında X5 qeyd edilmişdir; - V-ЖГ seriyalı, 280672 saylı “Ölüm haqqında şəhadətnamə”nin surəti ilə müəyyən edilir ki, iddiaçının anası X5 1997-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16.12.1997-ci il tarixdə 850 nömrə ilə qeyd aparılmışdır; -Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 14.12.2018-ci il tarixdə verdiyi Arayışa əsasən iddiaçının qardaşı X12 23.05.1961-ci il tarixdə ölmüşdür; -AZ-İİ seriyalı, 524848 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 20.08.2002-ci il tarixdə ölmüşdür; -Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 14.12.2018-ci il tarixdə verdiyi Arayışa əsasən iddiaçının qardaşı X9 16.04.2008-ci il tarixdə ölmüşdür; -AZ-İİ seriyalı, 444090 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 17.10.2010-cu il tarixdə ölmüşdür; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan ünvanladığı x-298 saylı, 22.02.2020-ci il tarixli məktubdan görünür ki, X8 adına olan mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür; İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, Miras əmlak iddiaçının atası X8 mülkiyyəti olduğundan, miras əmlak kütləsinə daxildir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məсəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar). Həmin Məсəllənin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qeyd edilən Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilən Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdikləri dəlillər və iş materiallarında olan sübutlar əsasında həmin müddət üzrlü sayılaraq uzadılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçınn atası 12.08.1983-cü il tarixdə, anası X5 isə 17.11.1997-ci il tarixdə ölmüşdür. Həmçinin, iddiaçının üçüncü şəxsdən başqa digər bacı və qardaşları da ölmüşdür. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd edilən müddəlara və işin şərh edilən hallarına əsasən məhkəmə hesb edir ki, iddiaçıların mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürülmələri üzürlü hesab edilməli və həmin müddət uzadılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X6 miras qalmış Bakı şəhəri, Xətai rayonu, N.Əliyarov küçəsində yerləşən 0,1245 ha torpaq sahəsinə və üzərindəki 39 saylı fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrlü sayılmaqla uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar