Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1823/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə təminatı hüququna qoyulan qadağanın aradan qaldırılması, maddi ziyan olaraq 35 manat, mənəvi ziyan olaraq 500 manatın cavabdehdən tutulub iddiaçının pensiya hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1-ci dərəcəli Qarabağ əlilidir. Cavabdeh MMC istehlakçı hüquqlarını pozur. Belə ki, ***-***-**-** nömrəni internet paketinin 1 aylıq müddət bitməmiş avqustun 29-da ləğv edib və iddiaçının razılığı və xəbəri olmadan 5 manatlıq internet paketinə qoşub. 4 aydır zorakı xidmətlə tutduğu 5 manatı iddiaçının balansına qaytarmır. Bundan başqa ***-***-**-** nömrəni 6 aylıq müddət bitmədən içindəki 20 manata yaxın balansla birlikdə ləğv edib və bərpa etməkdən imtina edir. Cavabdeh müqavilə öhdəliklərini də pozur. Belə ki, ilk əvvəl 2 manatlıq balans artımı bir ay keçərli idi, sonra xəbərdarlıq etmədən, birtərəfli qaydada 25 günə, daha sonra 20 günə, hazırda isə 15 günə endiriblər. Bu kobud istehlakçı hüququ pozuntusudur. 22 dekabr 2023-cü ildə ***-***-**-** nömrəsi ilə 3 manatlıq internet paketi götürmüşdür. Sms bildiriş gəldi ki, 3 manat çıxıldı. Amma bəlli olur ki, 6 manat çıxılıb. Çünki meqabaytın isifadəsi barədə məlumatda balansın 39.44 manat olduğu bildirilir. Halbuki iddiaçının balansı 45.45 manat idi. Deməli, 3 manat əvəzinə 6 manat silinib balansdan. Bu, talançılıqdır. Cavabdeh MMC məhkəmə təminatı hüququna da qadağa qoyub. Belə ki, cavabdehin bütün ölkə üzrə hər bölgədə, Bakının hər rayonunda bir neçə xidmət ofisi olsa da Səbail rayonu, Neftçilər prospekti ünvanını dəyişdiyini məhkəməyə bildirib, işə baxılmasına mane olur ki. Bu, süründürməçilikdir və məhkəmə müdafiəsi hüququna qadağadır. Hətta işin aidiyyatı üzrə Xətai məhkəməsinə göndərilməsinə də imkan verilmir. Halbuki, Bakcellin vurğuladığı kimi, bütün ölkədə, hər rayonda bir neçə ofisi var. Buna baxmayaraq Cavabdeh MMC məhkəmə ilə qeyriprosessual münasibətə girərək məhkəmə təminatı hüququna qadağa qoyur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbinə görə iddiaçının müharibə əlili kimi xidmətdən güzəştlə yararlanmaq, məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə maddi tələblə yanaşı mənəvi ziyanla bağlı məsələni də həll edir. Mənəvi ziyanın məbləği, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı yazılı izahatına bildirmişdir ki, iddianı əsassız hesab edir. İddiaçının oxşar şikayətləri ilə bağlı bir çox dövlət orqanlarına verdikləri cavab məktublarda da bu barədə göstərmişlər. Belə ki, ***-***-**-** kombinasiyalı nömrə ilə bağlı iddiaçı iddia ərizəsində göstərilənlərlə əlaqədar qeyd edir ki, 31 iyul 2023-cü il tarixində 00:46-da 5 manat dəyərində 1 GB internet paketi aktivləşdirilmişdir və bu haqda nömrəyə 00:47-də “Aylıq 1GB internet paketi aktivləşdi və balansdan 5.00 AZN çixildi. Paket 30 gün etibarlidir.” Növbəti avtomatik yenilənmə tarixi xx.xx.2023 məzmunlu bildiriş SMS-si göndərilmişdir. Həmin bildiriş SMS-də qeyd olunur ki, paketin istifadə müddəti 1 ay deyil, 30 gündür. Eyni zamanda müvafiq məlumat rəsmi saytda əks olunur. Paket yüksəksürətli mobil internetdən 30 gün ərzində istifadə üçün nəzərdə tutulub. Paketin istifadə müddəti bitəndən sonra, balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənəcək. 31 iyul 2023-cü il tarixində aktivləşən 1 GB internet paketi 30 avqust 2023-cü il tarixinədək istifadə edilmişdir (cəmi 846 MB). 30 avqust 2023-cü il tarixində isə saat 00:00:05-də avtomatik olaraq yenilənmişdir və həmin vaxt ***-***-**-** nömrəyə “Ayliq 1 GB yeniləndi. Balansdan 5.00 manat xidmət haqqi çıxıldı. Növbəti avtomatik yenilənmə tarixi xx.xx.2023. İnternet balansi yoxlamaq ucun *444#YES.” məzmunlu bildiriş SMS-si daxil olmuşdur. 30 avqust 2023-cü il tarixində yenilənən 1 GB internet paketi 26 sentyabr 2023-cü il tarixinədək istifadə edilmişdir (cəmi 996 MB) və həmin gün saat 22:53-də nömrədə deaktiv edilmişdir. İddianın digər hissəsi ilə bağlı bildirir ki, iddiaçı ***-***-**-** nömrəsinin cavabdeh tərəfindən ləğv edildiyini və bərpa etmədiyini bildirir. Həmin nömrə iddiaçının adına deyil, başqa şəxsin adınadır. Buna görə də hesab edir ki, iddiaçının həmin nömrə ilə bağlı cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İşin faktiki halları: ***-***-**-** kombinasiyalı nömrə iddiaçının istifadəsinə verilmişdir. İddiaçı cavabdeh şirkətin təqdim etdiyi rabitə xidmətlərindən istifadə edərək telefonuna internet paketi yükləmişdir. Ondan xidmətin dəyərinin artıq tutulduğunu və bununla ona ziyan vurulduğunu qeyd etmişdir. ***-***-**-** kombinasiyalı mobil nömrə iddiaçının oğlu X1 istifadəsinə verilmişdir. İddiaçı hazırkı iddiada oğlunun istifadəsində olan nömrə üzrə də iddia qaldırmışdır. İş materiallarında olan cavabdeh tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı müraciətində qeyd olunan ***-***-**-** kombinasiyalı mobil nömrə vətəndaşın adına rəsmiləşdirilməmişdir. Həmin nömrə adına rəsmiləşdirilmiş şəxs və ya onun verdiyi etibarnamə əsasında səlahiyyətli nümayəndəsi müraciət etdiyi təqdirdə cavabdeh tərəfindən müvafiq məsələyə baxıla bilər. Müraciətdə qeyd edilən digər, ***-***-**-** kombinasiyalı nömrə ilə bağlı şikayətdə yer alan üç məqamla bağlı aşağıdakıları bildiririk: balansa yüklənən məbləğə müvafiq olaraq etibarlılıq müddətlərin dəyişməsi haqqında məlumat öncədən 08 iyun 2023-cü il tarixində rəsmi internet səhifəmizdə ətraflı məlumat yer almışdır; nömrədə abunəçi tərəfindən 01 noyabr 2023-cü il tarixində saat 20:47-də 10 manat dəyərində 30 gün istifadə müddəti olan 5 GB internet paketi aktivləşdirilmiş və 26 noyabr 2023-cü il tarixində abunəçi tərəfindən ləğv edilmişdir (bu tarixə qədər cəmi istifadə 4481 mb); abunəçi 22 dekabr 2023-cü il tarixində iki dəfə saat 00:26-da və 00:38-də 3 manat dəyəri, 30 gün istifadə müddəti olan 500 mb həcmində internet paketini aktivləşdirmişdir. Eyni tarixdə aktivləşən birinci 500 mb həcmli trafik 08 yanvar 2024- cü il tarixinə qədər (saat 10:09-a qədər) tam istifadə edilmiş, digər 500 mb həcmli trafik isə 21 yanvar 2024-cü il tarixinədək (istifadə müddəti bitənədək) istifadə edilmişdir (cəmi 294 mb). Əlavə olaraq, qeyd olunan xidmətlərin istifadəsi zamanı hər hansı texniki qüsur aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə, məhkəmə təminatı hüququna qoyulan qadağanın aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı onun hüquqlarının həyata keçirilməsinə qoyulan qadağanın nədən ibarət olmasını iddia ərizəsində əsaslandıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi cavabdehin hüquqi ünvanının dəyişməsinin onun hüquqlarını pozmasına dair dəlilinə qiymət verərək hesab edir ki, qanunvericiliyə uyğun olaraq istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Cavabdeh özünün hüquqi ünvanını dəyişməkdə azaddır. Onun bu hüququna hər hansı məhdudiyyət qoyula bilməz. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə təminatı hüququna qoyulan qadağanın aradan qaldırılması hissəsində rədd edilməlidir. Məhkəmə maddi ziyan olaraq 35 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ona 35 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, 35 manatən konkret olaraq hansı meyarlarla hesbalandığını ərizəsində göstərməmişdir. Belə ki, o, qanunsuz olaraq ondan məbləğlərin tutulmasını qeyd etsə də, cavabdehin məhkəməyə ünvanladğı məktublardan görünür ki, iddiaçı internet paketləri əldə etmiş və onları istifadə etmişdir. Yəni, qanunsuz və zorakı olaraq ondan pul tutulmasını qeyd etsə də, iddiaçı faktiki olaraq cavabdeh olan şirkətin rabitə xidmətlərindən faydalanmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, ***-***-**-** nömrəsi iddiaçının yox, onun oğlunun istifadəsinə verilmiş və buna nömrəyə aid hər hansı iddianın iddiaçının oğlu və ya onun qanunla müəyyən edilmiş qaydada səlahiyyətləndirilmiş etibarnamə üzrə nümayəndəsi qaldıra bilər. Beləliklə, ***-***-**-** nömrəsi ilə bağlı iddiaçı hər hansı tələb irəli sürməkdə subyektiv hüquqa malik deyildir. Odur ki, iddia tələbi maddi ziyan olaraq 35 manat pulun cavabdehdən tutulması hissəsində də rədd edilməlidir. Məhkəmə iddianın 500 manat mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya münasibətdə təqsdirli və qanunazidd hərəkətləri aşkar edilməmişdir, iddiaçıya mənəvi ziyanın dəyməsi də işin hər hansı halı ilə təsdiq olunmur. Odur ki, iddia tələbi 500 manat mənəvi zərərin tutulması hissəsində də rədd edilməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı - məhkəmə təminatı hüququna qoyulan qadağanın aradan qaldırılması, maddi ziyan olaraq 35 manat, mənəvi ziyan olaraq 500 manatın cavabdehdən tutulub iddiaçının pensiya hesabına ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1823/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1823/2024
18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver