Məhkəmə qərarları › İş №e-2(011)-1855/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1855/2024

07.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1855/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan ünvanda yerləşən iddiaçıya məxsus olan evdə aidiyyəti qurum tərəfindən quraşdırılmış 1402AZ**********37 nömrəli qaz sayğacı yenisi ilə əvəz edildikdən sonra Azərbaycan Respublikası R İN AİBNDX-nin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən köhnə sayğacın üzərində aparılmış laborator yoxlama nəticəsində müəyyən nasazlıqlar aşkar edilmişdir. 31 iyul 2023-cü il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə Bakı Regional Qazın Satışı Departementi tərəfindən tərtib edilmişdir. Nəticədə iddiaçının istehlakçı olaraq Cavabdeh İB tərəfindən təyin olunan **********07790 nömrəli abonent koduna 777.60 manat cərimə məbləği yazılmışdır. Həmin tələbnamədə qeyd edilmişdir ki, aşkar edilmiş nöqsan “Sənaye və X4 Kalibrləmə Laboratoriyasının” qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 4560/Q001 nömrəli aktına əsasən G-4 markalı 1402AZ**********37 nömrəli sayğacın çıxış plastmas borusu deşik olması müəyyən edilmişdir. Müvafiq tələbnamədə Aərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, itirilmiş qaz bərpa edilməlidir. Əsas olaraq isə xx.xx.2023cü il tarixli ******* nömrəli akt müəyyən edilmişdir. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, məbləğ 6x12x90=6480 m3 müəyyən edilmişdir. Müvafiq qurum tərəfindən “Təbii X3nın pozulması haqqında” ******* nömrəli aktda müəyyən edilmişdir ki, Cavabdeh İB-nin 14-2-2/3-5-4560/0001 saylı rəyinə əsasən 1402AZ**********37 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilib. İddiaçı düşünür ki, xətalar normadan artıqdır. Qeyd olunan laborator nəticələrini əsas tutaraq Bakı Regional Qazın Satışı Departamenti xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edərək dəymiş zərərin bərpasına dair iddiaçıya qarşı xx.xx.2023-cü tarixli tələbnamə irəli sürmüşdür. İddiaçı hesab edir ki, yazılan cərimənin əsassız olduğu aşkardır. İddiaçı məhkəmədən proses zamanı qaz təchizatı xidmətinin müntəzəm olaraq istehlakçı olaraq ona göstərilməsini və onun tərəfindən ödənişi həyata keçirmə imkanına maneə yaranmaması üçün cərimə məbləğinin işə baxılan müddət ərzində dondurulmasını xahiş etmişdir. Əlavə olaraq işin halları araşdırılarkən məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, abonent qismində iddiaçı barəsində yığılmış borc məbləği yeganə olaraq müvafiq adı çəkilən aktla (“X2 İtkisi”) müəyyən edilmişdir. Bu günədək iddiaçı bütün digər ödənişləri vaxtı-vaxtında etmiş və hər hansı gecikməsi, cəriməsi və s. olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğac demontaj olunarkən heç bir zədə, nöqsan, xüsusi plombun zədəsi və yoxluğu müşahidə olunmamışdır. Qeyd edilən sayğacın qapalı ərazidə olmaması, müvafiq ərazi üzərində iddiaçının hər hansı nəzarət imkanının olmaması xüsusi diqqətə alınmalıdır. İddiaçı bildirmişdir ki, qaz sayğacına müdaxilə edilmişdirsə belə, bunun onun tərəfindən edildiyini sübut edən hər hansı bir hal olmadan cavabdeh təqsirsizlik prezumpsiyasını pozmaqla başqa kənar şəxslər və ya təbii hər hansı proses nəticəsində yaranmış nöqsanı heç bir əsaslı sübut olmadan iddiaçı ilə əlaqələndirmişdir və iddiaçı tərəfindən istehlakçı kimi həmin qaz sayğacına qəsdən hər hansı müdaxilə ediləcəyi halda belə onun hər hansı fayda əldə etmə ehtimalı olmamışdır. Əvvəlki ilin qaz sərfiyyatını təhlil etdikdə görünür ki, 2023-cü ilin 11 ayına görə rəqəmlər arasındakı kənarlaşma olduqca minimaldır və bu da məntiqə uyğundur. Belə ki, aşağıdakı məlumatlardan da görünür ki, iddiaçı tərəfindən hər hansı hərəkət edilməsi üçün heç bir motiv olmamışdır, hər hansı faydanın əldə edilmə ehtimalı olmadığından iddiaçının qeyd edilən hərəkəti (müdaxilə) etməsi üçün heç bir əsaslı şübhə yoxdur, habelə iddiaçı tərəfindən müdaxilənin edildiyini sübut edən heç bir dəlil mövcud deyildir. Sayğacın quraşdırılmış olduğu yer xüsusi nəzərə alındıqda onun müvafiq olaraq iddiaçı tərəfindən qorunmasının da mümkünsüzlüyü əsas götürülməklə iddiaçının hər hansı hərəkətsizliyinin də bu müdaxiləyə səbəb olduğuna istinad edilə bilməz. AR İN AİBNDX-nin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun rəyinə əsasən sayğacın zədəsi “çıxış borusunun deşilməsi” kimi qeyd olunub. Ümumiyyətlə hər hansı bir zədənin olub-olmaması onun istehlakçı tərəfindən yetirilməsi anlamına gətirib çıxartmır. 2015-ci ildə quraşdırılmış sayğac illərlə aqressiv şəraitdə (dəniz kənarının yüksək rütubətliyi və birbaşa günəş şüaları altında) işləyib və hər hansı bir zədənin məhz bu səbəbdən də yaranmasını istisna etmək olmaz. Eyni zamanda əgər sayğacın zədələnməsində istehlakçı cərimələnirsə, bunun üçün ilk öncə istehlakçının qeyd edilən nöqsanla əlaqəsi sübuta yetirilməli, təqsiri təsbit edilməlidir. Əks halda yaranma səbəbi müəyyən olmayan nöqsan üçün istehlakçının cərimələnməsi ciddi hüquq pozuntusu hesab edilməlidir. Ərizəyə əlavə olunan sənədlərdən də görünür ki, iddiaçı tərəfindən təbii qazdan cavabdehlə bağlanmış müqavilə əsasında istifadə edilməklə cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş hesab əsasında ödənişlər vaxtı-vaxtında edilmişdir, yəni təbii qazdan qanunsuz istifadə halı olmamışdır. Fiziki şəxs olan istehlakçı yəni iddiaçı tərəfindən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Habelə tərtib edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun törədilməsi göstərilmədən iddiaçı tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanması qanuni hesab edilməməlidir. İddiaçı qeyd olunan cərimə məbləğinin tam qanunsuz və əsassız olduğunu hesab edərək məhkəmə qaydasında mübahisələndirməyin qanuna müvafiq olduğunu düşünür. Lakin qeyd edilən məhkəmə mübahisəsi müvafiq məhkəmə instansiyasında baxılmaqla yekun məhkəmə aktı qəbul edilən müddətədək istehlakçı kimi iddiaçının hüquqlarının müdafiəsi üçün müvafiq cərimə məbləğinin hər hansı formada üzərinə dəbbə pulu gəlmədən dondurulması, habelə ən əsası isə bu müddət ərzində qaz təminatının cavabdeh tərəfindən fasiləsiz həyata keçirilməsinə ehtiyac yaranmışdır. İddiaçının istehlakçı qismində müvafiq xidmətlərdən istifadə edə bilməyi üçün yeganə təminatçı olaraq cavabdeh çıxış edir, müvafiq dövr ərzində hər hansı formada alternativ təminat vasitələrindən istifadəsi imkansızdır, habelə müvafiq müddət ərzində cərimə məbləğinə görə qaz təminatının dayandırılması halı yaşandıqda iddiaçı yaşamaq hüququnun minimal tələblərini təmin edən vasitələrin birindən məhrum edilmiş olacaq. Belə ki, məhkəmə tərəfindən müvafiq iş üzrə yekun məhkəmə aktı çıxarılan anadək cavabdeh üzərinə cərimə məbləğinin hər hansı formada üzərinə dəbbə pulu gəlmədən dondurulması, habelə qaz təminatının müvafiq müəyyən edilmiş cərimə məbləğinin ödənilməməsi əsası ilə dayandırılmaması, qaz təminatının davam etdirilməsi üçün öhdəliyin qoyulması barədə məhkəmə təminat tədbirinin müəyyən edilməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardımın həyata keçirilməsi, iddia ərizəsinin və məhkəmə təminat tədbiri üzrə ərizənin hazırlanması, habelə proses gedişində hüquqi dəstəyin alınması üçün 600 (altı yüz) manat məbləğində hüquqi xidmətdən istifadəyə görə iddiaçı tərəfindən ödəniş edilmişdir. Bununla yanaşı iddiaçının hər hansı günahı olmadan barəsində belə bir aktın tərtib edilməsi, cərimələnməsi, sayğaca müdaxilə etmiş kimi qələmə verilməyi, bu proses ərzində ciddi stress keçirməyinə, qonşular arasında olan hörmət və nüfuza ciddi xələl gətirməsinə səbəb olmuşdur, belə ki iddiaçıya ən azı ağlabatan məbləğ kimi 300 (üç yüz) manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən barəsində müəyyən edilmiş cərimə məbləğinin ləğv edilməsi, ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin (900 manat), iddia ərizəsinin və müvəqqəti təminat tədbiri üzrə ərizələrin verilməsi üçün ödənilmiş 40 (30+10) manat məbləğində rüsumların cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “təbii X3nın pozulması haqqında” aktın ləğv olunması, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli “təbii X3nın pozulması haqqında” Akt əsasında **********07790 nömrəli abonent koduna müəyyən edilmiş 777.60 manat məbləğində cərimə məbləğinin ləğv edilməsi, habelə ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin, pozulmuş hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardımın həyata keçirilməsi, iddia ərizəsinin və məhkəmə təminat tədbiri üzrə ərizənin hazırlanması, habelə proses gedişində hüquqi dəstəyin alınması üçün tərəfindən ödənilmiş 600 manat məbləğin, 300 manat məbləğində mənəvi ziyan əvəzinin, iddia ərizəsinin və məhkəmə təminat tədbiri üzrə ərizələrin veriməsi üçün ödənilmiş 40 manat məbləğində rüsumların, ümümilikdə cəmi 940 manat məbləğinin Cavabdeh İB Bakı Regional Qazın Satış Departamentindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********07790) 2023-cü il üçün 777,60 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” 14 iyul 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ 779 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ 779 ünvanında yerləşən fərdi yaşayış evində aşkar edilmiş nöqsan kimi – Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 4560/Q001 №-li aktına əsasən G-4 markalı 1402AZ**********37 №-li sayğacın çıxış plastmas borusu deşikdir, dəymiş ziyanın həcmi isə cəmi 6480 kub.metr sərfiyyat hesablanmışdır. İş materiallarında olan İddiaçı ilə hüquqşünas X1 arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli xidmət müqaviləsindən və həmin müqaviləyə 1 №-li əlavədən görünür ki, hüquqi məsləhət xidmətlərinin göstərilməsi o cümlədən iddia ərizəsinin və digər sənədlərin tərtibatı üçün 600 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında 14 iyul 2023-cü il tarixli, ******* saylı aktın surətində “sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış iddiaçının silinməsini tələb etdiyi 777,60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Cavabdeh İB-si tərəfindən tərtib olunmuş 14 iyul 2023-cü il tarixli, ******* saylı akt ləğv edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış 777,60 manat cərimə borcu silinməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin iddiaçıya dəymiş maddi və mənəvi ziyanın əvəzinin, pozulmuş hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardımın həyata keçirilməsi, iddia ərizəsinin və məhkəmə təminat tədbiri üzrə ərizənin hazırlanması, habelə proses gedişində hüquqi dəstəyin alınması üçün tərəfindən ödənilmiş 600 manat məbləğin, 300 manat məbləğində mənəvi ziyan əvəzinin, iddia ərizəsinin və məhkəmə təminat tədbiri üzrə ərizələrin veriməsi üçün ödənilmiş 40 manat məbləğində rüsumların ödənilməsi hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddia tələbləri mənəvi zərərin iddiaçının xeyrinə tutulması hissəsində sübutlarla təsdiq edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Bununla yanaşı iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı 600 manat ödənişin edilməsi təsdiq edilsə də, hüquqi yardıma görə vəsait ağlabatan məbləğdə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş vəsaitə görə 100 manat pul vəsaitinin Cavabdeh İB-dən iddiaçının xeyrinə tutulmasını ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğun hesab edir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsinin və məhkəmə təminat tədbiri üzrə ərizələrin veriməsi üçün ödənilmiş 40 manat məbləğində rüsumların ödənilməsini tələb etsə də, iş materiallarından müəyyən edilir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdiyi iddialar üzrə dövlət rüsumundan azad olduğundan, dövlət rüsumu ödəməmiş, yalnız müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 10 manat dövlət rüsumu cavabdendən tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Təbii X3nın pozulması haqqında” Cavabdeh İB tərəfindən tərtib edilmiş 14 iyul 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ 779 ünvanında yerləşən yaşayış sahəsinə (abonent kodu: **********07790) hesablanmış 777,60 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş vəsaitə görə 100 manat pul vəsaiti və 10 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi “cavabdehdən 300 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində təmin edilməsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar