Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1949/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 29.10.2020-ci il tarixli müqaviləyə əsasən 441,8 manat əsas, 44 manat cərimə pulunun, 15.11.2020-ci il tarixli müqaviləyə əsasən 103 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 598,80 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 29.10.2020-ci il tarixdə “XİAOMİ REDMİ 9” markalı telefonun nisyə alqı-satqısı barədə 22001085 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 496,8 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 27,6 manat müəyyən edilmişdir. Əşya cavabdehə 29.10.2020-ci il tarixdə təhvil verilmişdir. Eyni zamanda, tərəflər arasında yenidən 15.11.2020-ci il tarixdə “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefonun satılması barədə 22047476 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 707,8 manat, ödəniş müdəti 12 ay olmaqla, aylıq ödəniş isə 52,4 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə 15.11.2020-ci il tarixdə təhvil verilmişdir. Müqavilələr üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin birinci müqavilə üzrə ödədiyi pul məbləği 55 manat, qalıq borcu 441,8 manat, dəbbə pulu 44 manat, ikinci müqavilə üzrə ödədiyi pul məbləği 604,8 manat, qalıq borcu 103 manat və dəbbə pulu 10 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış 29.10.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıdan aldığı dəyəri 496,8 manat (18 ay x 27,6 manat + 0 manat ilkin ödəniş) olan “XİAOMİ REDMİ 9” markalı telefona görə 441,8 manat əsas, 44 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. 15.11.2020-ci il tarixli ikinci müqaviləyə əsasən dəyəri 707,8 manat (12 ay x 52,4 + 39 manat ilkin ödəniş) olan “XİAOMİ REDMİ NOTE 9S” markalı telefona görə isə 103 manat əsas, 10 manat cərimə (güzəştlə) borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 659,8 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında 2 nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən dəbbə pulunun birinci müqavilə üzrə 20 manat, ikinci müqavilə üzrə 5 manat olmaqla, cəmi 25 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində (iddia tələbinin təmin edilməsi hissəsi təqribən 95%-ə bərabərdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29.10.2020-ci tarixli müqaviləyə əsasən 441,8 manat əsas, 20 manat dəbbə pulu, 15.11.2020-ci il il tarixli müqaviləyə əsasən 103 manat əsas, 5 manat dəbbə pulu olmaqla, cəmi 569,80 manat borc və 28,50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 1,50 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-1949/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1949/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver