Məhkəmə qərarları › İş №e-2(011)-1954/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1954/2025

04.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1954/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı2 Cavabdeh İB-nə qarşı – Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00980) dair hesablanmış 183,75 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağ massivi ünvanında fərdi yaşayış evində yaşayır və evinin qaz təminatı ilə bağlı **********00980 saylı abonent kodu qeydiyyata alınmışdır. Evinin qaz təminatı ilə bağlı quraşdırılmış smart tipli **********569 saylı sayğac 2024-cü ilin oktyabr ayında dəfələrlə 8F56 koduna düşmüşdür və qaz təminatı tam dayanmışdır. Hər dəfə də 104 qaynar xəttə zəng edərək blokdan çıxarılsa da, dərhal və yaxud bir-iki saatdan sonra yenidən koda düşmüşdür. Qaz olmadığı və havalar soyuduğu üçün ailəsi ilə başqa yerdə qalmaq məcburiyyətində qalmış və təxminən 15 günə yaxın evdə qaz olmadığı üçün nəmlənmə nəticəsində evdə kiflənmə olmuş, divar kağızları az da olsa qabararaq qopmuşdur. Dəfələrlə müraciətindən sonra gələn cavabdehin nümayəndələri sayğacda nasazlığın yarandığını və yeni sayğac quraşdırılmasının zəruri olduğunu bildiriblər. Problemin aradan qaldırılması ilə bağlı Cavabdeh İB rəhbərinə, Bakı regional idarəsinə, Xəzər RQİİ-nə rəsmi sayt və teleqram vasitəsi ilə müraciət etmişdir. Nəhayət müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixdə cavabdehlərin nümayəndələri gələrək, smart tipli sayğacın olmadığını bildirərək ******* saylı mexaniki sayğac quraşdırmışlar. Yeni sayğacın quraşdırılması ilə bağlı ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixli akt tərtib edilmişdir. Çıxarılan smart tipli **********569 saylı sayğacın qaz sayğacının üzərində yüklənmiş iddiaçının balansı 465.21 kubmetr olmuşdur və bununla bağlı ******* nömrəli aktın 5-ci bölməsinin 9-cu sətrində də qeyd edilib. Həmçinin sayğac çıxarılmazdan əvvəl cavabdehin nümayəndələrinin iştirakı ilə video çəkiliş aparılmış və sayğac üzərində 465,21 m3 istifadə edilməmiş qaz balansının olması öz əksini tapmışdır. xx.xx.2025-ci il tarixində cavabdehin rəsmi səhifəsinə daxil olduqda ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona qalıq borc 96,95 manat olmaqla, cəmi 195,35 manat borc hesablanıb. Yazılmış borcun səbəbini öyrənmək üçün 104 qaynar xəttinə və Xəzər qaz istismar sahəsinə müraciət etmiş, borcun hansı əsasla hesablanması barədə ona hər hansı əsaslandırılmış cavab verilməmişdir. İddiaçı həmçinin abonent saldosu ilə tanış olduqda ona məlum olmuşdur ki, 2023-cü ilin aprel ayında ona 31 manat borc yazılıb və hər dəfə o, kartına məbləğ yüklədikcə hissə-hissə hesabından çıxılıb. Çıxılan məbləğ yüklənən məbləğin az hissəsi olduğu üçün ona məlum olmayıb. 31 manat borcla bağlı bildirir ki, 2011-ci ilin iyun ayından xx.xx.2024-cü il tarixədək onun evinə qaz təminatı smart tipli qaz sayğacı ilə təmin edilib və bu səbəbdən də, 2023-cü ilin aprel ayında onun borcunun yaranması qeyri-mümkündür. Bir daha qeyd edir ki, həmin qanunsuz hesablanmış 31 manat hissə-hissə ondan artıq tutulmuşdur. Həmin məbləğin 9,65 manatını isə xarab olan sayğacı əvəz edilən zamanı ona bildirmişdilər ki, həmin məbləğ sistemdə sayğac əvəzlənməsi üçün yazılıb və həmin məbləği sayğac quraşdırıldıqdan ən azı 15 gün müddətinə ödəməlidir. Ona bildirdilər ki, həmin məbləği sayğac quraşdırılandan sonra onun balansına qaytaracaqlar. O, xx.xx.2024-cü il tarixdə Cavabdehın rəsmi sayıtına daxil olduqda həqiqətən də, 9,65 manat borc yazıldığını görmüş və yuxarıda qeyd edilənlərə uyğun ödəmişdir. Cavabdehin rəsmi sayıtındakı məlumata və xx.xx.2024-cü il tarixli bildirişə əsasən onun hər hansı borcu olmayıb. Bundan əlavə iddiaçı yeni sayğac quraşdırılan günü, yəni xx.xx.2024-cü il tarixə abonent saldosu və xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ödəniş tarixçəsini götürən zamanı ona 2023-cü ilin aprel ayında 31 manat borcun yazıldığını və xx.xx.2024-cü il tarixə 9,65 manat borc yazıldığını bilmişdir. İkincisi 152,75 manat borcla bağlı da cavabdeh açıq aşkar qanunsuzluğa yol vermişdir. Belə ki, cavabdehin də təqdim etdiyi bildirişə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ******* saylı mexaniki sayğac üzrə istifadə edilən qaz sərfiyyatı 820 m3 olmuşdur. Çıxarılan smart tipli **********569 saylı sayğacın qaz sayğacının üzərində yüklənmiş balansının 465,21 m3 olduğunu nəzərə alınaraq hesablanmış borc məbləğindən çıxılmalı olduğu halda cavabdeh bunu etməmişdir. Belə ki, 820 m3 – 465 m3 = 355 m3 olmaqla cavabdeh bunu nəzərə almaqla ona 355 m3 qaz sərfiyyatı üzrə 42,6 (355 X 0.12=42,6) manat borc hesablamalı olduğu halda qanunsuz olaraq qalıq borc 96,95 manat, 98,4 (820 X 0.12 = 98,4) olmaqla, cəmi 195,35 manat borc hesablamışdır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, 96,95 manat qalıq borc qanunsuz olmaqla yanaşı əsası ona məlum deyil. xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixədək olan dövr üzrə ödəniş tarixçəsindən də görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əvəzlənən smart tipli sayğacına cəmi 327 manat dəyərində balans yükləmiş və həmin 327 manatın, 144 manatını hər bir kubu 0,12 manatdan olmaqla 1.200 m3, yerdə qalan 183 manatını isə hər bir kubu 0,20 manat olmaqla 915 m3 qaz balansının dəyəri olub. Ən əsası isə həmin 915 m3 dən 465 m3 qaz balansı, manatla isə 93 manat (465 X 0.20 = 93 m) dəyərində balansı olmuşdur. Çıxarılan sayğaca cəmi 2.115 m3 qaz yüklənib və 1.650 m3 istifadə edilib. Hesablanmış borcun silinməsi üçün cavabdehə müraciət etsə də, hər hansı tədbir görülməmişdir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və iddiaçının izahatını dinləyərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı2 məxsus **********00980 saylı abonentin saldosundan görünür ki, “qalıq və aktlar” bölməsində abonentin 2022-ci ilin aprel ayı üzrə 31 manat borcu olmuşdur. 2024-cü ilin dekabr ayı üzrə “qalıq və aktlar” bölməsində abonentin 820 m3 (164 manat) qaz sərfi mövcud olmuşdur. Həmin tarixdə yeni tarifə keçidə görə abonentə 31,35 manat əlavə borc hesablanmışdır və ümumi borc 195,35 manat təşkil etmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağ massivi ünvanında quraşdırılmış smart tipli “Zenner” markalı qaz sayğacı çıxarılaraq, “G4” markalı mexaniki sayğac quraşdırılmışdır. Aktda qeyd edilmişdir ki, köhnə sayğacda 465,21 m3 istifadə edilməmiş təbii qaz olmuşdur. İş materiallarında olan Cavabdeh İB tərəfindən təqdim edilmiş elektron sistemdən çıxarışdan görünür ki, **********00980 saylı abonentə xx.xx.2025-ci il tarixdə 92,60 manat ödəniş geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, **********00980 saylı abonent İddiaçı2 195,35 manat borcu mövcuddur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktları cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Göründüyü kimi, abonentə məxsus saldodan müəyyən edilir ki, 2022-ci ilin aprel ayında abonentin hesabına 31 manat məbləğində borc yazılmışdır. Məhkəmə araşdırması müddətində iclasda iştirak etmiş cavabdeh təşkilatın nümayəndəsi P.Əliyev bildirmişdir ki, həmin məbləğ uzun müddət ərzində uçota alınmamış qaz sərfiyyatının dəyəridir. Buna görə də 310 m3 bağlı uçota alınmamış sərfiyyatla bağlı 31 manat borc hesablanmışdır. Bu sərfiyyat xəttə müdaxilə və ya sayğaca müdaxilə ilə bağlı deyil. 2022-ci ilin aprel ayında abonentin hesabında borc kimi qeyd olunmuş 31 manat məbləğinin abonetdən tutulması üçün qanuni əsaslar iş materialları ilə müəyyən edilmədiyindən, həmin borc məbləği hesabdan silinməlidir. Daha sonra işdən görünür ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus sayğac dəyişdirilmişdir. Həmin vaxt iddiaçının çıxarılan köhnə qaz sayğacında istifadə etmədiyi dəyəri ödənilmiş 465,21 m3 həcmində qaz sərfiyyatı mövcud olmuşdur. Bu barədə tərtib edilən qeyd edilən aktda qeydiyyat aparılmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçının qaz sayğacında qalmış, dəyəri ödənilmiş, lakin istifadə olunmayan 465,21 m3 qaz həcmi abonentin hesabına bərpa ediləcəkdir. Daha sonra məhkəmə araşdırması zamanı bəlli olmuşdur ki, 92,60 manat məbləği abonentin hesabına qaytarılmışdır. İddiaçı bu halı təsdiq edərək, mübahisələndirmədiyini bildirmişdir. 2024-cü ilin dekabr ayı üzrə abonentə hesablanmış 820 m3 qaz sərfiyyatının 465,21 m3 hissəsi daha əvvəlki sayğac üzrə ödənilmiş, lakin istifadə edilməmiş sərfiyyat kimi nəzərə alınmalı olduğundan, 2024-cü ilin dekabr ayı üzrə borc 354,79 m3 qaz sərfiyyatına görə hesablanmalı idi. (820 m3-465,21 m3). İddiaçı həmin il üzrə ilkin limiti keçdiyinə görə qaz sərfiyyatının hər 1 m3 0,20 manat dəyərində hesablanmalı olduğunu bildirdiyinə görə, bu sərfiyyatın dəyəri (2024cü ilin dekabr ayı üzrə borc) 70,95 manat təşkil etməli idi. Həmin dövrdə ümumi 195,35 manat borc hesablandığından, artıq hesablanmış borc 124,39 manat təşkil etməli idi. Bu borcun 92,60 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır (könüllü hesabdan silinmişdir). 124,39 manat məbləğindən həmin məbləğ çıxıldıqdan sonra yerdə qalan 31,80 manat borc əsassız hesablandığına görə abonent hesabından silinməlidir. (124,39 – 92,60). 2022-ci ilin aprel ayında abonentin hesabına borc kimi qeyd olunmuş 31 manat məbləği də nəzərə alınmaqla, ümumi silinməli borc 62,80 manat təşkil edir. (31,80+31). İddiaçı qeyd edilmiş hesablama ilə razı olduğunu və bu borc çıxılmaqla, həmin dövrə yerdə qalan borcunu mübahisələndirmədiyini bildirmişdir. (92,60 manat borcun cavabdeh təşkilat tərəfindən silinməsindən sonrakı dövrdə qalıq borc 82,75 manat idi). Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağ massivi ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00980) üzrə İddiaçı2 2022-ci ilin aprel ayı üçün hesablanmış 31 (otuz bir) manat, 2024-cü ilin dekabr ayı üzrə hesablanmış 31,80 (otuz bir manat səksən qəpik) manat olmaqla, cəmi 62,80 (altmış iki manat səksən qəpik) manat məbləğində borc abonentin hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar