Məhkəmə qərarları › İş №e-2(011)-1963/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1963/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1963/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 632.72 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-yə məxsus, sürücü Cavabdeh1 tərəfindən idarə olunan **-TG-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-PV-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado L150” markalı avtonəqliyyat vasitəsinə 17 dekabr 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 17 dekabr 2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. İddiaçı tərəfindən müqavilə üzrə sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **- PV-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado L150” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5.434,97 manat təmir edildiyi təqdirdə əlavə xərc 978 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 04 aprel 2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6.213,25 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 1.213,25 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən 580,53 manat ödənilmiş, qalıq zərər məbləği isə ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. O, izahatında sürücü işlədiyini, şirkət tərəfindən ona maaş ödənilmədiyini, cərimələndikdə cəriməni özünün ödədiyini, yol vərəqəsi əsasında işlədiyini, hal-hazırda isə işləmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 17 dekabr 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 MMC-yə məxsus, sürücü Cavabdeh1 tərəfindən idarə olunan **-TG-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-PV-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado L150” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 17 dekabr 2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-PV-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado L150” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5.434,97 manat təmir edildiyi təqdirdə əlavə xərc 978 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 04 aprel 2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6.213,25 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 1.213,25 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən 580,53 manat ödənilmiş, qalıq zərər məbləği isə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 17 dekabr 2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Toyota Prado L150” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmirinə 6.213,25 manat ödənilmişdir. zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 1.213,25 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən 580,53 manat ödənilmiş, qalıq qalan 632,73 manat ödənilməmişdir. Sığorta hadisəsi baş verərkən avtomobilin qanuni sahibi Cavabdeh1 olmuşdur, hadisə zamanı onun təqsiri müəyyən edildiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 qalıq qalmış 632.72 manat məbləğində sığorta ödənişini cavabdehə ödəməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 MMC-dən pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. İş üzrə digər Cavabdeh2 MMC yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 MMC-yə aid olan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, Cavabdeh1 şəhid ailəsi üzvüdür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş 30.40 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 şəhid ailəsi üzvü olduğundan, o, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də, iddia tələbi həmin hissədə rədd edilməli, ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 632.72 manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 632.72 (altı yüz otuz iki manat yetmiş iki qəpik) manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar