Məhkəmə qərarları › İş №e-2(011)-1988/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1988/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1988/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı iddiaçı “ABC-Telecom“ MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “ABC-Telecom“ MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.03.2019-cu il tarixli, 00562495 saylı müqaviləyə əsasən, Tefal çaynik, Kenwood Şirəçəkən və Ətçəkən üçün 424 (dörd yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 42 (qırx iki manat) manat cərimə və 23.08.2019-ci il tarixli, 00865138 saylı müqaviləyə əsasən, Samsung Soyuducu və Paltaryuyan üçün 1125.1 (bir min yüz iyirmi beş manat on qəpik) manat ödənilməmiş hissə, 112.9 (bir yüz on iki manat doxsan qəpik) manat cərimə, ümumilikdə 1704 (bir min yeddi yüz dörd) manat borc və 37.04 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom“ MMC ilə 14.03.2019-cu il tarixli və 23.08.2019-ci il tarixli müqavilələrə əsasən, Tefal çaynik, Kenwood Şirəçəkən, Ətçəkən, Samsung Soyuducu və Paltaryuyan almış və nəticədə 1704 (bir min yeddi yüz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 14.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 954 (doqquz yüz əlli dörd manat) manat (yəni 18 ay x 53 manat +0 manat ilkin ödəniş) Tefal çaynik, Kenwood Şirəçəkən və Ətçəkən üçün ümumilikdə 466 (dörd yüz altmış altı) manat olmaqla, ondan 424 (dörd yüz iyirmi dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 (qırx iki) manat cərimə pulu və 23.08.2019-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2145 (iki min yüz qırx beş) manat (yəni 11 ay x 195 manat + 0 manat ilkin ödəniş) Samsung Soyuducu və Paltaryuyan üçün ümumilikdə 1238 (bir min iki yüz otuz səkkiz) manat olmaqla, ondan 1125.1 (bir min yüz iyirmi beş manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 112.9 (bir yüz on iki manat doxsan qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1549.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında 14.03.2019-cu il tarixli, 00562495 saylı müqaviləyə əsasən borcluya 18 ay müddətinə, aylıq 53 manat ödəmək şərti ilə 954 manat məbləğində Tefal çaynik, Kenwood Şirəçəkən və Ətçəkən verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında 23.08.2019-ci il tarixli, 00865138 saylı müqaviləyə əsasən borcluya 11 ay müddətinə, aylıq 195 manat ödəmək şərti ilə 2145 manat məbləğində Samsung Soyuducu və Paltaryuyan verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarında olan 01.02.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 14.03.2019-cu il tarixli, 00562495 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 530 manat məbləğində ödəniş etmiş, lakin qalan 424 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 42 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 466 manat məbləğində borc müəyyən olunmuşdur. 23.08.2019-ci il tarixli, 00865138 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 1019.9 manat məbləğində ödəniş etmiş, lakin qalan 1125.1 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 112.9 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 1238 manat məbləğində borc müəyyən olunmuşdur. Beləliklə cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1549.9 manat məbləğində ödəniş etmiş, 1549.1 manat məbləğində ödənilməmiş hissə və 154.9 manat məbləğində cərimə ilə birlikdə ümumilikdə 1704 manat məbləğində borc müəyyən olunmuşdur. İş materiallarında olan iddiaçı “ABC-Telecom“ MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi tələb etmiş, əks təqdirdə iddiaçı tərəfindən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında həmin malların dəyərini razılaşdırılmış şərtlərlə və müddətə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan nisyə mallar almasına dair hüququndan istifadə etmiş, malların dəyərini razılaşdırılmış şərtlərlə və müddətə ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimələrin məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından, tələb edilən cərimələr məbləği azaldılaraq 14.03.2019-cu il tarixli, 00562495 saylı müqavilə üzrə 29.7 manat məbləğində və 23.08.2019-ci il tarixli, 00865138 saylı müqavilə üzrə 78.8 manat məbləğində, ümumilikdə 108.5 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 37.04 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış 14.03.2019-cu il tarixli, 00562495 saylı müqavilə üzrə əsas borca görə 424 (dörd yüz iyirmi dörd) manat, cərimə borcuna görə 29.7 (iyirmi doqquz manat yetmiş qəpik) manat, 23.08.2019-ci il tarixli, 00865138 saylı müqavilə üzrə əsas borca görə 1125.1 (bir min yüz iyirmi beş manat on qəpik) manat, cərimə borcuna görə 78.8 (yetmiş səkkiz manat səksən qəpik) manat, ümumilikdə 1657.6 (bir min altı yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 37.04 (otuz yeddi manat dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “ABC-Telecom“ MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar