Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2057/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 05.08.2020-ci il tarixli müqaviləyə əsasən 416 manat əsas, 123 manat dəbbə pulunun, 17.08.2020-ci il tarixli müqaviləyə əsasən 2208,50 manat əsas, 612 manat dəbbə pulunun, 22.10.2020-ci il tarixli müqaviləyə əsasən 2606,10 manat əsas, 556 manat dəbbə pulunun, 05.11.2020-ci il tarixli müqaviləyə əsasən 2068,60 manat əsas, 471,80 manat dəbbə pulunun, cəmi 9062 manat pulun və 110,62 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında 05.08.2020-ci il tarixdə “ELECTROLUX” markalı dondurucunun nisyə alqı-satqısı barədə 21056042 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 745,80 manat, ilkin ödəniş 33 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 59,40 manat müəyyən edilmişdir. Əşya cavabdehə 05.08.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 17.08.2020-ci il tarixdə “Samsung Galaxy S20+” markalı mobil telefonun satılması barədə 21082108 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 3070 manat, ilkin ödəniş 10 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 59,40 manat müəyyən edilmişdir Əşya cavabdehə 17.08.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 22.10.2020-ci il tarixdə “Toshiba” markalı qabyuyanın, “Gorenje” markalı soyuducunun, “Valentin” markalı yumşaq 3 yerli mebel əşyasının satılması barədə 21268372 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 4180 manat, ilkin ödəniş 4 manat, ödəniş müdəti 18 ay olmaqla, aylıq ödəniş 232 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə 22.10.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 05.11.2020-ci il tarixdə “Rondo” markalı yumşaq mebel əşyasının, “Milan” markalı qonaq otağı üçün masanın və “Venetsiya” markalı stulun satılması barədə 22019247 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 2544,60 manat, ilkin ödəniş 354 manat olmaqla ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 121,70 manat müəyyən edilmişdir. Əşya cavabdehə 05.11.2020-ci il tarixdə təhvil verilmişdir. Müqavilələr üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin birinci müqavilə üzrə ödədiyi pul məbləği 329,80 manat, qalıq borcu 416 manat, dəbbə pulu 123 manat, ikinci müqavilə üzrə ödədiyi pul məbləği 861,50 manat, qalıq borcu 2208,50 manat və dəbbə pulu 612 manat, üçüncü müqavilə üzrə ödədiyi pul məbləği 1573 manat, qalıq borcu 2606,10 manat və dəbbə pulu 556 manat və dördüncü müqavilə üzrə ödədiyi pul məbləği 476 manat, qalıq borcu 2068,60 manat və dəbbə pulu 471,80 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış 4 müqavilə üzrə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun birinci müqavilə üzrə “ELECTROLUX” markalı dondurucu üçün qalıq borcu 416 manat, dəbbə pulu 123 manat, ikinci müqavilə üzrə “Samsung Galaxy S20+” markalı mobil telefon üçün qalıq borcu 2208,50 manat və dəbbə pulu 612 manat, üçüncü müqavilə üzrə “Toshiba” markalı qabyuyan, “Gorenje” markalı soyuducu, “Valentin” markalı yumşaq 3 yerli mebel əşyası üçün qalıq borcu 2606,10 manat və dəbbə pulu 556 manat və dördüncü müqavilə üzrə “Rondo” markalı yumşaq mebel əşyası, “Milan” markalı masa və “Venetsiya” markalı stul üçün qalıq borcu 2068,60 manat və dəbbə pulu 471,80 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3241,20 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı iddia tələbini qismən qəbul edərək, əsas borcla razı olsa da, cərimə borcu ilə razı olmadığını bildirdi. Əlavə olaraq bildirdi ki,faiz borcu yazılmağa başladıqda o, iddiaçıya faiz borcunun dayandırmalarını, borcu bağlayacağını bildirmiş, lakin ona güzəşt etməyiblər. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında 4 nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq dəbbə pulunun birinci müqavilə üzrə 10 manat, ikinci müqavilə üzrə 20 manat, üçüncü müqavilə üzrə 40 manat, dördüncü müqavilə üzrə 30 manat olmaqla, cəmi 100 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində (iddia tələbinin təmin edilməsi hissəsi təqribən 82%-ə bərabərdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.08.2020-ci tarixli müqaviləyə əsasən 416 manat əsas, 10 manat dəbbə pulu, 17.08.2020-ci il il tarixli müqaviləyə əsasən 2208,50 manat əsas, 20 manat dəbbə pulu, 22.10.2020-ci il tarixli müqaviləyə əsasən 2606,10 manat əsas, 40 manat dəbbə pulu və 05.11.2020-ci il tarixli müqaviləyə əsasən 2068,60 manat manat əsas, 30 manat dəbbə pulu olmaqla, cəmi 7399,20 manat borc və 90,70 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 19,92 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-2057/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2057/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver