Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2082/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 Cavabdeh qarşı “bağışlanmış əmlakın miras kütləyə daxil edilməsi, miras əmlakda vərəsələrin payının tanınması və məcburi payın tamamlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 03 mart 2021-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən mərhum X7 Cavabdeh bağışladığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin ümumi dəyəri olan 100.000 manatın mirasda məcburi paya düşən 50.000 manat hissəsinin iddiaçılardan hər birinə 1/5 hissəsi olan 10.000 manat olmaqla, cavabdehdən iddiaçıların xeyrinə tutulub iddiaçılara çatmalı olan məcburi payın tamamlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 1933-cü il təvəllüdlü X13 tərəflərin doğma atasıdır və sonuncu 25 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. X1 18 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Onlar ailədə 5 övlad olmuşlar. İddiaçılardan İddiaçı2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4177/2021 saylı, 11 avqust 2021ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Xətai Rayon İcra Hakimiyyətinin 12 oktyabr 2021-ci il tarixli 320 saylı Sərəncamına əsasən bacısı İddiaçı3 İddiaçı2 qəyyumu təyin edilmişdir. 03 mart 2021-ci il tarixdə Tonqol X10 Tağı Əli oğlunun etibarnamə üzrə nümayəndəsi olaraq sonuncuya məxsus ünvan 1 ünvanında 96.80 kv.m-lik evi bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışdır. ƏMDK yanında DƏDRX-də reyestr nömrəsi **********37-05101-093062 olan 12 mart 2021ci il qeydiyyat tarixli Çıxarış ilə həmin ev üzərində cavabdehin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Xətai rayon MKTB 6 saylı MKİS tərəfindən verilmiş 21 yanvar 2022ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilində daimi qeydiyyatda olanlar kimi Cavabdeh, İddiaçı2, İddiaçı3 göstərilmişdir. Atalarının ölümündən sonra miras əmlakı üzərində tələb etmək hüququ olan şəxslər İddiaçı2, İddiaçı4, İddiaçı1, Cavabdeh, İddiaçı3dır. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi İlhamə Ələsgərova ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 18 saylı Notariat Ofisinin xüsusi notariusu X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X8 öz izahatında bildirdi ki, o, Rasimin qonşusudur. Rasim öz xəstə atasına da, Zərimə bacısına da həmişə baxmışdır. O, Rasimin bacı-qardaşlarını görməmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, mübahisəli mənzildə İlhamə ilə Rasim yaşamışdır. Gəlini və oğlu mərhuma həmişə baxıb qulluq etmişlər. Əvvəllər digər uşaqlar daha çox gedib gəlmişlər, lakin sonradan onları görməmişlər. Məhkəmə iddiaçının izahatlarını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı iddiaya hüquqi qiymət verilən zaman qanunvericilikdə vərəsəliklə bağlı olan normalar tətbiq edilməlidir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1200-cü maddələrinin şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəlləyə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). 08 yanvar 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. İş materiallarından görünür ki, 09 mart 2021-ci il tarixli 4Ə-126 reyestrli bağışlama müqaviləsinə əsasən İddiaçı3 mərhum atası X2 etibarnamə üzrə nümayəndəsi olaraq, sonuncuya məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzili Cavabdeh bağışlamışdır. İddiaçılar iddia edir ki, yuxarıda qeyd edilən əmlakdan onların da məcburi pay hüquqları mövcuddur. Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən qeyd edilən maddədə əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir. məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, həm iddiaçılar, həm cavabdeh mərhum X18 övladları olmaqla onun birinci növbəli vərəsələridir. Hazırkı iş üzrə tərəflərin atası olan X3 mülkiyyət hüququ ilə məxsus olan mənzilə dair bağışlama müqaviləsi 09 mart 2021-ci bağlanmışdır. 25 sentyabr 2021-ci il tarixdə X6 vəfat etmişdir. Məhz bu tarixdə miras açılmışdır. Belə olan halda hədiyyənin verilməsindən qanunvericiliklə müəyyən edilmiş iki illik müddət keçməmişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, tərəflərin atası Tağı Ələsgərov vəfat etməmişdən öncə ona məxsus olmuş 5000 ABŞ dolları məbləğində maddi vəsaiti saxlamaq üçün qızı İddiaçı3 vermişdir. Vəfat etdikdən sonra həmin vəsaitin bir hissəsi Tağı Ələsgərovun qəbir daşının, anaları Səkinə Həsənovanın qəbir daşının düzəldilməsinə, yerdə qalan vəsait isə yas mərasiminin təşkilinə xərclənmişdir. Bundan başqa, mərhum Tağı Ələsgərova məxsus 1 ədəd dəyəri təxminən 700 manat olan, 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzük mərhumun vəsiyyətinə əsasən oğlu Vahid Tağıyevə, 1 ədəd qiyməti təxminən 600 manat olan, 583 əyarlı qızıldan onluq mərhumun vəsiyyətinə əsasən oğlu Ramiz Tağıyevə verilmişdir. Miras qalmış pul vəsaitindən qalan 1000 manat vərəsələrdən İddiaçı3, qızıl-zinət əşyaları isə vərəsələrdən İddiaçı1la İddiaçı4 istifadələrindədir. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən miras əmlakın iki vasitə ilə qəbul edilmə yolu mövcuddur. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul etməsi, 1243.2-ci maddəyə görə, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə mirasın vərəsə tərəfindən qəbul edilmiş sayılması, 1243.3-cü maddəsinə görə isə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hazırkı işdən də görünür ki, X6 25 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra övladları ondan qalan pul vəsaitini və qızıl əşyaları faktiki olaraq qəbul etməklə əmlaka sahiblik etməyə başlamışlar. Cavabdeh tərəf məhkəmə araşdırması zamanı həm özü, həm nümayəndəsi vasitəsilə tələbə etiraz edərək mərhum atasına özünün baxdığını, digər vərəsələrin, yəni bacı-qardaşlarının heç birinin bu işdə iştirak etmədiklərini, ona görə də onlara bu əmlakdan pay düşməsinə etiraz etdiyini bildirmişdir. Cavabdeh istinad edilən məlumatları təsdiq etmək üçün yaşadığı ünvan üzrə qonşularını məhkəmə iclasına dəvət etmiş və məhkəmədə onlar şahid qismində dindirilmişlər. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin atasının ölümündən qabaq ona baxması, qulluq etməsi və sair hallar hazırkı iş üzrə iddiaçıların məcburi pay hüququnu məhdudlaşdırmadığı kimi, iddianın rədd edilməsi üçün də əsasları təşkil etmir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçıların iddiası məcburi paylarının tanınması hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 1193-cü maddəsinə istinad edilməklə cavabdehin əmlakdan 6/10 payı, digər iddiaçıların isə həmin əmlakdan hər birinin 1/10 hissədə payı müəyyən edilməlidir. Məhkəmə iddianın “mənzilin ümumi dəyəri olan 100.000 manatın mirasda məcburi paya düşən 50.000 manat hissəsinin iddiaçılardan hər birinə 1/5 hissəsi olan 10.000 manat olmaqla, cavabdehdən iddiaçıların xeyrinə tutulması və iddiaçılara çatmalı olan məcburi payın tamamlanması” hissəsinə qiymət verərək hesa edir ki, həmin hissədə iddia əsassızdır. Belə ki, yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında əks olunmuş mövqedən görünür ki, məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Məhkəmə araşdırması zamanı tərəflərə atalarının ölümündən sonra miras qalan əmlaklarla bağlı sübutlar təqdim etmək təklif edilsə də, tərəflər bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda iddia tələbinin məcburi payların tamamlanması hissəsi ilə bağlı ətraflı araşdırma aparmaq mümkün olmamışdır. Belə ki, iddiaçılara qalmış zinət əşyaları nə özləri, nə də onların dəyəri ilə bağlı hər hansı məlumat, eyni zamanda qalmış pul məbləği ilə bağlı kimə hansı məbləğdə pulun qalmasına aid hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məcburi payların hansı hissəsində tamamlanması ilə bağlı qiymətləndirmə aparıla bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Daha sonra məhkəmə qeyd edir ki, əmlakın iddiaçılara çatan hissədə dəyərinin cavabdehdən alınıb onlara verilməsi hissəsində də iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin üzərində hər birinin 1/10 hissədə məcburi payı tanınmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçılar 210 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 210 manat dövlət rüsumunun 105 manatı cavabdehdən alınıb iddiaçılara ödənilməli, qalan 105 manat dövlət rüsumu isə iddiaçıların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin üzərində hər birinin 1/10 hissədə məcburi payı tanınsın. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumunun 105 (bir yüz beş) manatı Cavabdeh alınıb iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 ödənilsin, qalan 105 (bir yüz beş) manat dövlət rüsumu isə iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2082/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2082/2022
12.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver