Məhkəmə qərarları › İş №e-2(011)-2082/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2082/2024

02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2082/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 20 iyun 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış itirilmiş qazın bərpasına dair 12960 kub.m qazın və onun dəyəri olan 1.555,20 manat borcun **********00120 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvanda ona məxsus evdə uzun müddətdir qanuna uyğun sənədləşdirilməklə sayğac vasitəsilə qazdan istifadə olunur. Mənzildə istifadə edilən qazın dəyərinin ödənilməsi üçün **********00120 nömrəli abonent kodu verilmişdir. 22 avqust 2022-ci ildə Cavabdeh İB-nin nümayəndələri tərəfindən işlək vəziyyətdə olan ******* nömrəli sayğac açlmış, əvəzində başqa qaz sayğacı quraşdırılmışdır. Bir il sonra iddiaçı yaşadığı evə nəzarətçi tərəfindən təqdim edilmiş bildirişdə istifadə etdiyi qazın dəyərindən çox borc yazıldığını müəyyən etmişdir. Bununla bağlı cavabdeh müəssisənin satış bazası ilə maraqlananda ona bildirilmişdir ki, guya yaşadığı ünvandan çıxarılmış sayğac labarotoriyada yoxlamadan keçirilmiş və sayğacın yararsız olduğu aşkar edilmişdir. Halbuki yoxlama aparılarkən bir istehlakçı kimi iddiaçıya yoxlamanın keçirildiyi yer və vaxt barədə məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. Daha sonra cavabdeh müəssisədən əldə etdiyi sənəddən məlum olmuşdur ki, iddiaçının məlumatı və iştirakı olmadan 20 iyun 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. 14-2-2/3-5- 4809/Q002 nömrəli rəyə əsasən bildirilir ki, sayğacın hesablama mexnizmini yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri vardır. Eyni zamanda həmin akt iddiaçı tərəfindən imzalanmamış və aktı imzalamasından imtina etdi kimi qeyd edilmişdir. Bundan başqa 22 avqust 2022-ci ildə götürülsə də bir il sonra bir tərəfli qaydada iddiaçının məlumatı və iştirakı olmadan 20 iyun 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. İddiaçı istifadəsində olan sayğacın götürülməsinə qədər və ondan sonra da cavabdehin müəssisənin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş, göstəricisi qeydiyyata alınaraq bildiriş vermiş və sayğacda heç bir qüsur aşkar etməmişdir. Hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və nəzarətçi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği iddiaçı cavabdehin ünvanına ödəmişdir. Sayğac mülkiyyətində olan ərazidə yox, yolda və həyətyanı sahədən kənarda quraşdırılmış, iddiaçının ona müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Bundan əlavə qaz paylayıcısı sayğacın üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə (qutu ilə) örtməmişdir. Həmçinin, cavabdeh 20 iyun 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında Zaqatala RQİİ 23 iyun 2023-cü il tarixdə qərar qəbul etmişdir. Akta əsasən itirilmiş qazın bərpası üzrə 90 gün üçün (3 ay) 12960 kub.m (1.555,20 manat) və sayğacın dəyəri ödənilməsi tələb edilmişdir. Göründüyü kimi dəymiş ziyanı nəzərdə tutan 1.555,20 manat və sayğacın dəyəri heç bir normativ hüquqi aktda əsaslanmadan, eləcə də qazın alqı-satqı müqaviləsinin şərtlərinə zidd olaraq Cavabdeh İB tərəfindən birtərəfli qaydada hesablanır və məcburi qaydada ödənilməsi üçün istehlakçıya təqdim edilir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və onun əsasında verilmiş qərarın qəbul edilməsi aşağıda göstərilən qanunvericliyin tələblərinə tamamilə ziddiyyət təşkil edir. Ona görə də ******* nömrəli akt, onun əsasında verilmiş 23 iyun 2023-cü il tarixli qərar özü özlüyündə etibarsızdır və əsassız hesablanmış borc qaz hesabından silinməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 iyun 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1.555,20 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin iyun ayına abonentin 1.555,20 manat borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.555,20 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00120 saylı abunə koduna hesablanmış 1.555,20 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 35.55 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00120 saylı abunə koduna hesablanmış 1.555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 35.55 (otuz beş manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar