Məhkəmə qərarları › İş №e-2(011)-2085/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2085/2025

06.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2085/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (əvvəlki Naximov) küçəsi, 2 nömrəli zeytun sovxozunda yerləşən 50 saylı fərdi yaşayış evi üzrə **********A0000 saylı abonent kodu ilə qeydiyyata alınmış, onunla cavabdeh arasında xx.xx.2025-ci il tarixdə elektrik enerjisinin alqı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Həmin ünvana quraşdırılmış sayğac sonuncu dəfə xx.xx.2008-ci il tarixdə yenisi ilə əvəz edilmişdir.

2. İddiaçının adına olan abonent saldosunun “barmek borcu” bölməsində 128,96 manat borcunun olduğu qeyd edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 128,96 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 30 ildən artıqdır ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Polad Həşimov küçəsi (köhnə adı Naxımov) 50 saylı fərdi yaşayış evində yaşayır. İddiaçı yaşadığı müddət ərzində kommunal xidmətlərindən (işıq, qaz və su) istifadə etməklə borcunu vaxtı vaxtında ödəmişdir. Belə ki, fərdi yaşayış evinin mülkiyyətçi dəyişdiyi üçün xx.xx.2025-ci il tarixdə 3 saylı Bakı “Asan kommunal” mərkəzinə müraciət olundu. Lakin əməkdaşlar bildirdilər ki, guya 2001 və 2002-ci il tarixlərdə iddiaçının (Abonent kodu: **********A0000) 128.96664 borcu vardır. Həmin borcu ödədikdən sonra abonent kodunu addan ada keçirə bilərlər. 24 il əvvəl borcun hansı səbəbdən yaranması məlum deyildir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının hesablanmasını tələb etdiyi borc əvvəlki dövrdə hesablanmış borcdur, hal-hazırda həmin borc iddiaçıdan tələb olunmur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”

9. Bənd 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

10. Bənd 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalıdır.

11. Bənd 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

12. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

13. Bənd 8.2. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

İşə baxan məhkəmənin mövqeyi:

14. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

15. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının adına olan abunə haqqında saldodan müəyyən olunur ki, iddiaçıya “barmek borcu” adı altında 128,96 manat məbləğində borc hesablanmışdır. Həmin borcun hansı əsasla hesablanmasını sübut etmək yükü cavabdehin üzərində olsa da, cavabdeh həmin borcun nəyin əsasında hesablanmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, enerjitəchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və bununla bağlı istehlaçıya hesabat təqdim etməlidir.

16. İş materialları ilə iddiaçıdan tələb edilən borcun sayğacın göstəricilərinə əsasən yarandığı isə müəyyən edilmir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 128,96 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir.

17. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********A0000) hesablanmış 128,96 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar