Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2100/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2585,90 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-yi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz xətti üzərinə G-4 markalı **********925 nömrəli qazsayğacı quraşdırılaraq **********10020 saylı hesab kodu verilmişdir. 30 mart 2018-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən qeyd olunan ünvandakı evin qaz xətti üzərində quraşdırılmış qaz sayğacına iddiaçının iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı G-4 tipli 1602 A **********72 zavod nömrəli sayğacın flyans plompunun olmaması barədə onun iştirakı və imzası olmadan ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 345,60 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa foto şəkildə göründüyü kimi qeyd olunan fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının mexaniki göstəricisi 00010 m3 kub olduğu halda maliyyə arayışında sayğacın göstəricisi 13731 m3 kub göstərilmişdir. Cavabdeh tərəfindən heç bir əsas olmadan ümumilikdə iddiaçının hesab koduna 2585,90 manat borc hesablanmışdır. Cavabdehin hesabladığı dəymiş ziyan qanunsuz və əsassıdır. Azərbaycan Respublikası MM-nin 372ci maddəsinə əsasən müqavilədən irəli gələn məsələlərdə iddia müddəti 3 il olduğundan Cavabdeh İB-yi iddia müddətini bitirmişdir. Qeyd olunan fərdi yaşayış evində yaşayış olmamış təbii qazdan istifadə olunmamışdır. Bundan başqa akt tərtib olunarkən Cavabdeh İB-yi tərəfindən iddiaçıya məlumat verilməmiş, kəsim aktı tərtib edilməmiş, akt iddiaçının imza olmadan yazılmışdır. Eyni zamanda qaz sayğacı dövlət yoxlamasında keçirilərkən cavabdeh tərəfindən rəsmi məlumat verilməmiş iddiaçının iştirakı olmadan yoxlamadan keçirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, sərfiyyat borcunun sayğacın göstəricilərinə əsasən hesablandığını bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 47353 saylı müqavilədən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması və qaz təminatı barədə müqavilə bağlanmışdır. 0151965 saylı aktdan görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh İB tərəfindən X2nın pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın feyans plombunun olmaması barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 1728 m3 olması müəyyən edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, 2018-ci ilin mart ayı üzrə 345,6 manat məbləğində borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına aid olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmiş, aktda istismarda olan cihazlar bölməsində 1 ədəd PQ3 və kombi qeyd edilmişdir. Abonent saldosunun “qazın sərfi” bölməsindən görünür ki, 2021-ci ilin oktyabr ayı üzrə sərfin həcmi 4077 m3, noyabr ayı üzrə 4645 m3 qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”: 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “X2”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, abonentin iştirakı təmin edilməmiş, aktın surəti rəsmi qaydada ona təqdim edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin itirilmiş qazın dəyərinə görə hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış 345,60 manat borcun silinməsi hissəsində iddia əsaslıdır. Digər borc məbləğinin sərfiyyat borcu olduğunu nəzərə alaraq, məhkəmə ilk növbədə iddia ərizəsinin iddia müddətinin ötürülməsi və evdə yaşayış olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən sərfiyyat borcu hesablanan zaman evdə yaşayış olmaması ilə bağlı heç bir sübut təqdim edilməmişdir, iddia müddətinə gəlincə isə, borcun tələb edilməsinə iddia müddəti tətbiq edildiyi halda, borcun silinməsi barədə iddialara iddia müddəti tətbiq edilmir. Qaz sayğacının əvəz edilməsinə dair xx.xx.2021-ci il tarixli aktda istehlakçının evində olan cihazlar sayı 1 ədəd olmaqla PQ3 və kombi olaraq qeyd edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında sərfiyyat borcu hesablanan aylarda iddiaçının ünvanında başqa cihazların olma ehtimalının olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, sərfiyyat borcu hesablanarkən iddiaçının ünvanında olan cihazlar 1 ədəd PQ3 və kombi kimi qəbul edilməlidir. Belə olan halda isə, həmin cihazların gün ərzində ağlabatan saatlarda (hətta bütün gün ərzində) istifadədə olması qəbul edilsə belə, abonent saldosunda 2021-ci ilin oktyabr və noyabr aylarında qeyd olunan sərfiyyatın olması mümkün deyil. 2021-ci ilin oktyabr və noyabr aylarında qazın sərfini qeyd edən sayğac açılaraq yenisi ilə əvəz edildiyindən və sayğacın əvəz edilməsindən 3 ildən çox müddət keçdiyindən sayğacın ekspertizaya təqdim edilərək həmin dövrdə qazın sərfini düzgün qeyd edib-etməməsini yoxlamaq imkanı aradan qalxmışdır. Odur ki, məhkəmə hesab edir ki, 2021-ci ilin oktyabr və noyabr ayları üzrə sərfiyyat borcu ünvanda olan 1 ədəd PQ3 və kombinin saatlıq sərfiyyatına, orta günlük iş rejiminə və həmin vaxt 1 m3 təbii qazın qiymətinə uyğun olaraq hesablanmalıdır. Analoji işlərdə PQ3-ün maksimal saatlıq sərfiyyatı 0,8 m3, orta günlük iş rejimi 6 saat, kombinin maksimal saatlıq sərfiyyatı 2,6 m3, qış və payız aylarına uyğun orta günlük iş rejimi 18 saat müəyyən olunmuşdur. Həmçinin, nəzərə almaq lazımdır ki, 2021-ci il oktyabr ayında təbii qazın 1 m3 -nin qiyməti 1200 m3 -ə qədər 0,10 manat, 1200 m3 -dən 2500 m3 -ə qədər 0,20 manat, 2500 m3 -dən çox olan hissəsi 0,25 manat, 2021-ci ilin noyabr ayında təbii qazın 1 m3 -nin qiyməti 1200 m3 -ə qədər 0,12 manat, 1200 m3 -dən 2500 m3 -ə qədər 0,20 manat, 2500 m3 -dən çox olan hissəsi 0,25 manat olmuşdur. Belə olan halda, 2021-ci ilin oktyabr və noyabr ayları üçün orta aylıq sərfiyyat 1548 m3 (0,8 m3 x 6 saat = 4,8 m3, 4,8 m3 x 30 gün = 144 m3, 2,6 m3 x 18 saat = 46,8 m3, 46,8 m3 x 30 gün = 1404 m3 , 144 m3+ 1404 m3 = 1548 m3 ) kimi qəbul edilməlidir. Odur ki, 2021-ci ilin oktyabr ayında 1548 m3 təbbi qaz sərfinin qiyməti (illik 2500 m3 limitinin dolduğu nəzərə alındığında) 1548 m3 x 0,25 manat = 387 manat olmuşdur. Eyni qaydada noyabr ayında da sərfin qiyməti 1548 m3 x 0,25 manat = 387 manat kimi hesablanmalıdır. Bu hesablamaya uyğun olaraq 2021-ci ilin oktyabr və noyabr ayları üçün debitor borcu 387 +387 = 774 manat təşkil edir. Abonent saldosunda isə həmin ayların debitor borcu 1019,25 + 1161,25 = 2180,5 manat olaraq qeyd edilmişdir. Odur ki, 2180,5 – 774 = 1406,5 manat məbləğində debitor borcu silinməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 346,6 manat akt borcu və 1406,5 manat manat sərf borcu, ümumilikdə 346,6 + 1406,5 = 1753,1 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********10020) İddiaçı hesablanmış 1753,1 manat məbləğində borc silinsin. 37,53 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-2100/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2100/2025
13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver