Məhkəmə qərarları › İş №e-2(011)-213/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-213/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-213/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdehə məxsus “Mitsubishi Pajero” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçı tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır.

2. xx.xx.2017-ci il tarixdə cavabdeh özünə məxsus Sığortalanmış avtomobili idarə edərkən sığorta hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E270” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, bu hərəkətinə görə onun barəsində xx.xx.2017-ci il tarixdə KYP 88289 saylı inzibati tənbeh vermə haqqında protokol qəbul edilməklə, İXM-nin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur.

3. Sığorta hadisəsi nəticəsində “Mercedes Benz E270” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “Dədəmin” avtoservisi tərəfindən qiymətləndirilərək 1383,2 manat, “Hyundai Accent” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə iddiaçının özü tərəfindən qiymətləndirilərək 2980 manat müəyyən edilmiş, hesablanmış 1383,2 manat sığorta ödənişi xx.xx.2017-ci il tarixdə 001XOH********** nömrəli ödəniş tapşırığı əsasında “Mercedes Benz E270” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Fəqanə Qəmbərovaya, 2980 manat sığorta ödənişi isə xx.xx.2017-ci il tarixdə “Hyundai Accent” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cəmil Əlşirazovun kart hesabına ödənilmişdir.

4. Sığorta hadisəsi baş verən vaxt cavabdehin sürücülük vəsiqəsi faktiki olmamış, ona xx.xx.2004-cü il tarixdə verilmiş sürücülük vəsiqəsinin müddəti xx.xx.2014cü il tarixdə bitmiş, növbəti sürücülük vəsiqəsini isə xx.xx.2017-ci il tarixdə almışdır.

5. İddia ərizəsinin və ona etirazın dəlilləri:

6. İddia ərizəsinin dəlilləri:

7. İddiaçı subroqasiya qaydasında dəymiş ziyana görə ödədiyi 4363,20 manat sığorta ödənişinin, ödənilmiş 63,63 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən idarə olunan avtonəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2017-ci il tarixində cavabdeh idarə etdiyi Sığortalanmış avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində iki avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** HG *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2980 manat, ** HL *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E270” markalı avtomobilə isə 1383,20 manat zərər dəymişdir. İddiaçının xx.xx.2017 və xx.xx.2017-ci il tarixli sığorta aktlarına əsasən ümumilikdə 4363,20 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxslərə ödəniləsi qərara alınmış və avtonəqliyyat vasitələrinin təmir olunması üçün köçürmə həyata keçirilmişdir.

9. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

10. Cavabdeh iddia ərizəsinə etiraz edərək, eyni zamanda iddia müəddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia əsaslı deyil. Həmçinin, iddianın verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

11. Məhkəmə iclasında verilən izahatlar:

12. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

13. Cavabdeh, onun vəkili iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdilər.

14. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

16. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

17. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

19. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

20. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

21. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə iddiaçının nümayəndəsinin tərəfləri izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

27. AR MM-nin 936.1 və 936.2-ci maddələrinin mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir.

28. İcbari sığorta münasibətlərində subroqasiya hüququnun yaranması üçün daha bir şərt isə “İcrabi sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsində müəyyən edimiş halın, yəni icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi ilə bağlı olan şərtdir.

29. İddiaçının subroqasiya hüququnun yaranması isə iş materiallarında olan sübutlarla müəyyən edilir.

30. Belə ki, iş materiallarına görə, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə özünə məxsus Sığortalanmış avtomobili cavabdeh sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2017-ci il) idarə edərkən sığorta hadisəsi (yol nəqliyyat hadisəsi) törətmiş, bu hərəkətləri nəticəsində o, iki avtomobilə zərər vurmuşdur. Sığorta hadisəsi baş verən vaxt cavabdehin Sığortalanmış avtomobili idarə etmək hüququ olmamışdır. İddiaçı tərəfindən zərər dəymiş avtomobillərin təmiri üçün, ümumilikdə 4363,2 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zəfələnmiş avtomobillərin sahiblərinə ödənilmişdir.

31. Həmçinin, cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə xx.xx.2017-ci il tarixdə KYP 88289 saylı inzibati tənbeh vermə haqqında protokol-qərarla İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.

32. Şərh edilənlərdən də göründüyü kimi, Sığortalanmış avtomobillə yol nəqliyat hadisəsi törədərək iki fiziki şəxsə dəymiş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından iddiaçının ödənilmiş sığorta ödənişi həcmində subroqasiya hüququ yaranmışdır.

33. Lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir (§ 15).

34. İş materiallarında olan sığorta ödənişlərinin ödənilməsi barədə qəbzlərlə müəyyən edilir ki, “Mercedes Benz E270” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə hesablanmış 1383,2 manat sığorta ödənişi xx.xx.2017-ci il tarixdə, “Hyundai Accent” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə hesablanmış 2980 manat sığorta ödənişi isə xx.xx.2017-ci il tarixdə zərərçəkmiş fiziki şəxslərə ödənilmişdir.

35. Yuxarıda qeyd edilən müddəalarda iddia müddətinin anlayışı, habelə iddia müddətinin axımının başlanması anı dəqiq göstərilmişdir. Qanunun tələbinə görə müqavilə tələbləri üzrə iddia müddətinin üç il olması, habelə iddia müddətinin axımının isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması müəyyən edilmişdir (§ 16 və 18).

36. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında icbari sığorta müqaviləsi bağlanmış, cavabdehə məxsus Sığortalanmış avtomobil xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, 1 il müddətinə sığortalanmış və bu barədə cavabdehə sığorta şəhadətnaməsi verilmişdir. Qanunvericiliyin müəyyən etdiyi qaydaya əsasən sığorta şəhadətnaməsinin verilməsi sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd kimi təsbit edilmişdir. Bu hüququ əsas həm Mülki Məcəllədə, həm də “İcrabi sığortalar haqqında” AR Qanununda nəzərədə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 899.1.2-ci maddəsində qeyd edilir ki, sığorta müqaviləsi müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə yazılı formada bağlanır. Eləcə də, “İcrabi sığortalar haqqında” AR Qanununun 9.1-ci maddəsində deyilir ki, icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.

37. İddia müddətinin axımının başlanması vaxtına münasibətdə isə məhkəmə hesab edir ki, bu müddətin axımı avtomobillərinə zərər dəymiş fiziki şəxslərə iddiaçı tərəfindən sığorta ödənişlərinin ödənildiyi vaxtdan, yəni bir sığorta ödənişi üzrə xx.xx.2017-ci il tarixdən, digər sığorta ödənişi üzrə isə xx.xx.2017-ci il tarixdən başlanmışdır, çünki iddiaçının subroqasiya hüququ məhz həmin tarixdən sonra yaranmış və iddiaçı hüququnun pozulduğunu da müvafiq olaraq elə həmin vaxtlardan bilmişdir.

38. Bu halda iddiaçı, müvafiq olaraq xx.xx.2020 və xx.xx.2020-ci ilədək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə sığorta müqaviləsi bağlanmışdır, iddiaçı isə həmin sığorta müqaviləsi üzrə ödədiyi sığorta ödənişini hazırda müqavilə tərəfi olmuş cavabdehin özündən tələb edir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

40. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia müddətini ötürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia təmin edilə bilməz.

41. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia müddətinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün də hüquqi əsas mövcuddur. Belə ki, qanunvericilikdə iddia müddətinin tətbiqinin, bu barədə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında mümkün olduğu göstərilmişdir (§ 17 ).

42. Cavabdehlər xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər .

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar