Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2131/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh Əbubəkr oğluna qarşı “debitor borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh **********02090 saylı abonent kodu üzrə qeydiyyata alınmışdır.
2. Cavabdehin adına olan abonent saldosunun “sərfin məbləği” bölməsində onun təbii qazdan istifadəyə görə sərfiyyat borcu 2023-cü ilin oktyabr-dekabr ayları üzrə 377,85 manat, 2023-cü il üzrə 555,30 manat, 2024-cü il üzrə isə 504,21 manat (hesabat aparılan dövr üzrə cəmi 1437,36 manat) göstərilmişdir.
3. Bundan başqa, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1611/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının “dbitor borcun tutulması” barədə iddiası təmin edilərək cvabdehdən iddiamının xeyrinə 1331,40 manat pulun tutulması qət edilmişdir (həmin qətnamə 2022-ci ilin sentyabrınadək ödənilməmiş debitor borcun tutulması barədə olmuşdur).
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı sayğac göstəricisinə görə aparılmış hesbata görə 1284,91 manat pulun və 32,85 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1318,16 manat pulun cavabdehdən onun xeyrinə tutulması (bank hesabları: ABB Kod 8051700, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında xx.xx.2022-ci il tarixində 152579 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında iddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam ödənilməmişdir. Cavabdehin **********02090 nömrəli hesabında ödənilməmiş 2616,31 manat borc yaranmış, həmin borc məbləğinin xx.xx.2022-ci tarixə olan ödənilməmiş 1331,4 manat hissəsinin tutulması barədə 2022-ci ilin avqust ayında iddia qaldırılmış və Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1611/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda tələb olunan 1284,91 manat borc isə xx.xx.2022-ci il tarixdən sonrakı dövr ərzində yaranan borc məbləğidir. Tələb olunan 1284,91 manat borc sayğac göstəricisinə əsasən yaranmış borcdur.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçıya borcunun olduğunu bilir. Borcunu ödəməmsinin səbəbi maddi vəziyyəti ilə bağlıdır. Tələb olunan borcun birdəfəlik ödəyə bilmir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
11. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
12. Maddə 5.2 Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı quraşdırılmış, cavabdeh tərəfindən istifadə olunmuş təbii qaz sərf olunsa da, onun dəyəri tam ödənilməmişdir.
20. Məhkəmə hesab edir ki, cavabdeh istifadə etdiyi təbii qazın həcminə uyğun ödənişləri etməyə borclu olduğundan və cavabdeh tərəfindən istifadə etdiyi təbii qaza görə sərfiyyat borcu tam ödənilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
21. Belə ki, həm iddia ərizəsində qeyd olunanlar əsasında, həm də iş materiallarındakı cavabdehin adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsindəki məlumatlar əsasında müəyyən edilir ki, cavabdehin 2022-ci ilin oktyabrdekabr ayları üzrə təbii qazdan istifadəyə görə sərfiyyatı 377,85 manat, ödənişi 0, 2023-cü il üzrə təbii qazdan istifadəyə görə sərfiyyatı 555,30 manat, ödənişi 10 manat və 2024-cü il üzrə isə təbii qazdan istifadəyə görə sərfiyyatı 504,21 manat, ödənişi isə 1 manat olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmaqla təbii qazdan istifadəyə görə yaranmış borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçının ödədiyi dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməklə əlavə xərc çəkmişdir.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 1284,91 manat məbləğində debitor borc, 32,85 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh Əbubəkr oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ödənilsin (ABB, kod: 8051700, Azəriqaz İB VÖEN **********, M/H AZ03NABZ********************, S.W.İ.F.T. İBAZAZ2X, İBAN: AZ95İBAZ**********4********) bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı