Məhkəmə qərarları › İş №e-2(011)-2137/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2137/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2137/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən HP markalı notebook üçün 2.377,80 manat ödənilməmiş hissə, 554.20 manat dəbbə pulu; 25 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən Samsung TV, LG qapyuyan üçün 3.927,60 manat ödənilməmiş hissə, 915.40 manat dəbbə pulu olmaqla, ümumilikdə 7775 manat borc və 97.75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23 noyabr 2020-ci və 25 noyabr 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh HP notebook, Samsung TV, LG qabyuyan almış və nəticədə 7.775 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 23 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.716,80 manat olan HP markalı notebook üçün ümumilikdə 2.932 manat olmaqla, 2.377,80 manat ödənilməmiş hissə, 554.20 manat cərimə pulu borcu; 25 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 4.777,60 manat olan Samsung TV, LG qabyuyan üçün ümumilikdə 4.843 manat olmaqla, 3.927,60 manat ödənilməmiş hissə, 915.40 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.189 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23 noyabr 2020-ci və 25 noyabr 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh HP notebook, Samsung TV, LG qabyuyan almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 10 fevral 2022-ci il tarixə onun cəmi 7.775 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarında olan 11 mart 2016-cı il tarixli vəsiqədən görünür ki, iş üzrə Cavabdeh birinci qrup əlildir. Məhkəmə hazırkı iş üzrə Cavabdeh birinci qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, 23 noyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 554.20 manat dəbbə məbləği azaldılaraq 50 manat məbləğində, 25 noyabr 2020-ci il tarixli müqavilə üzrə 915.40 manat dəbbə məbləği azaldılaraq 90 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 23 noyabr 2020ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 2.377,80 manat, dəbbə pulu 50 manat, 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 3.927,60 manat əsas, dəbbə pulu 90 manat olmaqla, ümumilikdə 6.445,40 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 97.75 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh birinci qrup əlil olduğundan və qanunvericiliyə əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 23 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 2.377,80 (iki min üç yüz yetmiş yeddi manat səksən qəpik) manat, dəbbə pulu 50 (əlli) manat, 25 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 3.927,60 (üç min doqquz yüz iyirmi yeddi manat altmış qəpik) manat, dəbbə pulu 90 (doxsan) manat olmaqla, ümumilikdə 6.445,40 (altı min dörd yüz qırx beş manat qırx qəpik) manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş 97.75 (doxsan yeddi manat yetmiş beş qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar